Məhkəmə qərarları › İş №e-2(025)-297/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-297/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-297/2025 03.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1935-ci ildə Qəbələ rayonunda doğulmuş X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsinin “xahiş etdi” hissəsində atasının ölüm tarixinin səhvən xx.xx.2025-ci il kimi yazıldığını, həmin yazının xx.xx.2024-cü il kimi oxunmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası xx.xx.1935-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. Atası xx.xx.2024-cü il tarixdə Qəbələ şəhərində ev şəraitində vəfat etmişdir. Mərhum atası Qəbələ şəhər qəbirstanlığında dəfn edilmiş, el adətinə uyğun yas mərasimi keçirilmişdir. Yas mərasimindən 20 gün sonra Qəbələ Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək atası X2 ölümü haqqında akt qeydinin olub-olmaması barədə ərizə ilə müraciət etmişdir. Qəbələ Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixdə 3-16-5/8-1/2025 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1935-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, atası əvvəldən xəstə olduğundan və yaşlı olduğundan ölmündən sonra təcili yardıma xəbər verməmişlər. Bir də ölüm şəhadətnaməsi almaq istəyən zaman ölüm barəsində təcili yardıma mütləq məlumat verilməli olmasını bilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, ərizəçi onun qardaşı oğludur. X6 isə onun qardaşı olmuşdur. Qardaşı Əliyar dekabrın 18-i səhər saatlarında rəhmətə getmişdir. Başları qarışıq olmuş və “təcili tibbi yardım” xidmətinə məlumat verməmişlər. Bu səbəbdən də bu gün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, ərizəçi onun atasının əmisi uşağıdır. X6 yaşlı imiş və xəstə olmuşdur. Tez-tez onun avtomobili ilə Əliyar Kərimovu xəstəxanaya aparmışlar. Ölümünün səbəbi isə əsasən yaşlı olmasına görə olmuşdur. Əliyar Kərimov evlərinin yanında olan Qəbələ şəhərində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21 fevral 1966cü il tarixli, İ-ИЕ nömrəli “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1935-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 02959608 nömrəli “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X4 xx.xx.1935-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 3-16- 5/8-1/2025 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X4”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1935-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Qəbələ şəhərində vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Qəbələ şəhərində dəf olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi atası - X4 2024-cü il dekabr ayının 18-də Qəbələ şəhərində vəfat etmiş və Qəbələ şəhərində yerləşən qəbirsanlığda dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü X2 2024-cü il dekabr ayının 18-də Qəbələ şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar