Məhkəmə qərarları › İş №e-2(019)-879/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-879/2022

19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-879/2022 19.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Şəhəri Mərkəzi Kolxoz Bazarı MMC S.Gözəlov küçəsində yerləşən qeyri-yaşayış binasımağazaya mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri S. Gözəlov küçəsində yerləşən 35 il faktiki mülkiyyətçi kimi sahiblik və istifadə hüququ əsasında fasiləsiz və etirazsız sahiblik etmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydaında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə daşınmaz əmlaka, o cümlədən qeyriyaşayış binasına mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Daşınmaz əmlakla bağlı hüquqların qeydiyyatı isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin ərazi idarələri tərəfindən həyata keçirilir. Qanunvericilikdə məhkəmələr tərəfindən daşınmaz əmlakla bağlı hüquqların tanınaraq qeydiyyata alınması nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, Balakən şəhəri S. Gözəlov küçəsində yerləşən 35 il faktiki mülkiyyətçi kimi sahiblik və istifadə hüququ əsasında fasiləsiz və etirazsız sahiblik etmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmiş şəxsin həmin əmlaka mülkiyyət hüquqlarının tanınaraq qeydə alınması məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmalı olduğundan, həmin məsələyə məhkəmə qaydasında baxılmalı deyildir. Qeyd olunanlara əsasən, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən şəhəri S. Gözəlov küçəsində yerləşən 35 il faktiki mülkiyyətçi kimi sahiblik və istifadə hüququ əsasında fasiləsiz və etirazsız sahiblik etmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilməli, İddiaçı Balakən şəhəri S. Gözəlov küçəsində yerləşən 35 il faktiki mülkiyyətçi kimi sahiblik və istifadə hüququ əsasında fasiləsiz və etirazsız sahiblik etmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması və qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən şəhəri S. Gözəlov küçəsində yerləşən 35 il faktiki mülkiyyətçi kimi sahiblik və istifadə hüququ əsasında fasiləsiz və etirazsız sahiblik etmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; İddiaçı Balakən şəhəri S. Gözəlov küçəsində yerləşən 35 il faktiki mülkiyyətçi kimi sahiblik və istifadə hüququ əsasında fasiləsiz və etirazsız sahiblik etmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması və qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar