Məhkəmə qərarları › İş №e-2(020)-590/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-590/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-590/2025 22.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızınım sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh onu aldadaraq 2400 manata satdığı faktiki olaraq 1 həftə sonra geri qaytardığı inəyə ödədiyi 2400 manat pulun və dövlət rüsumu kimi ödədiyi 45 manatın özünə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şəxslə o, əvvəllər tanış olmamışdır. Nə qohumluğu, nə də ədavəti olmayıbdır. xx.xx.2024-cü il tarixdə Füzuli rayonu Əmirzeydli kəndinə yaxın ərazidə fəaliyyət göstərən “Mal bazarı”nda onunla tanış olmuşdur. Belə ki, o, qardaşı X5 ilə həmin gün Füzuli rayonunun mal bazarına inək almaq məqsədi ilə getmişdilər. Həmin gün bazarı gəzib dolaşmışdılar, bir neçə inəklə maraqlandıqdan sonra, 3-cü qarına doğmuş, qara rəngli, şiş buynuzlu inəyi almaq məqsədi ilə onun sahibinə yaxınlaşmışdılar. İnəyin sahibi-cavabdeh Beyləqan rayonunun 1-ci Aşıqlı kənd sakini X1 özünü təqdim etmişdir. Onlar tanış olub qiymətdə ortaq məxrəcə gəlmişlər və o inəyi alaraq evə gətirmişdir. Onlar alqı-satqıda razılaşarkən cavabdeh onu əmin etdi ki, inək səhər-axşam, yəni ki, sutka ərzində 8 litr süd verir. O, inəyi evə gətirmiş, kifayət qədər yemləməsinə baxmayaraq inək gün ərzində 3-4 litrdən artıq süd verməmişdir. Bəlkə də bunu səbrlə gözləyib nəticənin artmasını gözləmək də olardı. Lakin, inəyin südündə qan ləkələri və bulanıqlıq aşkar etdiyindən əmin oldu ki, heyvanın yelini xəstədir və südündə artım olmayacaq. Bu o deməkdir ki, o alqı-satqı zamanı aldadılmışdır. Ona görə də növbəti bazar günü, yəni xx.xx.2024-cü il tarixdə qardaşı ilə o, Füzuli rayonunun Bala-Bəhmənli kənd sakini **- BF-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı yük avtomobilinin sürücüsü X2 maşını ilə inəyi aparıb Beyləqan rayonu 1-ci Aşıqlı kəndində cavabdehin özünə təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, öz izahatında göstərmişdir ki, o, İddiaçı 2400 manata inək satmış, lakin bir müddət keçdikdən sonra həmin inəyi gətirib özünə qaytarmışdır. İnək ona qaytarıldıqdan sonra o, inəyin müalicəsinə 800 manat məbləğində pul xərcləmiş, lakn inək tələf olmuşdur. Ona görə, o, yalnız həmin inəyə çəkilən xərci yəni 800 manat çıxıldıqdan sonra qalan pulu iddiaçıya ödəyə bilər Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı cavabdehdən 2400 manat müqabilində inək almış, lakin inək qüsurlu olduğu üçün cavabdehə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə- alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4-cü maddəsinə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. 609.1-ci maddəsinə əsasən, heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən, faydalı və damazlıq heyvanların satıldığı halda cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. 609.5-ci maddəsinə əsasən, qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. 611-ci maddəsinə əsasən, qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. 612.1-ci maddəsinə əsasən, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. 612.1.2-ci maddəsinə əsasən, əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. 612.1.3-cü maddəsinə əsasən, müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. 612.2-ci maddəsinə əsasən, müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin. 612.3-cü maddəsinə əsasən, əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi alıcı, yəni iddiaçı tərəfindən ləğv edilmiş və inək cavabdehə geri qaytarılmışdır. Lakin cavabdeh tərəfindən həmin inəyə görə ödənilmiş 2400 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır. Cavabdeh məhkəməyə vermiş olduğu izahatında inək ona qaytarıldıqdan sonra müalicəsi ilə əlaqədar 800 manat məbləğində pul vəsaiti xərcləndiyini bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2400 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur Məhkəmə həmçinin hesab edir ki, iddianın qiyməti 2400 manat məbləğində təşkil etdiyindən, cavabdehdən ödənilmiş dövlət rüsumunun 44 manatı iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaiti və 44 (qırx dörd ) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar