Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-613/2025 18.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Chevrolet Cruze” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə görə ödənilmiş 3720 manat məbləğində sığorta ödənişinin, ödənilmiş 57,2 manat dövlət rüsumunun və 0,46 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, 01 mart 2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Cruze” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara və İXP6949076 saylı inzibati xəta haqqında protokola əsasən, hadisənin baş verməsində “Mercedes Benz C200 CDİ” markalı, **-ML- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunur. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin 141828 və 140293 saylı sığorta aktından, 16 aprel 2025-ci il tarixli və 21 may 2025-ci il tarixli ödəniş tapşırıqlarından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərçəkən “Chevrolet Cruze” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri hadisə zamanı hər ikisi "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışlar. Cavabdehin idarə etdiyi “Mercedes Benz C200 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan iddiaçı öz növbəsində dəymiş zərəri aradan qaldıraraq zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 3720 manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş 16 aprel 2025-ci il tarixli və 21 may 2025-ci il tarixli ödəniş tapşırıqlarına əsasən zərərçəkənlərə ödəmişdir. Belə ki, iş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabatlardan da göründüyü kimi, “Chevrolet Cruze” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı **- NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə 3720 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200 CDİ” markalı, **-ML-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsində zərərçəkənlərin idarə etdiyi avtonəqliyyat vasitələrinə dəymiş zərərlə bağlı 3720 manat məbləğində sığorta ödənişini müvafiq qaydada zərərçəkənlərə ödəmişdir. 01 mart 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da, ödəniş edilməmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 3720 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 06 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Sabunçu rayon DYPŞ bildirir ki, 01 mart 2025-ci il tarixdə, saat 00:30 dəqiqədə Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, X1 məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200 CDİ” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “Chevrolet Cruze” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı və Piriyev Adil Osman oğluna məxsus “Kia Rio” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər dəymişdir. İşdə surəti olan İXP6949076 nömrəli, 05 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 01 mart 2025-ci il tarixdə, saat 00:30-da **-ML-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200 CDİ” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İşdə surəti olan Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 01 mart 2025-ci il tarixdə, saat 00:30-da “Mercedes Benz C200 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Həmin qərarla Cavabdeh İXM-in 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdəki hadisə tarixinə icbari avtoməsuliyyət sığortası üzrə müqavilənin yoxlanılması nəticələrindən görünür ki, 01 mart 2025-ci il tarixində **-NM-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı nəqliyyat vasitəsi və **-DY-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi "xxxx" ASC-də, **-ML-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200 CDİ” markalı nəqliyyat vasitəsi isə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İşdə surəti olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, **- NM-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı nəqliyyat vasitəsinə ümumilikdə 900 manat məbləğində zərər dəymişdir. İşdə surəti olan 16 aprel 2025-ci il tarixli, **********1/********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Piriyev Adil Osman oğluna sığorta ödənişi təyinatı ilə müvafiq hesaba 900 manat məbləğində pul köçürülmüşdür. İşdə surəti olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, **- DY-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinə ümumilikdə 2820 manat məbləğində zərər dəymişdir. İşdə surəti olan 21 may 2025-ci il tarixli, PRP**********477 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi təyinatı ilə X2 hesabına 2820 manat məbləğində pul köçürülmüşdür. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 05 sentyabr 2025-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İşdə surəti olan 06 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 57,2 manat məbləğində dövlət rüsumu və 0,46 manat məbləğində xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, iddiaçı sığorta şirkəti sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən hazırkı halda Mülki Məcəllənin 936.1-ci və 936.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 63-cü maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan onun törətdiyi müəyyən olunan İXM-in 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalardan göründüyü kimi, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə qəza törətdikdən sonra hadisə yerindən yayınmışdır. İddiaçı isə onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxslərə ümumilikdə 3720 (900+2820) manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Bu baxımdan məhkəmə bildirir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə cavabdehdən icra edilmiş ümumilikdə 3720 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş, lakin geri qaytarılmamış sığorta ödənişinin əvəzi kimi cəmi 3720 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 57,2 manat məbləğində dövlət rüsumu və 0,46 manat məbləğində xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmiş, lakin geri qaytarılmamış sığorta ödənişinin əvəzi kimi cəmi 3720 manat məbləğində pul, ödənilmiş 57,2 manat məbləğində dövlət rüsumunun və 0,46 manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-613/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-613/2025
18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver