Məhkəmə qərarları › İş №e-2(026)-172/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-172/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-172/2025 18.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 55 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, 17 fevral 2018-ci il tarixdə Cavabdeh Əlağa oğlu tərəfindən idarə olunan “VAZ 21061” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 048121 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 21061” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də icbari qaydada sığortalı olmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Mercedes Benz” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 505 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 1864 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC “Mercedes Benz” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərərlə bağlı 505 manat sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Xəzər rayon DYPŞ-nin AP ******* saylı inzibati xəta haqqında protokoluna və Xəzər Rayon Məhkəməsinin 3(003)-177/2018 saylı qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh Əlağa oğlu yuxarıda qeyd olunan hallar əsasında təqsirlidir. Bu hadisə ilə əlaqədar borclu Cavabdeh Əlağa oğlu ümumi borcun 450 manat hissəsini ödədiyi üçün qalan 55 manat zərərvuran Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 04 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdəki hadisə tarixinə icbari avtoməsuliyyət sığortası üzrə müqavilənin yoxlanılması nəticəsindən görünür ki, 17 fevral 2018-ci il tarixində **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı nəqliyyat vasitəsi PAT********** nömrəli şəhadətnamə əsasında İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İşdə surəti olan AB 888585 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21061” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. İşdə surəti olan 27 fevral 2018-ci il tarixli, 048121 nömrəli sığorta aktından görünür ki, zərərvuranın sığortaçısı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 17 fevral 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X6 hesabına 505 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdə surəti olan 28 fevral 2018-ci il tarixli, 1864 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həmin ASC-yə məxsus digər hesaba əlavəyə əsasən sığorta ödənişi təyinatı ilə ümumilikdə 65124 manat məbləğində pul köçürülmüşdür. Həmin ödəniş tapşırığına əlavədən görünür ki, X6 hesabına 505 manat məbləğində pul köçürülmüşdür. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Xəzər rayon DYPŞ bildirir ki, 17 fevral 2018-ci il tarixdə, saat 21:55 dəqiqədə Buzovna- Maştağa yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan AP ******* nömrəli, 21 fevral 2018-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 17 fevral 2018-ci ildə saat 21:55-də **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı nəqliyyat vasitəsini idarə edən X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə surəti olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 3(003)-177/2018 saylı qərarından görünür ki, həmin qərarla X2 İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. İşdə surəti olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, **- HF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə ümumilikdə 505 manat məbləğində zərər dəymişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 04 iyul 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. İşdə surəti olan 04 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı sığorta şirkəti sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən hazırkı halda Mülki Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan onun törətdiyi müəyyən olunan İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətadan göründüyü kimi, cavabdehin hadisə zamanı sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, eyni zamanda, həmin xəta nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. İddiaçı isə onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxsə 505 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda, iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin sığorta ödənişinin əvəzi kimi 450 manat məbləğində ödəniş edilmiş, qalan 55 manat məbləğində ödənişi isə həyata keçirməmişdir. Bu baxımdan məhkəmə bildirir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə cavabdehdən icra edilmiş, lakin geri ödənilməmiş 55 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş, lakin geri qaytarılmamış sığorta ödənişinin əvəzi kimi 55 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmiş, lakin geri qaytarılmamış sığorta ödənişinin əvəzi kimi 55 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar