Məhkəmə qərarları › İş №e-2(019)-1474/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1474/2025

26.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1474/2025 26.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında 28 avqust 2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək birgə nigahdan əldə olunmuş əmlakın bölünməsi - cavabdeh Maraqlı şəxs1 qeydiyyatında olan 0,12 ha torpaq sahəsinin 0,6 ha hissəsini 6720 manat aliment borcun əvəzində ona verilməsinə razılaşmışdır və müvafiq orqan qarşısında lazımi notarial hərəkətlərin edilməsinin öz öhdəsinə götürülməsinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Maraqlı şəxs1 ilə birgə nikahından 03 yanvar 2011ci ildə Faiq adında bir övladı olmuşdur. Maraqlı şəxs1 ilə evləndikləri ilk vaxtlardan ailə münasibətləri heç də yaxşı olmamışdır. O, 2022-ci ildə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-299/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından 03 yanvar 2011-ci ildə doğulmuş X2 onun yanında saxlanılmış həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs1 hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Aralarında mediasiyada aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır. Birgə nikahdan əldə olunmuş əmlakın bölünməsi - Tərəflər - iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs1 birgə nikahdan əldə olunan Əmlak mübahisəsi üzrə razılığa gələrək saziş bağladılar. Mediasiya sazişinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestrində **********99 nömrəsi ilə qeydiyyata alınmış 0.12 ha torpaq sahəsinin Maraqlı şəxs1 0.06 ha hissəsini hal-hazırkı tarixdən ödənilməli olan 6720 manat aliment borcunun əvəzində Ərizəçi verilməsinə razılaşdı və müvafiq orqan qarşısında lazımi notariat hərəkətlərinin (Maraqlı şəxs1 mülkiyyətindən çıxarılmasına, digər şəxsin-Ərizəçi mülkiyyətinə keçirilməsini) edilməsini öz öhdəsinə götürdü. X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin əvəzində Ərizəçi 2000 manat qəbul etdi və tərəflər hər ikisi bu məbləğlə könüllü olaraq razılaşdı. Barışıq sazişi hal hazırki tarixədək icra olunmamışdır. Mediasiya prosesində 260 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixdə 100 manat məhkəmə rüsumu ödəmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs1 birgə nikahdan əldə olunan Əmlak mübahisəsi üzrə razılığa gələrək saziş bağladılar. Mediasiya sazişinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestrində **********99 nömrəsi ilə qeydiyyata alınmış 0.12 ha torpaq sahəsinin Maraqlı şəxs1 0.06 ha hissəsini halhazırkı tarixdən ödənilməli olan 6720 manat aliment borcunun əvəzində Ərizəçi verilməsinə razılaşdı və müvafiq orqan qarşısında lazımi notariat hərəkətlərinin (Maraqlı şəxs1 mülkiyyətindən çıxarılmasına, digər şəxsin-Ərizəçi mülkiyyətinə keçirilməsini) edilməsini öz öhdəsinə götürdü. X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin əvəzində Ərizəçi 2000 manat qəbul etdi və tərəflər hər ikisi bu məbləğlə könüllü olaraq razılaşdı. Balakən Rayon Məhkəməsinin e-2(019)-299/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında xx.xx.2010cu ildə Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 41 nömrə ilə qeydə alınmış nikah pozulmuş; nikah pozularkən tərəflərin birgə nikahından 03 yanvar 2011ci ildə doğulmuş X2 ana Ərizəçi yanında saxlanılması, ərizənin verildiyi 09 fevral 2022-ci il tarixdən başlayaraq 03 yanvar 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs1 hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Ərizəçi ödənilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********99 olan, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları Maraqlı şəxs1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində Daşınmaz Əmlakın Dövlət reyestrində **********99 nömrəsi ilə qeydiyyata alınmış 0.12 ha torpaq sahəsinin Maraqlı şəxs1 0.06 ha hissəsini hal-hazırkı tarixdən ödənilməli olan 6720 manat aliment borcunun əvəzində Ərizəçi verilməsinə razılaşmış və müvafiq orqan qarşısında lazımi notariat hərəkətlərinin (Maraqlı şəxs1 mülkiyyətindən çıxarılmasına, digər şəxsin-Ərizəçi mülkiyyətinə keçirilməsini) edilməsini öz öhdəsinə götürmüş və bu barədə tərəflər arasında xx.xx.2025-ci il tarixli MŞB/MT-056-00117 saylı barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Daşınmaz Əmlakın Dövlət reyestrində **********99 nömrəsi ilə qeydiyyata alınmış Maraqlı şəxs1 məxsus 0,12 ha torpaq sahəsinin 0,6 ha hissəsini 6720 manat aliment borcunun əvəzində Ərizəçi verilməsinə və müvafiq orqan qarşısında lazımi notariat hərəkətlərinin (Maraqlı şəxs1 mülkiyyətindən çıxarılmasına, digər şəxsin Ərizəçi mülkiyyətinə keçirilməsini) edilməsini öz öhdəsinə götürməsinə dair xx.xx.2025-ci il tarixli MŞB/MT-056-00117 saylı barışıq sazişi təsdiq edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/MT-056-00117 saylı barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: Maraqlı şəxs1 Daşınmaz Əmlakın Dövlət reyestrində **********99 nömrəsi ilə qeydiyyata alınmış 0,12 ha torpaq sahəsinin 0,6 ha hissəsini 6720 manat aliment borcunun əvəzində Ərizəçi verilməsinə razılaşdı və müvafiq orqan qarşısında lazımi notariat hərəkətlərinin (Maraqlı şəxs1 mülkiyyətindən çıxarılmasına, digər şəxsin Ərizəçi mülkiyyətinə keçirilməsini) edilməsini öz öhdəsinə götürdü. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar