Məhkəmə qərarları › İş №e-2(019)-1204/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1204/2023

28.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1204/2023 28.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il doğumlu X6 və xx.xx.2016-cı il doğumlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs1 Ərizəçi xeyrinə hər ay hər uşaq üçün 180 (yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023cü il tarixli MŞŞ/MTO 18/2023 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 ilə 2012-ci ilin oktyabr ayının 23-də qeyri-rəsmi nikahla evlənmişlər. Nikahlarını 18 iyun 2013-cü ildə Balakən rayon Qeydiyyat şöbəsində 110 sayla rəsmiləşdirmişlər. Onunla evliliyindən 05 iyul 2016-cı il tarixdə Məhəmməd, xx.xx.2020-ci ildə isə Mələk adında iki uşaqları olmuşdur. Maraqlı şəxs1 ilə evləndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi və ailə məişət problemləri səbəbindən 2022-ci ilin sentyabr ayında ayrılmışlar. Maraqlı şəxs1 ilə nikahlarının pozulması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmişdir. Maraqlı şəxs1 ilə aralarında barışıq sazişi bağlanmışdır. Belə ki, onlar nikahın pozulmasına, uşaqların onun himayəsində saxlanmasına, hər uşaq üçün hər ay 180 manat alimentin ödənilməsinə razılaşmışlar. Buna görə də mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Belə ki, mediasiya prosesində tərəflər Ərizəçi və Maraqlı şəxs1 aralarında bağlanmış nikahın pozulmasına razılaşdılar, birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X6 və xx.xx.2016- cı il doğumlu X1 himayəsinin ana Ərizəçi verilməsinə ata Maraqlı şəxs1 razılaşdı, birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X6 və xx.xx.2016-cı il doğumlu X1 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 180 AZN olmasına hər iki tərəf Ərizəçi və Maraqlı şəxs1 razılaşdılar, birgə nikahdan dünyaya gələn hər iki uşaq xx.xx.2020-ci il doğumlu X6 və xx.xx.2016-cı il doğumlu X1 atayla ünsiyyətinə şənbə və bazar günləri saat 10.00-dan 20.00-dək olmağına hər iki tərəf-Ərizəçi və Maraqlı şəxs1 razılaşdılar Lakin Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini tam olaraq pozur və xx.xx.2020-ci il doğumlu X6 və xx.xx.2016-cı il doğumlu X1 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinin, yəni hər ay hər bir uşaq üçün 180 AZN, cəmi 360 AZN məbləğin Ərizəçi ödənilməsini təmin etməkdən imtina etdiyini bildirmişdir. Maraqlı şəxs Ərizəçi barışıq sazişi bağlandığı vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 iyun 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 837308 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 ilə X2 arasında nikah Balakən rayon rayon Qeydiyyat Şöbəsində 18 iyun 2013-cü il tarixdə 110 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən 22 iyul 2016-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 903685 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 05 iyul 2016-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 450520 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-899/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında Balakən rayon Qeydiyyat Şöbəsində 18 iyun 2013-cü il tarixdə 110 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1. tərəflər Mediasiya sessiyasi zamanı tam Mediasiya sessiyasina keçərək Mübahisə predmeti üzrə bu şərtlərlə razılasdilar ki :2. Nigahin Pozulması - Tərəflər Ərizəçi və Əliyev X3 rayon Qeydiyyat Şöbəsində AZ-İ N - 837308 nömrəli nikahin pozulmasina hər iki tərəf razılaşdılar 3. Uşağin himayəsi - Birgə nigahdan dünyaya gələn xx.xx.2020 doğumlu X6 və xx.xx.2016 doğumlu X1 himayəsinin ana Ərizəçi verilməsinə ata Maraqlı şəxs1 razılaşdı. 4. Aliment tələbi - Birgə nikahdan dünyaya gələn xx.xx.2020 doğumlu X6 və xx.xx.2016 doğumlu X1 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 180 AZN (yüz səksan manat) olmağina hər iki tərəflər Ərizəçi və Maraqlı şəxs1 razılaşdılar. Aliment məbləğinin ödəniş qaydası Kart vasitəsi ilə nəğdsiz olaraq **********185604 hər ay bu karta ödəniləcək. 5. Atayla ünsiyyət - Birgə nikahdan dünyaya gələn hər iki uşaq 18. 05.2020 doğumlu X6 və xx.xx.2016 doğumlu X1 atayla ünsiyyətinə şənbə və bazar günləri 10-00 dan 20-00 dək olmağina hər ki tərəf Ərizəçi və Maraqlı şəxs1 razılaşdılar. Vaxt intervalı hər iki günə aiddir. İş materiallarından həmçinin görünür ki, ərizəçi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə 2012-ci ilin oktyabr ayının 23-də qeyri-rəsmi nikahla evlənmişlər. Nikahlarını 18 iyun 2013-cü ildə Balakən rayon Qeydiyyat şöbəsində 110 sayla rəsmiləşdirmişlər. Onların evliliyindən 05 iyul 2016-cı il tarixdə Məhəmməd, xx.xx.2020-ci ildə isə Mələk adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(019)-899/2023 saylı qətnaməsinə əsasən iddia təmin olunmuş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında Balakən rayon Qeydiyyat Şöbəsində 18 iyun 2013-cü il tarixdə 110 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs1 hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment ödəməsi və 05 iyul 2016-cı ildə anadan olmuş X5 və xx.xx.2020-ci ildə anadan olmuş X6 ilə atası Maraqlı şəxs1 hər həftənin bazar günü saat 10:00-dan 20:00dək ünsiyyətdə olmasına ilə bağlı razılığa gəlmiş və bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə MŞŞ/MT018/2023 nömrə ilə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi üçün Maraqlı şəxs1 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə MŞŞ/MT018/2023 nömrə ilə bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs1 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar