Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1450/2023 03.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, 35 (otuz beş) ədəd rəsmdən ibarət kolleksiyanın Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (İddiaçı) 35 (otuz beş) ədəd rəsm kolleksiyasının mülkiyyətçisidir. Əmlak 2018-ci ildə əmisi X2 tərəfindən ona hədiyyə edilmiş və bu hal 20 iyul 2018-ci il tarixli bağışlama müqaviləsi ilə təsdiq olunur. 15 iyul 2019-cu ildə İddiaçının əmisi vəfat etmişdir. Əmlak isə 2020-ci ildən iddiaçının bibisi olan Cavabdeh evindədir. 2022-ci ilin may ayında iddiaçı əmisinin yadigarı olan əmlakı götürmək istəyib amma cavabdeh tərəfindən əmlakın verilməsindən imtina edilmişdir. İlkin məhkəmə iclasında İddiaçı Mardaxayeviçin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Daha sonra elektron ərizə ilə müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehin 20 iyul 2018-ci il tarixli bağışlama müqaviləsinin olduğundan və rəsm kolleksiyasının bağışlanması faktından xəbəri vardır. Həmin rəsm kolleksiyası hazırda cavabdehin yaşadığı evdədir. Sadəcə məsələnin mənəvi tərəfi ondan ibarətdir ki, cavabdeh həmin rəsmləri qardaşının yadigarı kimi saxlayır. Həmçinin, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 iyul 2018-ci il tarixli “Bağışlanma Müqaviləsi”nin surətindən görünür ki, pay verən-X2 özünə məxsus müqaviləyə 1 saylı əlavədə qeyd olunan rəsm kolleksiyasını qardaşı oğlu, pay alan- İddiaçı Mardaxayeviçə hədiyyə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Mardaxayeviç 35 (otuz beş) ədəd rəsmdən ibarət rəsm kolleksiyasını bağışlama müqaviləsi əsasında əmisi X1 hədiyyə kimi qəbul etmişdir. X2 xx.xx.2019-cu ildə vəfat etmiş və rəsm əsərləri isə Cavabdeh sahibliyində qalmışdır. İddiaçı hədiyyə edilmiş əmlakıları sahibliyinə qaytarmaq istədikdə, cavabdeh müxtəlif hərəkət və hərəkətsizliklərlə hədiyyə edilmiş əmlakı verməkdən imtina etmişdir. Lakin, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, 35 (otuz beş) ədəd rəsmdən ibarət rəsm kolleksiyasından ibarət əmlakın cavabdehin sahibliyində olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1.3-cü maddəsinə əsasən bağışlama daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə etibarlı sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1,670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bütün sadalananları əsas götürməklə, habelə qeyd olunan normalara əsasən, məhkəmə hesab edir ki, 20 iyul 2018-ci il tarixli “Bağışlanma Müqaviləsi”nə 1 saylı əlavədə qeyd olunan 35 (otuz beş) ədəd rəsmdən ibarət rəsm kolleksiyasının mülkiyyət hüququ hədiyyə verəndən hədiyyə alan İddiaçı Mardaxayeviçə keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mançini İtaliyaya qarşı” işdə qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, İddiaçı Mardaxayeviç ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və sərəncam verməkdə sərbəst olmaqla tələbində haqlıdır. İddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və 35 (otuz beş) ədəd rəsmdən ibarət rəsm kolleksiyası Cavabdeh alınaraq İddiaçı Mardaxayeviçə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 20 iyul 2018-ci il tarixli “Bağışlanma Müqaviləsi”nə 1 saylı əlavədə qeyd olunan 35 (otuz beş) ədəd rəsmdən ibarət rəsm kolleksiyası Cavabdeh alınaraq İddiaçı Mardaxayeviçə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1450/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1450/2023
03.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver