Məhkəmə qərarları › İş №e-2(027)-1449/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1449/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1449/2024 25.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 9264.87 (doqquz min iki yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində dəymiş zərər, 112.65 (bir yüz on iki manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu və 0.90 (doxsan) qəpik bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “XCMG ZL-50G” markalı, 10 H 474 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı "xxxx" MMC-yə məxsus olan “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarından olan avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus olan “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 500 manat azadolma məbləği çıxmaqla 9264.87 (doqquz min iki yüz altmış dörd manat səksən yeddi) manat məbləğində sığorta ödənişini "xxxx" MMC-nin hesabına köçürmüşdür. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, İnzibati tənbeh vermə haqqında protokola əsasən Cavabdeh AR İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barəsində arayışından və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 3-13-16/2-54691/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixində Cavabdeh sürücülük vəsiqəsi olmayıb. Eyni zamanda Cavabdeh xx.xx.2021-ci il tarixli izahatında hadisə vaxtı sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Hesab edir ki, 9264.87 (doqquz min iki yüz altmış dörd manat səksən yeddi) manat məbləğində sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Cəmilə Pirverdiyeva ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hadisə vaxt onun sürücülük vəsiqəsi olmamış, sənədsiz heç bir texnika idarə etməmişdir. Hazırda sürücülük vəsiqəsi var. Həmçinin izahatdakı imza onun olsa da, izahatı o yazmamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Mülki işin materiallarından görünür ki, "xxxx" MMC-yə məxsus “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2021-ci il tarixdə 1 il müddətinə sığortalanmışdır. Mülki işin materiallarında olan Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2022-ci il tarixdə Quba rayonu ərazisində avtomobillərin toqquşması nəticəsində baş verməsi, sığortalanmış “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin "xxxx" MMC-yə məxsus olması, zərər vuran avtomobilin markasının “XCMG ZL-50G” markalı, 10 H 474 dövlət qeydiyyat nişanının olması, “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləğinin 9264,87 manat təşkil etməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, həmin pretenziya ilə Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-yə olan borcun ödənilməsi təklif edilmiş və əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 9264,87 manat pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXP ******* №li protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati qaydada cərimə olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddia ilə bağlı iddiaçı tərəfindən 112,65 manat dövlət rüsumu və 0,90 manat xidmət bank haqqı ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Audi A7” markalı, ** PB *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq, həmin avtomaşını zədələmiş, bununla da sığorta hadisəsi baş vermişdir. xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati məsuliyyətə cəlb edilərək, təqsirli bilinmiş və inzibati qaydada cərimə olunmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 9264,87 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə ödənilmiş, cavabdehə qarşı subroqasiya tələbi 9264,87 manat təşkil etmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası Qaydaları»nın 12-ci bəndinə müvafiq olaraq sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu qanun normasına uyğun olaraq sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin-sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq əmələ gəlir. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və sair istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə və sair) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının tələbinə əsasən göstərilənlər cavabdehdən tələb olunan 9264,87 manat məbləğin ondan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətininin xeyrinə tutulması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarında olan sübutları araşdırıb, onlara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9264,87 manat pul, ödənilmiş 112,65 manat dövlət rüsumu və 0,90 manat bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Audi A7” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 9264.87 (doqquz min iki yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində dəymiş zərər, 112.65 (bir yüz on iki manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu və 0.90 (doxsan qəpik) manat bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar