Məhkəmə qərarları › İş №e-2(024)-772/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-772/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-772/2024 12.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax rayon məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh X1 almış olduğu 2-ci dərəcəli əlilliyinə görə ödənilmiş 1500 (bir min beş yüz) manat pulun və 35 manat dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası uzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə olunan "VAZ 2112” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 071610 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan gorunur ki, hadisə zamanı "VAZ 2112” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah Sığorta Şirkəti” ASC-də icbari qaydada sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş 866 saylı ambulator çıxarışdan və TSK-nin rəyindən görünür ki, X2 2-ci dərəcə əlillik almışdır. İş materiallarına əlavə edilmiş 8792 saylı ödəniş tapşırığından görünür ki, "Atəşgah Sığorta Şirkəti” ASC X1 almış olduğu 2-ci dərəcə əlilliyə görə 750 AZN (yeddi yüz əlli manat) sığorta ödənişini xx.xx.2019-cu il tarixli etibarnamə əsasında X4 həyata keçirmişdir. Hadisə ilə bağlı Qax rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh yuxarıda qeyd olunan hallar əsasında təqsirlidir. Hadisə ilə əlaqədar 071610 saylı sığorta aktına əsasən 1500 AZN (bir min beş yüz) manat "Atəşgah Sığorta Şirkəti” ASC-nə ödənilmiş, sığorta ödənişi 3000 AZN təşkil etdiyi üçün qalan məbləğ 1500 AZN (bir min beş yüz) manat zərərvuran Cavabdeh tutularaq "Atəşgah Sığorta Şirkəti” ASC-yə ödənilməlidir. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 1500 (bir min beş yüz) manat sığorta ödənişinin, 35 (otuz beş) manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. SX037230165AZ seriya nömrəli xəbərnamədən görünür ki, məktub xx.xx.2024-cü il tarixdə cavabehə çatdırılmışdır. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan avtonəqliyyat vasitəsinin 071610 nömrəli sığorta aktından görünür ki, “VAZ 2112” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinə qədər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 071610 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı "VAZ 2112” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah Sığorta Şirkəti” ASC-də icbari qaydada sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş Qax RMX-nın 866 saylı ambulator stasionar xəstənin tibb kartasından çıxarışdan və TSK-nin rəyindən gorunur ki, X1 2-ci dərəcə əlillik almışdır. İş materiallarına əlavə edilmiş 8792 saylı 05 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "Atəşgah Sığorta Şirkəti” ASC Süleymanova (Hacıyeva) Sədaqət Həzrət qızının almış olduğu 2-ci dərəcəlik əlilliyə gorə 1500 (bir min beş yüz) manat sığorta ödənişini xx.xx.2019-cu il tarixli etibarnamə əsasında X4 həyata keçirmişdir. Hadisə ilə bağlı Qax rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə sığorta ödənişi məbləği xatırladılaraq, ondan həmin məbləği ödəmək tələb olunmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə olunan "VAZ 2112” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh yuxarıda qeyd olunan hallar əsasında təqsirlidir. Hadisə ilə əlaqədar tərtib edilmiş 071610 saylı sığorta aktına əsasən 1500 (bir min beş yüz) manat "Atəşgah Sığorta Şirkəti” ASC-nə ödənilmiş, sığorta odənişi 3000 (üç min) manat təşkil etdiyi üçün qalan məbləğ 1500 (bir min beş yüz) manat zərərvuran Cavabdeh tutularaq "Atəşgah Sığorta Şirkəti” ASC-yə ödənilməlidir. Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri subroqasiya qaydasında pulun tutulması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həmçinin icbari sığorta haqqında Azərbaycan Respublikası Qanunun aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Sığorta müqaviləsinin anlayışından bəhs edən Mülki Məcəllənin 883.1-ci maddəsində göstərilmişdir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsində qeyd olunmuşdur ki, sığorta münasibətləri sığortalı və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.4-cü maddəsinə əsasən sığorta hadisələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. 14.2.3.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz sığorta məbləği müəyyən edilmişdir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində gostərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə huququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna huququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş, Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 20.1.-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surəti olduqda sığorta ödənişi həyata keçirilir. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə (sığortalıya) dəymiş ziyanın əvəzini ödəmiş iddiaçının (sığortaçının) ödədiyi məbləğ həddində cavabdehə (zərərvuran şəxsə) qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mulki məsuliyyətinin icbari sığortası uzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə olunan "VAZ 2112” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etmişdir. Hadisə zamanı "VAZ 2112” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah Sığorta Şirkəti” ASC-də icbari qaydada sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş 866 saylı ambulator çıxarışdan və TSK-nin rəyindən gorunur ki, hadisə nəticəsində Süleymanova (Hacıyeva) Sədaqət Həzrət qızı 2-ci dərəcə əlillik almışdır. Qax rayon məhkəməsinin 17 mart 2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində təqsirli bilinmişdir. Belə olan halda iddiaçının zərərvuran şəxs Cavabdeh Süleymanova (Hacıyeva) Sədaqət Həzrət qızının almış olduğu İİ dərəcə əlilliyə görə zərərçəkənə (etibarnamə üzrə nümayəndəsi X4) ödənilmiş 1500 manat məbləğində sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Süleymanova (Hacıyeva) Sədaqət Həzrət qızının almış olduğu 2-ci dərəcəli əlilliyinə görə zərərçəkmiş şəxsə ödənilmiş 1500 (bir min beş yüz) manat pul alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 (otuz beş) manat məbləğdə dövlət rüsumunun əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh Süleymanova (Hacıyeva) Sədaqət Həzrət qızının almış olduğu 2-ci dərəcəli əlilliyinə görə zərərçəkmiş şəxsə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC–nin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Cavabdeh 35 (otuz beş) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar