Məhkəmə qərarları › İş №e-2(028)-320/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-320/2024

20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-320/2024 20.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21074” markalı ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə və həmin nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 dəymiş yüngül xəsarətə görə ödənilmiş 3250 manat pulun və ödənilmiş 52,50 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2018-ci ildə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21213” markalı ** NS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsini idarə edən X7 yüngül dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş 099194 və 099195 nömrəli nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 21213” markalı ** NS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “VAZ 21074” markalı ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2500 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, zərərçəkən X4 “VAZ 21074” markalı ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə iş materiallarına əlavə edilmiş 1074 nömrəli ödəniş tapşırığına əsasən 2500 manat sığorta ödənişi, sağlamlığa dəymiş yüngül zərərə görə 1109 saylı ödəniş tapşırığına əsasən 750 manat sığorta ödənişi, ümumilikdə 3250 manat sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt DYPŞ-nin İXP ******* saylı protokolu və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsi ilə təqsirli bilinmiş, 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hesab edilir 3250 manat pul cavabdehdən İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-86/2019 saylı xx.xx.2019cu il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla ona 700 manat məbləğində cərimə təyin edilmişdir. Qərardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 09:30 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21213 minik markalı **-NS-*** dövlət nömrə nişanlı avtomaşın ilə Sumqayıt şəhəri Çerkassi küçəsi ilə Lermontov küçəsi istiqamətində hərəkətdə olarkən təhlükəli manevr edərək əks istiqamətli yol ilə hərəkətdə olan X3 idarə etdiyi VAZ21074 markalı 99LD542 dövlət qeydiyyat nişanlı avtomaşına təhlükə yaradaraq onunla toqquşmuş, nəticədə özünün dərəcəsi təyin edilməyən bədən xəsarəti, digər sürücü Xəqani İsmayılovun isə yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli hesabatdan görünür ki, VAZ21074 markalı 99LD542 dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və görülən işlərə görə cəmi 2500 manat ödənilməlidir. "xxxx" Sığorta Şirkəti ASC-nin 060713 saylı xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində sığortalanmış avtomobil (VAZ21213, 99ns682) VAZ21074 markalı 99LD542 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Texniki ekspertiza nəticəsində avtomobilə dəymiş ziyan 2500 manat təşkil edir. "xxxx" Sığorta Şirkəti ASC-nin 061536 saylı xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X7 yüngül dərəcəli xəsarət almışdır. Sığorta məbləği 5000 manat olduğundan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən (səhhətə vurlulan yüngül zərər görə sığorta ödənişinin məbləği sıöorta məbləğinin 15%-ni təşkil edir) X1 vurulan yüngül zərərə görə sığorta ödənişinin məbləği 750 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1074 saylı və xx.xx.2019-cu il tarixli 1109 saylı Ödəniş tapşırıqlarından görünür ki, əsasən "xxxx" Sığorta Şirkəti ASC-dən X3 hesabına 060713 saylı xx.xx.2019-cu il tarixli sığorta aktına 2500 manat və 061536 saylı xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən isə 750 manat pul köçürülmüşdür. Paysıs MMC-nin qəbzindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 52,5 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması zamanı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-cimaddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “VAZ 21074” markalı ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə və X1 dəymiş yüngül xəsarətə görə ödənilmiş 3250 manat və 52,5 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar