Məhkəmə qərarları › İş №e-2(027)-858/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-858/2022

08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-858/2022 08.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Seyidov Vüqar Mircuma oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 160,24 manat sığorta ödənişinin və ödənilmiş 107,31 manat dövlət rüsumunun, həmçinin 0,40 manat bank xidməti xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-yə məxsus, sürücü Cavabdeh2 tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı Karsan 561 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PT *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinə 01.02.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar 01.02.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PT *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 517,15 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 93,09 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 04.03.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 160,24 (bir yüz altmış manat iyirmi dörd qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyən edilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 160,24 (bir yüz altmış manat iyirmi dörd qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər tərəfindən 160,24 (bir yüz altmış manat iyirmi dörd qəpik) manat məbləğini ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 MMC-nin işçisi, Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 160,24 (bir yüz altmış manat iyirmi dörd qəpik) manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh1 MMC və Cavabdeh2 subroqasiya qaydasında tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Cavabdeh1 MMC-yə məxsus, sürücü Cavabdeh2 tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı Karsan 561 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PT *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinə 01.02.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş, baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar 01.02.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan 04.03.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmişə 160,24 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 08.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 MMC və Cavabdeh2 borcun ödənilməsi barədə müraciət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin olunsun. cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 subroqasiya qaydasında 160,24 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərclərinin əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar