Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1577/2025 17.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif oğlu İddiаçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh Mercedes Benz C 180 markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1700 manat məbləğində sığorta ödənişi və Səlimov Nasif Eyvaz oğlunun sağlamlığına az ağır dərəcəli xəsarətə görə 1500 manat məbləğində sığorta ödənişi, ödənilmiş 52.00 manat dövlət rüsumu və 0.40 qəpik məbləğində bank xidməti iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi Audi Q7 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mercedes Benz C 180 markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, yolnəqliyyat hadisəsi törədilmişdir. X1 C 180 markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan və Səlimov Nasif Eyvaz oğlunun sağlamlığına az ağır dərəcəli xəsarət dəymişdir. ”Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, Mercedes Benz C 180 markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1700 manat və Səlimov Nasif Eyvaz oğlunun sağlamlığına az ağır dərəcəli xəsarətə görə 1500 manat məbləğində sığorta ödənişini Səlimov Nasif Eyvaz oğlunun bank hesabına ödəmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh təqsirli olması Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə öz əksini tapmışdır. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 3200 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına istinad: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, hadisə xx.xx.2021-ci il tarixdə saat 22:45-də Mingəçevir şəhəri, H.Əliyev prospektində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Arayışın 1-ci hissəsindən görünür ki, avtonəqliyyat vasitəsi Audi Q7 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçi və hadisə baş verdiyi anda sürücü Cavabdeh hadisə baş verdiyi anda sərxoş olmuşdur. Arayışın 2-ci hissəsindən görünür ki, zərərin növü sağlamlığa və əmlaka dəyən zərər olmuş, zərərçəkən Səlimov Nasif Eyvaz oğlu, zərər vurulan əmlak Mercedes Benz 180 markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, zərər avtomobilin qabaq və yan tərəflərinə vurulmuşdur. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 1700 manat kimi qiymətləndirilmişdir. 526 nömrəli xx.xx.2021-ci il tarixli “Məhkəmə-tibbi ekspertiza və patolojı anatomiya birliyi” PHŞ-nin ekspert rəyindən çıxarışdan görünür ki, Səlimov Nasif Eyvaz olunun bədənində aşkar olunan xəsarətlər ağırlıq dərəcəsinə görə az ağır zərər vurmaya aiddirlər. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması məlumatından görünür ki, xx.xx.2021-ci il tarixdə hadisənin baş vermə vaxtında Audi Q7 markalı **-BT-*** nömrəli nəqliyyat vasitəsi barəsində sığorta müqaviləsi aktiv olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-8/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindən həmin məcəllənin 263.1-ci maddəsinə tövsif edilmiş, barəsində 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-8/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə «sərxoşluq hallarının bütün novlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolu və məhkəmə xətşünaslıq ekspertizaların rəyi arasında ziddiyyət olduğu üçün bu şübhələri təqsirləndirilən şəxs Cavabdeh xeyrinə həll etmiş və onun əməli Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsindən həmin məcəllənin 263.1-ci maddəsinə tövsif etmişdir. Cavabdeh zərərçəkmiş şəxslə barışdı üçün və onlara dəymiş ziyanı ödədiyi səbəbdən o, məhkəmənin 08 may 2023-cü il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə iş üzrə icraata xitam vermişdir. 128286 nömrəli Sığorta aktından görünür ki, sığortalanmış Audi Q7 markalı **-BT-*** nömrəli avtomobil Mercedes Benz C180 markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə 1700 manat maddi ziyan dəymiş və həmin məbləğdə sığorta ödənişi edilmişdir. 128287 nömrəli Sığorta aktından görünür ki, sığortalanmış Audi Q7 markalı **-BT-*** nömrəli avtomobil yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Səlimov Nasif Eyvaz oğlu az ağır dərəcəli xəsarət almış, zərərlə bağlı maddi ziyanın ümumi məbləği və sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. PRP**********664 nömrəli xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin hesabından Səlimov Nasif Eyvaz oğlunun hesabına 1500 manat pulun köçürülməsi tapşırığı "xxxx" ASC tərəfindən icra edilmişdir. PRP**********665 nömrəli xx.xx.2024-cü il tarixli Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin hesabından Səlimov Nasif Eyvaz oğlunun hesabına 1700 manat pulun köçürülməsi tapşırığı "xxxx" ASC tərəfindən icra edilmişdir. xx.xx.2024-cü il tarixli O-AS-2024 1181 nömrəli Pretenziya məktubundan görünür ki, Cavabdeh 3200 manat sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASCyə ödənilməsi xahiş edilmiş, əks halda qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq məhkəmə xərclərinin də tutulacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli çekdən və xx.xx.2021-ci il tarixli qəbz haqqında məlumatdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32.40 və 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 263.1-nə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli Qərarı:
1. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib müəyyən etmişdir ki, Audı Q7 markalı **-BT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 12 ay müddətinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan Audı Q7 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə Mercedes Benz 180 markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Səlimov Nasif Eyvaz oğlunun sağlamlığına az ağır xəsarətə görə və Mercedes Benz 180 markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Səlimov Nasif Eyvaz oğluna sığorta ödənişi edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh təqsirli olması Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə öz əksini tapmışdır.” İddia ərizəsinə Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-8/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarın surəti yarımçıq şəkildə, qərarın nəticəvi hissəsi olmadan əlavə edilmişdir. Məhkəmə tərəfindən əldə edilən Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-8/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli 1(051)-8/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh hadisə zamanı sərxoş olduğu sübuta yetilmədiyindən əməli Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindən 263.1ci maddəsinə tövsif olunub, icraata xitam edilmişdir. Həmin iş üzrə məhkəmənin qərarı preyudisial əhəmiyyət daşıdığına görə hazırki iş üzrə cavabdehdən subroqasiya qaydasında sığorta ödənişi tələbi təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli, ödənilmiş 52.40 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 52.40 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov