Məhkəmə qərarları › İş №e-2(019)-785/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-785/2022

08.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-785/2022 08.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2037 (iki min otuz yeddi) manat məbləğində pulun və ödənilmiş 40.37 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi və iki uşağı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün qazanc məqsədi ilə 2021-ci ilin payız fəslində xurma məhsulunu yığaraq öz yaşadığı evdə istixana düzəldərək yaxınlarının köməkliyi ilə xurma məhsulunu soyub qurutmuş və şəriki Şahid ilə birlikdə 2021-ci ilin sonunadək cəmi 8 ton 533 kq xurma qurusu satmışdır. Hazırladığı xurma qurusunun satışını əsasən Habil, Arzu və Məhəmməd adlı şəxslərlə etmişdir. Onlar malı ondan götürərkən nəğd şəkildə və nisyə olmaqla götürmüşlər. Malların böyük həcmdə hissəsini 7 ton 930 kiloqramını Cavabdeh götürmüşdür. Çox vaxt nisiyə almış və 3-4 gündən malı satıb ona borclu olan hissəsini qaytarmışdır. Cavabdehla danışığı Zakir aparmış.o da pulu Zakirə vermişdir. Sonuncu dəfə cavabdehin 2021-ci ilin noyabr ayı üçün apardığı maldan 317 manat qalığı qalmış və bundan sonra dekabr ayının ilk on günlüyündə ayrı-ayrı vaxtlarda (310kq+300kq+280kq+66kq =956kq) cəmi 956 kq mal aparmışdır. Cavabdeh qalıq qalan 317 manatla birlikdə sonuncu dəfə apardığı 956 kq malın pulunu verməmişdir. Xurma qurusunun 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün bazar satış qiyməti 1.80 (bir manat səksən qəpik) manat olmuşdur.Xurma qurusunun bazar qiyməti 1.80 manatdır və cavabdehin ondan götürdüyü 956 kq xurma və onun əvvəldən qalıq qalmış 317 manat borcu 956*1.80=1720m+317m=2037 manat təşkil edir. Həmin pulun 1018 manatı ona, 1018 manatı isə şəriki Şahid çatmalıdır. Dəfələrlə Cavabdeh ona borclu olan 2037 manat pulu qaytarmasını tələb etmiş, Habil əvvəlcə borclu olduğu 2037 manatı qaytaracağını bildirsə də sonradan həmin pulu verməkdən imtina etmişdir. Səbəb onu göstərmişdir ki, guya ona verəcəyi 2037 manat pulu şəriyi Şahid vermişdir.Lakin, Şahid ona Cavabdeh tərəfindən sonuncu qalıq borcu olan 2037 manatın verilmədiyini bildirmişdir. Buna görə də 2022-ci ilin mart ayında Balakən RPŞ-nə şikayət etmiş, Balakən RPŞ-də bu hal araşdırılmışdır. Nəticə olaraq ona xx.xx.2022-ci il tarixdə 109-7928K-3222 nömrəli məktub ünvanlanmış və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, o, 2021-ci ildə Balakən rayon sakini Şahid ilə xurma qurusunun satışını etmişlər. Yəni Zakir xurma qurusunu ona satmış,o da da xurmanın kiloqramını 1,80 manatdan alıb yenidən satmışdır. O, aldığı xurma qurusu və verdiyi pulları öz dəftərində qeyd etmişdir. O,Zakirdən nə qədər xurma almışdırsa hamısının pulunu ödəmişdir. Sonuncu dəfə Zakir ilə onun yaşadığı evin alt mərtəbəsində görüşmüşlər. Zakir ona bildirmişdir ki, “sənin mənə 2037 manat borcun vardır”. O.Zakirə bildirmişdir ki, onun heç bir borcu yoxdur.O, aldığı xurma qurusunun əvəzinə Zakirə müxtəlif vaxtlarda 400 manat, 250 manat,1880 manat 400 manat,100 manat, 600 manat, 100 manat, 200 manat, 1000 manat, 500 manat, 300 manat, 400 manat, 378 manat, 655 manat, 423 manat, 234 manat, 760 manat, 468 manat, 116 manat , 550 manat, 648 manat, 450 manat, 124 manat, 180 manat, 105 manat, 118 manat ,ümumilikdə 11339 manat pul ödəmişdir. Onun Zakirə, nə də Elvinə heç bir borcu yoxdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, İddiaçı ilə xurma qurudub satırlar. Cavabdeh tanıyır, Habil ondan xurma alıb satmışdır. Bəzi vaxtlar Habil ondan xurmanı nisyə götürmüş, satıb pulunu vermişdir. Həmçinin Habilin ona borclu qaldığı vaxtlar da olmuşdur.2021-ci ilin dekabr ayında Elvinin yoldaşı ona bildirmişdir ki, Habil ona demişdir ki, onlara borcu qalmamışdır. O,Habilə zəng etmiş və Habilə Elvinin arvadına ona borcu olmadığını dediyini, onun 2037 manat borcu olduğunu demişdir. Həmin vaxt Habil ona evlərinə gəlməyini, “aşot-uşot” etməklərini bildirmişdir. O,axşam Habilin yaşadığı evə getmişdir. Habil arvadı ilə əlində dəftər çıxaraq ona 1659 manat borcu olduğunu demişdir. O,Habilə 2037 manat borcu olmadığına gedib and içməklərini bildirmişdir. Bu zaman Habil 378 manat pulu Elvinə verdiyini və bir daha ona 1659 manat borcu olduğunu demişdir. Bundan sonra o oradan getmişdir. Səhəri günü o Məhəmməd adlı tanışına Habilə zəng etməsini xahiş etmiş və pulunun heç olmasa 1000 manatını verməsini deməyini xahiş etmişdir. Həmin vaxt Məhəmməd Habilə zəng etmiş və onun dediklərini Habilə demişdir. Bu zaman Habil heç bir borcunun olmamasını demişdir. Həmin gün axşam isə şəriki olan Elvin özündə olan dəftəri aparıb Habilin yanına getmişdir. Habil yenə də borcunun olmadığını bildirmişdir. Buna görə də o Polis Şöbəsinə şikayət etmişdir.Orada isə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 04 aprel 2022-ci il tarixli 109-7928K-3222 nömrəli məktubda göstərilmişdir ki: “xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-nə etdiyiniz müraciət tərəfimizdən araşdırılmışdır. Həmin müraciətinizdə göstərdiyiniz xüsusatlar məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan bu barədə aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur.” İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Polis Şöbəsinin CABin baş əməliyyat müvəkkili, polis mayoru V. Bayramovun Balakən rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Gündüz Məcidova ünvanladığı raportda göstərilmişdir ki, “məruzə edirəm ki, xx.xx.2022-ci il tarixdə Balakən şəhər sakini Kərimov X3 RPŞ-nə ərizə ilə müraciət edərək Balakən rayonu Hənifə kənd sakini Cavabdeh qurudulmuş xurma satdığını, pulunu tam ala bilmədiyini ona və şəriyi Şahid cəmi 2037 (iki min otuz yedd) manat borcu olduğunu bildirmişdir. Ərizə ilə bağlı tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Balakən şəhər sakini İddiaçı müraciətində göstərilən xüsusatlar məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir və bu barədə aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etməsi izah olunmuşdur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla vətəndaş Şahid şikayəti əsasında araşdırması aparılan HK-1-993 nömrəli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən Rayon prokuroruna göndərilməsi qərara alinmışdır. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 2021-ci ilin payızında xurma məhsulunu yığaraq öz yaşadığı evdə istixana düzəldərək yaxınlarının köməkliyi ilə xurma məhsulunu soyub qurutmuş və Şahid ilə birlikdə həmin xurma qurusu satmışdır. Həmin xurma qurusunun bir hissəsini Şahid kiloqramını 1,80 manata Cavabdeh nəğd və nisyə qaydada satmışdır. 2021-ci ilin dekabr ayında xurmanın dəyərinin ödənməsi ilə bağlı Şahid ilə Cavabdeh arasında mübahisə yaranmış, Şahid Habilin ona 2037 manat borcu olduğunu bildirmiş, sonuncu isə borcunun olmadığını demişdir.Şahid xx.xx.2021-ci il tarixdə ərizə ilə Balakən rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh ona nisyə satdığı xurmaya görə 2037 manat borcu olduğunu göstərərək ona dəymiş ziyanın ödənməsinə kömək edilməsini xahiş etmişdir. Balakən rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Tural Mahatovun 10 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra İddiaçı 30 mart 2022-ci il tarixdə Balakən rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh qurudulmuş xurma satdığını, pulunu tam ala bilmədiyini,ona və şəriki Şahid cəmi 2037 manat borcu olduğunu göstərərək ona dəymiş ziyanın ödənməsinə kömək edilməsini xahiş etmişdir. Balakən rayon Polis Şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı Kərimov X2 Zakir Qoca oğlu ilə şərik olduğunu, 7 ton 930 kiloqram qurudulmuş xurmanı Cavabdeh verdiyini, Cavabdeh onlara 2037 manat borcu olduğunu göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında quru xurmanın alqı-satqısı ilə bağlı heç bir müqavilə olmamış, Cavabdeh xurma qurusunu Şahid almış, pulu da ona ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar