Məhkəmə qərarları › İş №e-2(027)-1751/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1751/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1751/2023 02.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilindən Cavabdeh və onun ailə üzvlərinin çıxarılmaqla, mənzilin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus olmuş Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilni almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Lakin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçi Cavabdeh arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nədə ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırkı iş üzrə Cavabdeh həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh vahdi oğlunun və onun ailə üzvlərinin Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilindən istifadə etməsi və orada yaşamaları qeyriqanunidir. Hal-hazırda Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Mülki qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müddəalarını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayırlar. Başqa yaşayış yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mülki işin materiallarında olan Quba Rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli, 2(027)-36/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh, X7 və X1 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 01QB/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 4mspXCHZ/14 saylı əlavə kredit xətti müqaviləsinə görə 1992,62 AZN əsas borc, 300,14 AZN faiz borcu olmaqla, cəmi 2292,76 AZN borc, xx.xx.2015-ci il tarixli, 01QB/14-2 saylı əlavə kredit müqaviləsinə görə 21931 ABŞ dolları əsas borc, 5884,67 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27825,67 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 22,73 AZN dövlət rüsumu tutulsun; iddiaçı "xxxx" KB ASC-nin tələbi ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan, Quba şəhəri, Təzə körpü küçəsində yerləşən, 4 saylı evin 7 saylı, 2 mərtəbəli, 2 otaqlı, 29,1 kv.mer yaşayış, 16,3 kv.metr yardımçı, 45,4 kv.metr ümumi sahədən ibarət mənzilə yönəldilsin; ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 27000 AZN məbləğində müəyyən edilsin; həmin mənzil açıq hərraca çıxarılaraq satılsın; satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh xx.xx.2014-cü il tarixli, 01QB/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 4mspXCHZ/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan 1992,62 AZN məbləğində əsas borcu, 300,14 AZN məbləğində faiz borcu olmaqla, cəmi 2292,76 AZN borcu, xx.xx.2015-ci il tarixli, 01QB/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 21931 ABŞ dolları əsas borc, 5884,67 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27825,67 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 22,73 AZN məbləğində dövlət rüsumu ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi isə ipoteka qoyana verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Hərracın yekunları barədə 27 sentyabr 2019-cu il tarixli 64/02 №li protokoldan görünür ki, Cavabdeh məxsus Quba şəhəri, Təzə Körpü küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzili hərracda ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən 17212,50 manata alınmışdır. Mülki işin materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, hərracın yekunlarına uyğun olaraq Cavabdeh məxsus Quba şəhəri, Təzə Körpü küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilə dair Quba rayon İcra və Probasiya Şöbəsi ilə alıcı "xxxx" KB ASC arasında müqavilə bağlanmışdır. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş reyestr nömrəsi **********13-05101- 093004 olan, qeydiyyat nömrəsi ********** olan, Çıxarışdan görünür ki, Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzili tam mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə "xxxx" KB ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzili "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir və Cavabdeh mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin mənzildə yaşamaqla, mənzildən istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər həsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda göstərilən qanun normalarına istinad edərək, məhkəmə hesab edir ki, ipoteka predmeti olmuş Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilinə tutma yönəldilərək, həmin mənzil satıldığından, eyni zamanda sözügedən mənzilə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ olduğundan və cavabdeh hazırda heç bir hüquqi əsas olmadan həmin mənzilə qanunsuz sahiblik edib, evdən istifadə etdiyindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilində yaşayan cavabdeh həmin mənzildən çıxarılmalı, iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdeh Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilindən qanuni əsaslarla istifadə etməsini, həmin mənzilin onun qanuni sahiblik və istifadəsində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandıran halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazı əsaslandıran halları sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh və onun ailə üzvləri iddiaçı "xxxx" KB ASC xüsusi mülkiyyətində olan Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh və onun ailə üzvləri iddiaçı "xxxx" KB ASC xüsusi mülkiyyətində olan Quba şəhəri, Təzə körpü küçəsində yerləşən 4 saylı evin, 7 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılsın. Hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar