Məhkəmə qərarları › İş №e-2(027)-1407/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1407/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1407/2025 05.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu İddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta protokolları üzrə ödənilmiş 1328 manat məbləğində pul vəsaiti və ödənilmiş 33.28 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli MAS-2557 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(027)- 630/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 2617.54 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AYNA və BNA tərəfindən inzibati qaydada cərimə olunmuşdurlar. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir.. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 1328 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli MAS-2557 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən lizing obyekti olan, “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220583 ban, Gümüşü rəngli avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-2557 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-nə 1328 manat borcu yaranmışdır. İş materiallarına olan xx.xx.2025-ci il tarixli xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixli MAS-2557 saylı “Daxili lizinq müqaviləsi”üzrə İddiaçı MMC-nə olan borcu və dəymiş zərərin ödənilmədiyi halda, borcun ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə üzrə avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bununla belə tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Beləliklə, lizinq müqaviləsi aşağıdakı əlamətlərlə xarakterizə olunur:

1. Lizinq verənin maliyyələşdirmə (investisiya qoyma) marağının olması. Yəni lizinq obyekti bir əşya kimi lizinq verən üçün əhəmiyyət kəsb etmir, məhz gəlir əldə etmək məqsədi ilə alınır və lizinq ödənişləri lizinq obyektinə qoyulmuş kapitaldan əldə olunan gəlirdir.

2. Lizinq obyekti bir qayda olaraq, lizinq alanın seçimi üzrə və onun tərəfindən göstərilən satıcıdan əldə olunur. İddiaçı ilə cavabdeh-lizinq alan arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən iddiaçı, yəni lizinq verən lizing obyekti- 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. Lizinq verən lizinq obyektini lizinq alana təhvil vermiş, lizinq alan isə lizinq obyektini qəbul etmişdir. Yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmişdir. Cavabdeh isə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 1328 manat manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 748-1.12.4-cü maddəsinə müvafiq olaraq lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Cavabdeh - lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, iddiaçının - lizinq verənin pul məbləğlərini və lizinq obyektini geri almaq hüququ vardır. Beləliklə də, iddia müqavilənin ləğv edilməsi və 1328 (min üç yüz iyirmi səkkiz) manat gecikdirilmiş əsas borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh 1328 (min üç yüz iyirmi səkkiz) manat məbləğində lizing borcu və dövlət rüsumu üçün ödənilmiş 33 (otuz üç) manat 28 (iyirmi səkkiz) qəpik tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar