Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1895/2025 12.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "ölümün qeyd edilməsi faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, X1 17 avqust 1997-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etməsi haqqında hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X6 ilə Abşeron rayonu Xırdalan qəsəbəsində 27 may 1993-cü il tarixdə 126 nikahın bağlanması haqqında akt qeydlərində 126 nömrə ilə qeydə alınmış nikahlarından 30 sentyabr 1993-cü il tarixdə doğulmuş X7 17 avqust 1997-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmişdir. X7 həmin tarxidə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən “Maralyalan” adlanan qəbiristanlıqda mərhum nənəsi X2 qəbir daşının qarşısında dəfn olunmuşdur. Lakin həmin zaman dəfn və digər məsələlərə başları qarışdığından Rufanə Məmmədlinin ölümü haqqında şəhadətnamənin alınması məsələsini unutmuşdurlar. X5 ölməsi və dəfn olması barədə 17 yanvar 2025-ci il tarixdə onun, qəsəbənin imamı və qəsəbə sakinlərinin iştirakı ilə müvafiq akt tərtib edilmiş və Rufanə Məmmədlinin qəbrinin fotoşəkli akta əlavə edilmişdir. Yaxın günlərdə müəyyən sənədləşmə işlərində yaranmış zərurəti nəzərə alaraq aidiyyəti üzrə müraciət etdikləri zaman Rufanə Məmmədlinin ölümü haqqında şəhadətnamənin təqdim edilməsinə ehtiyac yaranmışdır. Bunu nəzərə alarq Rufanə Məmmədlinin ölümü haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-15-523/2025 nömrəli cavab məktubunda ərizəsi əsasında X5 vəfat etdiyi yer üzrə Qəbələ rayon Qeydiyyat şöbəsinə sorğu göndərildiyi, şöbə tərəfindən Qəbələ rayonu Vəndam qəsəbə icra nümayəndəliyi üzrə 1996-2002-ci illər ölüm haqında akt qeydlərinin yoxladıldığı, X5 ölümü haqqında akt qeydinin aşkar olunmadığı qeyd edilmişdir. Bu əsasla X5 ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilərək, məsələ ilə bağlı məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir. Buna görə də X5 ölümü haqqında hüquq faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, ərizəçi onun əridir. Belə ki, onların birgə nikahlarından doğulmuş 30 sentyabr 1993-cü il təvəllüdlü X7 17 avqust 1997ci ildə vəfat etmiş, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Maralyalan” adlanan qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, ərizəçi onun qardaşıdır. Bəhmanın 30 sentyabr 1993-cü təvəllüdlü Rufanə adlı qızı 17 avqust 1997-ci il tarixdə qəfil ölmüşdür. Həmin vaxt yas mərasimində iştirak etmiş, uşaq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Maralyalan” adlanan qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ İHB-nin Vəndam kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 1993-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü ildə 174 № ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-15-523/2025 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X7”nın ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, Vİ-ЖГ seriyalı, 342972 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X4 27 may 1993-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 126 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2025-ci il tarixli, 5-59- 15/2-1791/2025 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Qəbələ Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 1997-ci il avqustun 17-də Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qızı - X7 1997-ci il avqustun 17-də Qəbələ rayonu Vəndam kəndində vəfat etmiş və Qəbələ rayonu Vəndam kəndində yerləşən qəbirsanlığda dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X1 17 avqust 1997-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1895/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1895/2025
12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver