Məhkəmə qərarları › İş №e-2(019)-933/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-933/2022

13.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-933/2022 13.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs2 ilə 2005-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2006-cı ildə 251 sayla Balakən rayon VVADQ şöbəsində rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2006-cı ildə X2 adında uşaqları olmuşdur. O, cavabdeh Maraqlı şəxs2 ilə 2014-cü ildə ayrılmış, aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin Balakən Rayon Məhkəməsinin 2(019)-1044/2014 nömrəli qətnaməsinə əsasən bir uşağın saxlanması üçün hər ay 30 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Alimentin miqdarının artırılması ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs2 ilə aliment məbləğinin artırılaraq hər ay 120 manat miqdarında olmasına dair razılığa gəlmişlər və bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs2 hər ay üçün 120 manat aliment ödəməli idi. Lakin, cavabdeh Maraqlı şəxs2 barışıq sazişinin şərtlərini tam olaraq pozmuş və heç bir manat aliment ödənişi etməmişdir. Uşaqların maddi tələbatlarının ödənilməsinə kifayət qədər vəsait tələb olunmasına baxmayaraq, cavabdeh Maraqlı şəxs2 uşaqla maraqlanmır. Maraqlı şəxs2 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və mediator Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVADQ öbəsi tərəfindən 28 noyabr 2006-cı il tarixdə verilmiş AZ-İ nömrəli 868633 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 11 avqust 2006-cı ildə anadan olmuş, atası Maraqlı şəxs2, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli, 2(019)-1044/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, cavabdeh Maraqlı şəxs2 03 noyabr 2014-cü il tarixdən başalayaraq 11 avqust 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin tutulub, Ərizəçi verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs2 barışıq sazişi bağlayaraq alimentin artırılmasına razılaşdılar. Ata Maraqlı şəxs2 hər ay başlanğıcının ilk beş günlüyü ərzində 120 (yüz iyirmi manat) manat məbləğində aliment ödəməyə razılaşdılar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-19330 nömrəli protokoldan görünür ki, Ərizəçi və Maraqlı şəxs2 iştirakı ilə alimentin miqdarının artırılması tələbi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya prosesi həyata keçirilmiş, tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İş materiallarından həmçinin görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs2 ilə 2005-ci ilin may ayında qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 28 noyabr 2006-cı Balakən rayonu VVADQ Şöbəsində 251 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 11 avqust 2006-cı il tarixdə X2 adında bir uşaqları olmuşdur. 2014-cü ildə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli, 2(019)- 1044/2014 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 03 noyabr 2014-cü il tarixdən başalayaraq 11 avqust 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin tutulub, Ərizəçi verilməsi qət edilmişdir. Aliment miqdarının artırılması tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, mediasiya prosesində Maraqlı şəxs2 ilə X1 hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment ödəməsi ilə bağlı razılığa gəlmiş və bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi üçün Maraqlı şəxs2 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs2 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar