Məhkəmə qərarları › İş №e-2(025)-619/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-619/2024

01.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-619/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən alınması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən alınması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, İddiaçı məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 196 kv.m yaşayış evindən Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, əşyaları ilə birlikdə cavabdehin hesabına çıxarılması, cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində X10 pul ödənilməklə 0,10 ha torpaq sahəsini satın alaraq müvafiq akt tərtib edilmişdir (aktın surəti əlavə edilir). Bundan sonra həmin torpaq sahəsində iddiaçı tərəfindəv ev tikilmişdir. Qəbələ RİH başçısının X27 Ərazi Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 333 nömrəli arayışına əsasən müəyyən edilir ki, İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində ona məxsus 0,12 ha torpaq sahəsi, Qəbələ RİH X22 Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 332 nömrəli arayışına əsasən isə İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Qəbələ RİH X27 Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 330 nömrəli arayışında isə həmin yaşayış evinin 196 kv.m olması müəyyən edilmişdir. Daha sonra cavabdeh iddiaçını aldadaraq ərinin ondan götürdüyü borc əvəzinə evi ələ keçirmiş, lakin sonradan müvafiq qaydada polis idarəsinə ərizə ilə müraciət edərək iddiaçının əri barəsində şikayət vermişdir. Hal-hazırda həmin şikayət əsasında iddiaçının əri barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq aparılır. Bununla da cavabdeh iddiaçını faktiki aldatmaqla ona məxsus fərdi yaşayış evini qeyri-qanuni ələ keçirmişdir. İddiaçı həmin evin ona məxsus olmasını, məhz onun tərəfindən tikildiyini nəzərə alaraq dəfələrlə cavabdehdən evin qaytarılmasını və ona təhvil verilməsini bildirmiş, lakin cavabdeh evi qaytarmamaqla orada qanunsuz olaraq təmir işlərini aparmaqda davam edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində ev tikdirmişdir. Onun yoldaşı X14 adlı şəxs şərik biznes qurublar. Özlərinin biznes işləri olmuşdur. Cahangir ilə Əhməd Vəndam qəsəbəsindəki evi tikdirməmişdən əvvəl şərik olublar. Sonra yoldaşı ilə Əhmədin arasında pul söhbəti olmuşdur. Bu evdən yoldaşının xəbəri olmamışdır. Burda da hamı onu tanımışdır. O,evə özü şəxsən gəlib getmişdir. Cavabdeh yoldaşı Cahangir Qəmbərova demiş ki, evi verin, haqq hesab ödəniləndə evi qaytaracaq və evə toxunulmayacaqdır. Amma sonradan araşdırılıb məlum olmuşdur ki, Əhmədin onun yoldaşına borcu var. Onun da körpə uşağı var. Çoxdandır evə gəlməmişdir, indi də gəlib evə girmişdir. Torpaq onundur. Torpağın sənədi var,kənd sovetindən almışdır, borc müqaviləsi əvəzində almışdır o torpağı. Torpağın sənədi kənd sovetindən verilmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, işə əvvəldən agahdır. Vəkil Nümayəndə1 işə sonradan qoşulmuşdur, məsələ İddiaçı danışdığı kimi deyil. X23 Mütəllimovla şərik olmamışdır, sadəcə onun əmlakını idarə edən şəxs olmuşdur. Cahangir Qəmbərovun hesabından Əhmədlə tanış olana qədər 3000-5000 manat dövriyyə olurdusa, bundan sonra 100000 manata qədər dövriyyələr baş tutmuşdur. Cavabdeh hesabat təqdim edəndə məlum olmuşdur ki, yarım milyon manat pul dövriyyədə yoxdur. X9 bildirib ki, Qəbələdə evləri var, onu Cavabdeh versinlər və həmin məbləğ borcdan silinsin. O, vəkil kimi Cavabdeh bildirmiş ki, evin çıxarışı yoxdur, qəbul etməsinlər. Cavabdeh ev üçün 60 min dollar pul ödəyib, manatla 100000 manat edir. Hal-hazırda Cavabdeh verdiyi məlumata əsasən 300000 manata qədər evə xərc çəkilmişdir. Cahangir Qəmbərovun tək Cavabdeh 1.5 milyon borcu var, onlardan başqa 4 nəfər var ki, onlara da borcu var, borcun ümumi qiyməti 2 milyondan çoxdur. Hazırkı mübahisəli evin qiyməti şişirdilmiş qiymətdir. Belə ki, ev özbaşına tikilidir, lakin Cavabdeh borcu azalsın deyə məcbur belə təklifi qəbul etmişdir. 2023-cü iln iyul ayına qədər Əhməd X2 vermiş vədlərini gözləmişdir, ancaq iyul ayında polisə müraciət etmişdir. 9 ay istintaq davam etmişdir. Lakin polisə müraciət edən zaman da həmin 70000 ABŞ dolları məbləği qeyd olunmamış, həmin məbləğ üzrə Cahangirə ittiham verilməmişdir. İş Bakı şəhər Baş Polis İdarəsində, Nərimanov rayon Polis İdarəsində davam etmişdir. Hal-hazırda isə cinayət işinin ibtidai istintaqı yekunlaşaraq məhkəməyə verilmişdir. İddiaçı tərəf əsassız olaraq evi tələb etməkdədir. Belə ki, Cavabdeh evdə uzun müddət təmir işləri aparmış, lakin həmin müddətdə bir dəfə də olsun İddiaçı ondan evdən çıxmasını tələb etməmişdir. Bütün bunlar Cavabdeh iddiaçı tərəfin razılığı ilə evə sahibləndiyini və istifadə etdiyini göstərir. Belə olduğu təqdirdə cavabdehin fərdi yaşayış evindən çıxarılması qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X18 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı tanıyır. Belə ki, uzun müddət Vəndam qəsəbə icra nümayəndəsi vəzifəsində işləmişdir, hazırda isə pensiyadadır. 2 il əvvələ qədər torpaqların müqavilə ilə satılması onlara aid olmuşdur. İddiaçı və Əhməd adlı şəxs onun yanına gəlmişlər, ondan xahiş etmişlər ki, arayış verilsə işığı, qazı çəkdirərlər. Belə olub onlara arayış vermişdir. Daha sonra eyni arayışdan Cavabdeh adına verilməsini xahiş etmişlər. O da evin tikintisi ilə məşğul olan Nahidə zəng etmiş ki, vəziyyət belədir. Nahiddə ona demiş ki, evi borc müqabilində Cavabdeh bağışlayırlar, arayışı verin, getsinlər. Belə olub yenidən Cavabdeh adına arayışı vermişdir. 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X11 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, “Notariat haqqında” qanunun 18-ci maddəsinə əsasən onlara belə bir səlahiyyət verilmişdir. Bu səbəbdən belə bir arayış vermişlər. 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X26 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Cahangir izolyasiya işi ilə məşğul olurmuş. Cahangir xaricə mal göndərmə ilə işə cəlb olunub. Cahangirin işləri çox olduğundan evin tikintisini ona tapşırmışdır. Ev Bağban restoranın arasında yerləşirmiş. Qapı-pəncərə, pilləkən hazır imiş. Evi Əhmədə verəndə İlham müəllim ona zəng vurmuş, o da demiş ki, nə lazımdı verin. İşlə o məşğul olmuşdur, ona görə İlham müəllim ona zəng vurmuşdur. Məhkəmə iclasında X4 onlayn video konfrans (TrueConf proqramı) vasitəsi ilə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Əhmədlə şərik işləmişdir. Biznes şəriki,malları satmaq,pulları ödəməklə məşğul imiş.2023-cü ilin mart ayında haqq-hesabda Əhməd onun başına oyun açmışdır, 310min dollar borcu çıxmışdır. Demiş ki, malları tapıb qaytaracaqdır, maliyyə işində hər şey asan imza ilə həll olunur. Əhmədə Qəbələdə evi olduğunu demişdir. Əhməd isə demiş ki, evi ona versin,borcunu qaytaranda geri verəcəkdir. O isə demiş ki, ev onun deyil,yoldaşınındır, onu heç bir usta, kənd soveti tanımır,bütün işlərlə yoldaşı məşğul olmuşdur. Əhmədə demiş ki, evdə heç bir təmir işi aparma,daşı daş üstünə qoyma. Lakin Əhməd evdə təmir işləri görmüş və evin tikintisini yekunlaşdırmışdır. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan 02 iyul 2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində Vəndam qəsəbə İƏD üzrə nümayəndənin müavini X11, Vəndam qəsəbə sakini X21, Vəndam qəsəbə sakini X6, Bakı şəhəri sakini X26 və Bakı şəhər sakini İddiaçı tərəfindən imzalanmış aktda göstərilmişdir ki, X21 tanışı İddiaçı maddi vəziyyəti yaxşı olmadığı üçün pul almışdır. Uzun müddət keçməsinə baxmayaraq pulu qaytara bilmədiyi üçün X21 özünə və ailə üzvlərinə aid olan zəbt torpaq sahəsinin tanışı İddiaçı götürdüyü pulun qarşılığında bağışlayır. X3 və arvadı X6 və ailə üzvləri həmin 0,10 torpaq sahəsinə heç bir iddiası olmayacağına görə etiraz etmir və aktı öz imzaları ilə təsdiq edirlər. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının X27 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, 333 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,12 ha torpaq sahəsi vardır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının X27 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, 330 nömrəli və 332 nömrəli arayışlarda göstərilmişdir ki, İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsində ümumi sahəsi 196 kv.m olan 5 otaqlı fərdi yaşayış evi vardır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının X27 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli, 448 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsində ümumi sahəsi 196 kv.m olan 5 otaqlı fərdi yaşayış evi vardır. İşdə olan X5 tərəfindən Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədova verilmiş izahatında göstərilmişdir ki, o, Əhmədə 76000 ABŞ dolları borcunun əvəzinə Qəbələ rayonu, Vəndam qəsəbəsində 14 sot torpaq sahəsi və daxilində olan yarımtikilini vermişdir. İşdə olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X12 tərəfindən 18 aprel 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, X5 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarı Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbə sakini X8 ona borclu olduğu pulun əvəzində İlqar Qafarovun özünə və ailə üzvlərinə aid olan zəbt torpaq sahəsini almışdır. Daha sonra isə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamışdır. Lakin İddiaçı həyat yoldaşı X17 Mütəllimova xeyli borcu yarandığından sözügedən torpaq sahəsini və onun üzərində yerləşən yarı tikili fərdi yaşayış evini 70000 ABŞ dolları məbləğində pulun borcdan silinməsi məqsədi ilə Cavabdeh vermişdir. Daha sonra isə Cavabdeh tərəfindən fərdi yaşayış evində əsaslı təmir işləri görülmüş və ev xeyli miqdarda vəsait hesabına tam təmir olunmuşdur. Lakin hal-hazırda iddiaçı torpaq sahəsinin və fərdi yaşayış evinin onun mülkiyyətində olmasını əsas gətirərək cavabdehdən alınaraq ona qaytarılmasını, cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılmasını və fərdi yaşayış evinin cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdədir. Buna əsas kimi həmçinin cavabdehin onu aldatması ilə əsaslandırmışdır. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən torpaq sahəsində ümumi sahəsi 196 kv.m olan 5 otaqlı fərdi yaşayış evi İddiaçı tərəfindən inşa edilmişdir. Bu işin mübahisəsiz halıdır və tərəflər bu halı etiraf edirlər. Daha sonra isə İddiaçı həyat yoldaşı X17 Mütəllimova olan borcuna görə torpaq sahəsini və evi sonuncunun sahibliyinə vermişlər. Bu hal isə X5 tərəfindən Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədova verilmiş izahat ilə sübuta yetirilməkdədir. Belə ki, X4 izahatında Əhmədə 76000 ABŞ dolları borcunun əvəzinə Qəbələ rayonu, Vəndam qəsəbəsində 14 sot torpaq sahəsi və daxilində olan yarımtikilini verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X4 fərdi yaşayış evini və üzərində yerləşən tikilini borcunu qaytarana kimi müvəqqəti olaraq Cavabdeh verməsi barədə dəlillərinə isə məhkəmə tənqidi yanaşır. Belə ki, Cavabdeh tərəfindən sözügedən fərdi yaşayış evi əsaslı təmir edilmiş, tam yararlı vəziyyətdə gətirilmişdir. Lakin həmin müddət ərzində fərdi yaşayış evində tikililərin aparılmasından istər İddiaçı, istərsə də Cahangir Qənbərovun xəbərinin olmaması həqiqətə uyğun deyildir. Lakin həmin müddət ərzində iddiaçı cavabdehə qarşı hər hansı iddia qaldırmamış, ev təmir olunub yaşayış üçün normal vəziyyətə gətirildikdən sonra isə hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı fərdi yaşayış evini Cavabdeh borcu qaytarana qədər müvəqqəti olaraq verildiyini qeyd etsə də, X18 şahid qismində verdiyi ifadəsində İddiaçı razılığı ilə 26 iyul 2023-cü il tarixli, 448 nömrəli arayışın verildiyini, arayışın verilməsində məqsədin isə Cavabdeh evə kommunal xətləri çəkə bilməsi olmuşdur. Göstərilən bu halda onu göstərir ki, İddiaçı könüllü olaraq sözügedən fərdi yaşayış evini Cavabdeh sahibliyinə və istifadəsinə vermişdir. Çünki məhkəmə hesab edir ki, fərdi yaşayış evinin iddiaçının qeyd etdiyi kimi borc ödənildən sonra qaytarılması məqsədi ilə verilməsi həqiqətə uyğun və ağlabatan deyildir. Buna səbəb isə məhz Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının X27 Ərazi Nümayəndəliyi tərəfindən İddiaçı adına verilmiş arayışlarla da sözügedən fərdi yaşayış evinə kommunal xətlərin çəkilməsi mümkün ola bilərdi. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı X1 Mütəllimova borcu olması ilə razılaşmış və həmin borcun müqabilində sözügedən torpaq sahəsini və yarımtikili evi Cavabdeh vermişdir. Bu halı iddiaçı iddia ərizəsində də etiraf etmişdir. Göründüyü kimi Cavabdeh borcunun əvəzində sahibləndiyi torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində əsaslı təmirlər etmişdir ki, hazırkı halda iddiaçının cavabdeh tərəfindən xeyli miqdarda pul xərclənərək təmir edilmiş fərdi yaşayış evinə yiyələnməsi əsaslı və ədalətli ola bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, “Daha sonra cavabdeh iddiaçını aldadaraq ərinin ondan götürdüyü borc əvəzinə evi ələ keçirmiş, lakin sonradan müvafiq qaydada polis idarəsinə ərizə ilə müraciət edərək iddiaçının əri barəsində şikayət vermişdir. Hal-hazırda həmin şikayət əsasında iddiaçının əri barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq aparılır. Bununla da cavabdeh iddiaçını faktiki aldatmaqla ona məxsus fərdi yaşayış evini qeyri-qanuni ələ keçirmişdir.” İddia ərizəsində göstərilmiş bu hal onu deməyə əsas verir ki, məhz İddiaçı Cavabdeh onun həyat yoldaşından şikayətçi olması və şikayət əsasında Cahangir Qənbərovun barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən sonra cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Lakin İddiaçı iddia ərizəsində aldadıldığını qeyd etsə də, aldadılmanın hansı formada olmasını istər iddia ərizəsində, istərsə də məhkəmə zamanı çıxışında əsaslandıra bilməmişdir. Lakin cavabdeh tərəfin vəkili isə İddiaçı tərəfindən Cahangir Qənbərovun borcu əvəzində Cavabdeh verilmiş torpaq sahəsinin və fərdi yaşayış dəyərinin 70000 (yetmiş min) ABŞ dolları olmasının həqiqəti əks etdirmədiyini, lakin Cavabdeh pulunun bir hissəsinin geri qaytarmaq üçün bu üsula əl atdığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir (məsələn, “Morera və Azevedo Portuqaliyaya qarşı” iş üzrə 23 oktyabr 1990-cı il, “X13rşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli Qərarlar). Məhkəmə hesab edir ki, hazırkı işin predmetini mülkiyyətdən irəli gələn münasibətlər təşkil etdiyindən Mülki Məcəllənin bu məsələləri tənzimləyən bir sıra normalarının açıqlanmasına zərurət vardır. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir:- hüquq mənasında sahibliyin müdafiəsi;- fakt mənasında sahibliyin müdafiəsi.Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Hazırkı iş üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Beləliklə işin hallarından göründüyü kimi İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 196 kv.m fərdi yaşayış evinin onun mülkiyyətində olmasını qeyd etsə də, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almamış və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda sözügedən fərdi yaşayış evi Cavabdeh adına da dövlət qeydiyyatına alınmasa da, borc müqabilində fərdi yaşayış evi üzrə sahiblik və istifadə hüquqlarının Cavabdeh verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Həmin fərdi yaşayış evinin Cavabdeh istifadəsində və sahibliyində olması isə işin mübahisəsiz halıdır. Belə ki, fərdi yaşayış evində Cavabdeh tərəfindən uzun müddət təmir işlərinin aparılması, lakin iddiaçı tərəfin buna hər hansı müdaxilə etməməsi, eyni zamanda cavabdehə məxsus şəxsi əşyaların sözügedən fərdi yaşayış evində olması həmin fərdi yaşayış evinin cavabdehin sahibliyində və istifadəsində olmasının sübutudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh qanuni, lakin dövlət qeydiyyatına alınmamış istifadə və sahiblik hüquqları olan şəxsdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı isə cavabdehə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək İddiaçı məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 196 kv.m yaşayış evindən Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması xahiş etsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 196 kv.m yaşayış evinin ona məxsus olmasını, həmçinin həmin evin hansı əsasla cavabdehin qanunsuz sahibliyində olmasını göstərməmiş, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Hazırkı iş üzrə nə iş üçün əhəmiyyət kəsb edən faktlar iddiaçı tərəfindən sübut edilməmiş, nə də iddiaçı tərəf öz iddialarında haqlı olmalarının hüquqi mövqeyini əsaslandıra bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia tələbi barədə heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə, o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının razılığı ilə söüzgedən torpaq sahəsinin və fərdi yaşayış evinin Cahangir Qənbərovun borcu müqabilində Cavabdeh verilməsi müəyyən olunmuşdur. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən alınması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən alınması” tələbinə dairiddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar