Məhkəmə qərarları › İş №e-2(020)-141/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-141/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-141/2025 05.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mübariz oğlundan “Mercedes Benz E240” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3305 çü) min üç yüz beş) manat məbləğində ödənilmiş pulun və ödənilmiş 53.05manat dövlət rüsumunun və 0.42 manat bank ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh Mübariz oğlu tərəfindən ələ keçirilərək idarə olunan “Mercedes Benz C240” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E240” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 058511 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı “Mercedes Benz C240” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində icbari qaydada sığortalı olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində müəyyən edilmiş qiymətləndirmə aktına əsasən, “Mercedes Benz E240” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3305 (üç min üç yüz beş) manat məbləğində zərər dəymişdir. İddiaçı SŞ dəymiş zərərlə bağlı iş materiallarına əlavə edilmiş PRP**********992 saylı ödəniş tapşırığına əsasən “Mercedes Benz E240” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı Məmmədova Aygün Feruz qızına 3305 çü) min üç yüz beş) manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının xx.xx.2018-ci il tarixli iclasının 17 saylı protokoluna əsasən nəqliyyat vasitəsini ələ keçirərək idarə edən və hadisə zamanı azyaşlı olan Cavabdeh Mübariz oğlu sürücülük vəsiqəsi olmadan nəqliyyat vastəsini ələ keçirmiş və hadisə törətmişdir. Ayrıca Cavabdeh Mübariz oğlu vermiş olduğu izahatda “Mercedes Benz C240” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ələ keçirərək sürücülük vəsiqəsi olmadan idarə etdiyini göstərmişdir. Bu səbəbdən hesab edirlər ki, 3305 çü) min üç yüz beş) manat sığorta ödənişi Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsillə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərindən, mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta haqqında şəhadətnamə məlumatlarından görünür ki, “Mercedes Benz 240” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT170702799 nömrəli şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək icbari sığortalanmışdır Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyasının 2018-ci il 07 noyabr tarixli iclasının 17 saylı protokolundan görünür ki, yetkinlik yaşına çatmayan, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh xx.xx.2008-ci il tarixdə saat 09:00 radələrində Ə.Kürçaylı küçəsində “Mercedes Benz” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avomobillə “Merceds-Benz” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomaşını vurmaqla yol nəqliyyat hadisəsi törətdiyinə görə, bu cür halların bir daha baş verməməsi üçün ona xəbərdarlıq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 09 noyabr 2018-ci il tarixli arayışdan görünür ki, 04 oktyabr 2018-ci il tarixdə Cavabdeh etibarnamə və sürücülük vəsiqəsi olmadan Bakı şəhəri Nizami rayonu ərazisində X1 məxsus “Mercedes Benz” markalı, **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mercedes Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 07 dekabr 2018-ci il tarixli Hesabatdan görünür ki, “Mercedes Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinə 3305 manat zərər dəydiyi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 26 noyabr 2018-ci il tarixli, 058511 nömrəli sığorta aktından görünür ki, PAT170702799 №-li Sığorta şəhadətnaməsi ilə icbari sığortalanmış “Mercedes Benz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 oktyabr 2018ci il tarixdə yol-nəqliyyat hadisəsinin törədildiyi, “Mercedes Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3305 manat məbləğində zərərin vurulduğu və həmin məbləğin X2 ödənilməli olduğu göstərilmişdir. 07 dekabr 2018-ci il tarixli ödəniş tapşırığından və ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 3305 manat məbləğində sığorta ödənişi edilmişdir. 10 oktyabr 2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. 07 noyabr 2024-cü il tarixli, 68557613 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 53,05 manat məbləğində dövlət rüsumu və 0,42 manat məbləğində bank xidmət haqqı ödəmişdir. Beləliklə də, İddiaçı Sığorta Şirkəti ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 04 oktyabr 2018-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurduğu zərərlə əlaqədar iddiaçı tərəfindən 3305 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyindən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1104.1-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş cəmi 3305 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 53,05 manat dövlət rüsumu və 0,42 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3305 (üç min üç yüz beş) manat məbləğində sığorta ödənişi və 53,47 (əlli üç manat 47 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 3358,47 (üç min üç yüz əlli səkkiz manat 47 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar