Məhkəmə qərarları › İş №e-2(025)-460/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-460/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-460/2025 17.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1965-ci il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində doğulmuş X6 xx.xx.1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsinin “xahiş etdi” hissəsində mərhum əmisinin soyadının və ata adının səhv yazıldığını, əmisinin ad, soyad və ata adının X2 oxunmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X9 onun doğma əmisidir. xx.xx.1965-ci il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində doğulmuşdur, subaydır. X3 xx.xx.1998-ci il tarixdə ürək çatışmamazlığından ölmüşdür. Mərhum əmisinin cəsədi (meyidi) Nic qəsəbəsinin "Yalanış" məhəlləsindəki qəbiristanlıqda yaxınlarının qəbirlərinin yanında dəfn edilmişdir. Əmisinin cavan ölümü ailəni ciddi şəkildə sarsıntmış, uzun müddət bu vaxtsız ölümün arsıntısı ailəni şokda saxlamış, hətta ölümün dövlət qeydiyyatına alınması, ölüm haqqında şəhadətnamənin belə yaddan çıxmışdır. Hazırda pay torpaq sahələrində ailə üzvülərinin paylarının müəyyən olunması ilə bağlı dövlət orqanlarında əməliyyat aparmaq istəyirlər. Ancaq xx.xx.1998-ci ildə dünyasını dəyişmiş X3nun da payçılar sırasında olması və ölüm haqqında şəhadətnamənin alınmaması səbəbindən əməliyyat aparılması mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması barədə tərəfindən Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-568/24 saylı cavab məktubunda göstərilmişdir ki, "Vətəndaşlıq vəziyyəti aktlar"ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv materiallarında" X14"nun ölüm haqqında akt qeydi aşkar edilmədiyi bildirilməklə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, əmisi heç vaxt evlənməmişdir. Lakin torpaq islahatı aparılan zaman torpaq sənədində əmisinin də adı qeyd edilmişdir. Əmisinin ölüm şəhadətnaməsi olmadığından torpaq sahəsinə çıxarış ala bilmirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərdi ki, X30un dayısıdır. Əskər Alıcanov evlənməmişdir və cavan rəhmətə getmişdir. Onun qardaş və bacıları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 göstərdi ki, Əskər Alıcanov onun qonşusu olmuşdur və bir yerdə böyümüşlər. Səhər duranda Əskərin ürəyinin dayanması və ölümünü eşitmişlər. Əskər 1998-ci ildə rəhmətə getmişdir. Onun dəfnində iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 göstərdi ki, ərizəçi onun atasının dayısı oğludur. X30 qəflətən rəhmətə getmişdir. Onun ölümünə indi də inanmırlar. Qəbələ rayonu Nic qəsəbəsində yerləşən qəbirstanlığda dəfn etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli, 3-16- 5/8-96/2024 nömrəli “Doğum haqqında” arayışın surətindən görünür ki, X8 19 yanvar 1965-ci ildə doğulmuş, bu barədə 1965-ci ilin fevral ayının 6-da 15 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X12r. İş materiallarında olan ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 doğum tarixi 19 yanvar 1965-ci il kimi göstərilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Ərizəçi, X10, X13, X19 və X16 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,6219 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 033177 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 284 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 315619 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.1999-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu ildə 33 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ seriyalı, 322232 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 3-16- 5/8-13-568/2024 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X8”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi Nic qəsəbəsi sakinidir və hal-hazırda həmin qəsəbədə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi əmisi - X8 1998-ci il dekabr ayının 19-da Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən qəbirsanlığda dəfn olunmuşdur. Ərizəçi və onun qohumları bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. X5 ölüm şəhadətnaməsinin olmaması ərizəçinin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaradır. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X5 1998-ci il dekabr ayının 19-da Qəbələ rayonu Nic qəsəbəsində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar