Məhkəmə qərarları › İş №e-2(027)-1055/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1055/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1055/2024 29.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 06 sentyabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21061” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 01 fevral 2021-ci il tarixdə Quba rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan “VAZ-211040” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. AR BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 1000 manat məbləğində sığorta ödənişi verilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, zərərçəkənin avtomobilinin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş sənədlərində olan "xxxx"ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “VAZ-21061” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə sığortalanmışdır. (sığortalı Cavabdeh) İş materiallarında olan xx.xx.2021-ci il tarixli PGU-220964 saylı sığorta ödənişi ilə bağlı aktından görünür ki, "xxxx" ASC 1000 (bir min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 125511 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC X1 adına "xxxx" KB ASC-nin Xızı filialı vasitəsilə 1000 (bir min) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “VAZ- 211040” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyən zərər cəmi 1000 manat məbləğində təşkil edir. İş sənədlərinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan məlum olur ki, Cavabdeh ünvan 1 ünvanında yaşayırlar. İş sənədlərinə əlavə edilmiş sənədlərdən məlum olur ki, inzibati xata törətməsinə görə X2 İXM-nin 332.4-cü və 327.1-ci maddələrilə inibati məsuliyyətə cəlb edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən məlum olur ki, iddiaçı tərəfindən iddia ərizəsilə əlaqədar 30.40 manat rüsum ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 1000 (bir min) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar