Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-934/2023 25.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Ərizəçi və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə aralarında bağlanmış,xx.xx.2023-cü il tarixli, MŞŞ\MT018\2023 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdeh Maraqlı şəxs1 ilə xx.xx.2017-ci il tarixdə el adəti ilə evlənmişdir.Nikahlarını xx.xx.2017-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 123 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X3 adında bir uşaqları doğulmuşdur. Evləndiyi ilk vaxtlarda Maraqlı şəxs1 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. O, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, iş məhkəmənin icraatındadır. Eyni zamanda Mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs1 hər ay bir uşaq üçün 190 manat alimentin verilməsinə razılaşmış, bu barədə xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023 nömrəli barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs1 iyul ayından hər ay 190 manat ödəməli olduğu halda, ona yalnız bir dəfə 100 manat ödəniş etmişdir. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, 2017-ci idə qeyri-rəsmi nikahla iddiaçı Ərizəçi ilə evlənmiş, nikahlarını xx.xx.2017-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci ildə X3 adında bir uşaqları olmuşdur.Aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Uşaq hazırda anasının himayəsindədir. Onlar arasında Medasiya prosesində uşağın saxlanması üçün hər ay 190 manat aliment ödəməsi barədə saziş bağlanmışdır. O,uşağın saxlanması üçün aliment ödəməkdən imtina etmir. İmkanı daxilində aliment ödəyəcəkdir. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 214621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 iyul 2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişindən göstərilmişdir ki, Ərizəçi və Maraqlı şəxs1 mediasiya sessiyasında iştirak etdilər.Sazişin nəticələri, 1.Nikahın pozulması-Tərəflər Ərizəçi və Maraqlı şəxs1 Balakən rayon qeydiyyat şöbəsində AZ-İİ 221648 qeydə alınmış nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2.Uşağın himayəsi-Birgə nikahdan dünyaya gələn X1 himayəsinin ana Ərizəçi verilməsinı hər iki tərəf Maraqlı şəxs1 və Ərizəçi razılaşdılar. 3.Aliment tələbi-Birgə nikahdan dünyaya gələn X1 yaşayış üçün nəzərdə tutulan aliment tələbinin hər ay 190 azn (yüz doxsan manat) olmasına hər iki tərəf Ərizəçi və Maraqlı şəxs1 razılaşdılar. 4.Atayla ünsiyyət-Birgə nikahdan dünyaya gələn X1 atayla ünsiyyət hüququnun təmin olunmasına hər iki tərəf X5 və Maraqlı şəxs1 razılaşaraq şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək olmağına qərar verdilər. Vaxt intervalı hər iki günə aiddir.
5. Cehiz tələbi-Ərizəçi məxsus cehiz tələbinə hər iki tərəf Ərizəçi və Maraqlı şəxs1 cehiz əşyalarının qaytarılmağına razılaşdılar. Məhkəmə Ərizəçi və Maraqlı şəxs1 izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə xx.xx.2017-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını xx.xx.2017-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 123 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə X3 adında bir uşaqları olmuşdur. Aliment məbləğinin müəyyən olunması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmişlər və bu barədə 07 iyul 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, nikahın pozulması, uşağın himayəsi, aliment tələbi, ata ilə ünsiyyət və cehiz tələbinə dair 07 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, barışıq sazişinin bağlandığı vaxtdan-07 iyul 2023-cü il tarixdən başlayaraq (ödənişlər nəzərə alınmaqla) hesablanmaqla xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər 190 manat məbləğində aliment tutularaq Ərizəçi verilməlidir.Qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ət etdi :
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, nikahın pozulması,uşağın himayəsi,aliment tələbi,ata ilə ünsiyyət və cehiz tələbinə dair 07 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 07 iyul 2023-cü il tarixli barışıq sazişinin bağlandığı gündən-07 iyul 2023-cü il tarixdən başlayaraq (ödənişlər nəzərə alınmaqla) xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov