Məhkəmə qərarları › İş №e-2(023)-917/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-917/2024

05.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-917/2024 05.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi və Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Qazax Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.590 manat məbləğində sığorta məbləğində sığorta ödənişinin, 35,90 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1.626,30 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu Q.Nəbi küçəsində X2 məxsus olan və onun idarə etdiyi "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Volkswagen Tiguan” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil park vəziyyətində olarkən ünvan 1 ünvanında yerləşən yaşayış binasının blokundan Cavabdeh tərəfindən bloka qoyulmuş şüşə qırılmış və parçaları yuxarıda qeyd edilmiş park vəziyyətində olan avtomobilin üzərinə düşərək zərər dəymişdir. Qeyd edilən hal Bakı RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı Fərid Abbasovun xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmışdır. Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparılan zaman cavabdeh xx.xx.2023-cü il tarixdə istifadəyə yararsız şüşəni çıxararaq mənzilin qarşısına qoyduğunu, lakin bir neçə gün sonra həmin şüşənin naməlum şəxs tərəfindən binanın blok sahəsinə qoyulduğunu, ağır olduğu üçün aparıb zibilliyə ata bilmədiyini, xx.xx.2022-ci il tarixdə şüşənin qırılaraq park vəziyyətində olan “Volkswagen Tiguan” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə töküldüyünü bildirmişdir. Sözügedən avtomobil ASC-də “əmlak sığortası” qaydasında sığortalandığı üçün həmin avtomobilə dəymiş zərərə görə 300 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1.690 manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh ASC-yə xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə müraciət edərək, dəymiş zərərin aylıq 100 manat olmaqla hissə-hissə ödənilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində ödəniş etmişdir. Lakin bundan sonra cavabdeh öhdəliklərini icra etməmişdir. Ona görə də Cavabdeh 1.590 manat məbləğində sığorta məbləğində sığorta ödənişinin, 35,90 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1.626,30 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan icbari sığorta şəhadətnaməsindən görünür ki, “Volkswagen Tiguan” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış, sığortalı qismində X3 qeyd edilmiş, sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müəyyən edilmişdir. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X2 dəymiş maddi ziyanla bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Volkswagen Tiguan” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə zərərçəkən şəxs X2 1.690 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh ehtiyatsızlığı nəticədə, X2 məxsus “Volkswagen Tiguan” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. "xxxx" ASC tərəfindən “Volkswagen Tiguan” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1.690 manat zərər məbləği ödənilmişdir. Həmin məbləğdən cavabdeh 100 manat ödəniş etmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 1.590 manat sığorta ödənişi məbləği tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 35,90 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1.590 manat pul, 35,90 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla cəmi 1.626,30 (bir min altı yüz iyirmi altı manat otuz qəpik) manat pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar