Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-924/2023 18.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsində təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Asan xidmət mərkəzəində xx.xx.2023-cü ildə imzalanmış barışıq sazişinin təsdq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Balakən rayonu Asan xidmət mərkəzində xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 ilə aralarında bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs1 ilə nikahlarını 25 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 163 nömrə ilə qeydiyyata aldırmaqla ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)- 48/2017 saylı, 07 mart 2017-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs1 ilə 25 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində 163 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X2 onun yanında qalması və Maraqlı şəxs1 hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Cavabdehlə aralarında olan mübahisə mediasiya vasitəsi ilə həll olunub və Maraqlı şəxs1 aliment məbləğinin 220 manat təyin edilməsinə razılaşıb. Bu barədə tərəflər arasında barışıq sazişi bağlanmışdır. Hazırda Maraqlı şəxs1 barışıq sazişini icra etməkdən imtina edir. Bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qızı orta məktəbdə təhsil alır, onun xərcləri artıb, o, onun aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslər Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 avqust 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 492289 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X7 01 avqust 2010-cu il tarixdə anadan olmuş, atası Maraqlı şəxs1, anası X10 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(019)-48/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin olunmuş,iddiaçı Maraqlı şəxs1 ilə X10 arasında bağlanmış 25 iyul 2009-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbbəsində 163 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşaqları 01 avqust 2010-cu il tarixdə doğulmuş X2 anası X4 yanında qalması, 11 oktyabr 2017-ci il tarixdən başlayaraq 01 avqust 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs1 hər ay 100 (bir yüz) manat sabit pul məbləğəində alimentin tutulub cavabdeh X5 verilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya zamanı tərəflər mediasiya sessiyası zamanı tam Mediasiya sessiyasına keçərək mübahisə predmeti üzrə bu şərtlərlə razılaşdılar ki;1. Alimentin artırılması-Tərəflər alimentin artırılması mübahisəsində Mediaysiya Sessiyasına keçərək razılığa gəldilər ki, birgə nikahdan dünyaya gələn X2 baxılması üçün aliiment məbləğinin artırılaraq hər ay 220 azn (iki yüz iyirmi manat) olmasına tərəflər razılaşdılar,ata X8 hər ay ana Ərizəçi həmin aliment məbləğini ödəyəcəyini öhdəlik götürərək Saziş bağladılar. 2. Atayla ünsiyyət-Tərəflər atayla ünsiyyət mübahisəsində Mediasiyasessiyasına keçərək razılığa gəldilər ki, birgə nikahdan dünyaya gələn X2 atasıyla ünsiyyətinə hər iki tərəf razılaşdılar hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək olmasına qərar verərək Sazişi imzaladılar. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə 25 iyul 2005-ci il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 163 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə X7 anadan olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 mart 2017-cü il tarixli 2(019)- 48/2017 nömrəli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, birgə nikahdan olan uşağın ərizəçinin yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat alimentin Maraqlı şəxs1 Yusif oğlundan tutulması qət edilmişdir. Tərəflər arasında mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişinə əsasən Maraqlı şəxs1 və Ərizəçi alimentin miqdarının artırılmasında razılığa gəlmiş; birgə nikahdan doğulmuş X2 baxılması üçün aliment məbləğinin artırılaraq hər ay 220 AZN (iki yüz iyirmi manat) olmasına, ata X3 hər ay ana Ərizəçi həmin aliment məbləğini ödəyəcəyinə öhdəlik götürərək saziş bağlamış, həmçinin uşaqla ünsiyyətin vaxtı ilə bağlı razılığa gəlmişlər. Lakin Maraqlı şəxs1 alimentin artırılması hissəsində barışıq sazişinin şərtlərini pozmuş, barışıq sazişinin alimentin artırılması hissəsində göstərilən tələbi icra etməmiş, bununla bağlı barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, maraqlı şəxs X6 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPMnin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdhelərdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, maraqlı şəxs X1 işdə olan mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilənin tərəfi olaraq 100 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə MŞŞ/MT018/2023-01064 nömrə ilə bağlanmış barışıq sazişi alimentin artırılması hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 234.2.1, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə MŞŞ/MT018/2023-01064 nömrə ilə bağlanmış barışıq sazişi alimentin artırılması hissəsində təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-924/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-924/2023
18.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver