Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-428/2025 30.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 65,17 manat məbləğində əsas overdraft borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 13 iyun 2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus 04 aprel 2023-cü il tarixli istifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı 25 iyun 2023-cü il tarixdə 75 manat vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 23 iyul 2024-cü il tarixli “mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləyə əsasən "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını iddiaçıya güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış 04 aprel 2023-cü il tarixli istifadəçi müqaviləsinin 1-ci yarımbəndinə əsasən, istifadəçinin cihazı serverə bağlandığı zaman şirkət sizə qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Hazırkı müqaviləyə edilmiş dəyişikliklərdən sonra sizin tətbiqə daxil olmağınız və ya ondan istifadə etməyiniz sözügedən dəyişiklikləri razı olaraq qəbul etməyiniz və dəyişikliklərə riayət etməyə dair öz üzərinizə öhdəlik götürdüyünüzü ifadə edir. Tərəflər arasında bağlanmış ödəniş xidmətinə dair müqavilənin “Elektron pula dair şərtlər” adlı 5-ci yarımbaşlığının 5.1.7-ci maddəsinə əsasən, təchizatçı istifadəçinin hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada istifadəçinin hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci maddəsinə əsasən istifadəçi hesabında yaranmış overdraftı ödəmədiyi halda təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq istifadəçidən tələb edə bilər. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bugünədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş, iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 19 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan "xxxx" MMC ilə Cavabdeh arasında elektron qaydada (SİMA vasitəsilə) bağlanmış 04 aprel 2023-cü il tarixli istifadəçi müqaviləsini imzalamış və müqavilə əsasında virtual kart əldə etmişdir. İşdə surəti olan “A-X1 Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanan 23 iyul 2024-cü il tarixli mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında müqavilədən görünür ki, bu müqavilənin predmetini “Azercell”in özünün əqli mülkiyyəti (müəllif hüquqları) hesab edilən akart məhsulunun 05 sentyabr 2024-cü il tarixinədək olan mülkiyyət və müəllif hüquqlarını, həmçinin hazıradək və gələcəkdə həmin məhsul üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-Solutions”a əvəzsiz ötürülməsi (güzəşt edilməsi) təşkil edir. Bu müqavilənin qüvvəyə mindiyi andan “Azercell”in bu müqavilənin 3.1-ci maddəsinə əsasən ötürülmüş hüquq və tələbləri üzrə bütün hüquqları, vəzifələri, səlahiyyətləri qüvvədən düşür və bütün hüquqlar, vəzifələr və səlahiyyətlər “A-Solutions”a keçir. Müqavilənin 3.2.10-cu bəndinə görə, müştərilərin borc (overdraft) öhdəlikləri güzəşt edilən xidmət və hüquqlara aid edilir. Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir. İşdə surəti olan ödəniş xidmətinə dair müqavilənin 5.1.7-ci bəndinə görə, təchizatçı istifadəçinin hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada istifadəçinin hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər. İşdə surəti olan Cavabdeh məxsus akart hesabından 25 iyun 2023-07 iyun 2025-ci il dövrünü əhatə edən çıxarışdan görünür ki, Cavabdeh 07 iyul 2023-cü il tarixdə 65,17 manat məbləğində overdraft borcu yaranmışdır. İşdə surəti olan 03 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “A-X1 Təşkilatı” MMC-yə müqaviləyə əsasən 03 iyun 2025-ci il tarixinə olan overdraft borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 65,17 manat, cərimə borcu 0 manat, komissiya haqqı 0 manat, cəmi borc 65,17 manat. İşdən görünür ki, iddiaçı “A-X1 Təşkilatı” MMC tərəfindən Cavabdeh overdraft üzrə borcun qaytarılması tələbinə dair pretenziya məktubu göndərilmişdir. İşdə surəti olan 04 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, işin hallarından görünür ki, cavabdeh kartdan karta köçürmə edərkən overdraft yaranmış və yaranmış borcu müəyyən edilmiş vaxt ərzində geri ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun iddiaçıya 65,17 manat məbləğində overdraft borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 65,17 manat məbləğində əsas overdraft borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-428/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-428/2025
30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver