Məhkəmə qərarları › İş №e-2(029)-107/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-107/2025

25.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-107/2025 25.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, hazırda cavabdehin evində olan 2 ədəd “AUX 9000 BTU” markalı kondisionerlərin geri alınaraq ona verilməsi, bu mümkün olmadığı təqdirdə onların ümumi dəyəri olan 1 518.00 (bir min beş yüz on səkkiz manat) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 36.00 manat dövlət rüsumun və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin verilməsi üçün ödədiyi 10.00 manat dövlət rüsumunun, mənəvi zərərə görə 150.00 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tətəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 0819299-li qeydiyyat №-li çıxarış əsasında Bakı şəhəri, Lökbatan qəsəbəsi Nizami küçəsi 10B mənzil 65-də yerləşən mənzil ona məxsus olmuşdur. Həmin əmlaka olan mülkiyyət hüququ (reyestr nömrəsi **********53- 05301- 093027,qeydiyyat nömrəsi ********** və daşınmaz əmlakın dövlət reyestrində 2453 nömrəli reyestr kitabının 228336 nömrəli vərəqində) qeydiyyata alınmışdır. Mənzil ünvan 1 ünvanında yerləşmişdir. Daşınmaz Əmlakın ümumi sahəsi 73.4 kvadratmetr olmuşdur. xx.xx.2023-cü il tarixli,045İK-NAS-/2023 nömrəli “Alqı-Satqı və İpoteka Müqaviləsi” ilə ona aid olan yuxarıda qeyd olunan daşınmaz əmlakı Cavabdeh satmışdır. Alqı-satqıdan sonra avqust ayının sonunda cavabdeh ondan evi sentyabr ayının 1-dək tərk etməyi tələb etmişdir. Mənzildən köçərkən hələ yeni ev əldə etmədiyi üçün əşyaların bir qismi, o cümlədən 2 ədəd “ AUX 9000 BTU”(21170 imei) və “ AUX 9000 BTU”(21171 imei) markalı kondisionerlər cavabdeh şəxs olan Cavabdeh satdığı mənzildə qalmışdır. Belə ki, xx.xx.2023- cü il tarixli, 045İK-NAS-/2023 nömrəli Alqı-Satqı və İpoteka Müqaviləsi ilə ona məxsus olan daşınmaz əmlakı Cavabdeh satdıqdan sonra belə bir şifahi razılığa gəlmişlər ki, 2023-cü ilin sentyabr ayının 1-də o, mənzili təhvil-təslim edərkən bir neçə əşya o cümlədən 2 ədəd “ AUX 9000 BTU”(21170 imei) və “ AUX 9000 BTU”(21171 imei) markalı kondisionerlər, 1 ədəd “BEKO” markalı kondisioner evdə qalsın. X1, kürəkəni X3, həyat yoldaşı X2 və alqı-satqı əməliyyatında vasitəçilik edən Tural adlı yoldaşın iştirakı ilə aralarında əldə edilən şifahi razılığa əsasən “BEKO” markalı 60 kv-lıq dəhlizdə quraşdırılmış kondisioner cavabdehdə qalır, digər 2 ədəd “ AUX 9000 BTU”(21170 imei) və “ AUX 9000 BTU”(21171 imei) markalı kondisionerlər, o, yeni evə köçəndən sonra evdən çıxarmalı idi. Təxminən bir aydan sonra ona məxsus olan 2 ədəd “ AUX 9000 BTU”(21170 imei) və “ AUX 9000 BTU”(21171 imei) markalı kondisionerlərin götürülməsinə şərait yaradılması üçün Cavabdeh müraciət etmişdir. İlk əvvəllərdə Cavabdeh kondisionlerlerin götürülməsinə etiraz etməsədə buna şərait də yaratmamışdır. Daha sonra dəfələrlə müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələr yaratdıb və sonda “AUX 9000 BTU”(21170 imei) və “ AUX 9000 BTU”(21171imei) markalı kondisionerlərin təhvil verilməsindən cavabdeh şəxs imtina etmişdir. "İrşad Electronics” MMC ilə onun arasında 05 iyun 2019-cu il tarixdə müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə 18 ay müddətinə bağlanaraq ümumi dəyəri 1 518.00 (bir min beş yüz on səkkiz manat 00 qəpik) manat olan 2 (iki) ədəd AUX 9000 BTU”(21170 imei) və “ AUX 9000 BTU”(21171 imei) markalı kondisioner ona satılmışdır. Aralarında əldə olunan razılıq şərtinə uyğun olaraq şərtləndiyi müddətdə ödəniş onun tərəfindən tam həcmdə başa çatdırılmışdır. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək iddianı qəbul etmədiyini, qanunsuz və əsassız hesab etdiyini bildirmişdir. O, mənzili alarkən və bundan sonra üzərinə heç bir öhdəlik götürməmişdir. O, mənzili həmin şəkildə satın almış, iddiaçı özü mənzili kondisionerlərlə birlikdə ona satmış və dəyərini də iddiaçıya ödəmişdir. 2023-cü ilin sentyabr ayının 1-də iddiaçı mənzildən çıxarkən özünün bütün əmlaklarını aparmışdır. Əgər kondisonerləri tələb etsə idi, mənzildən çıxarkən onları da tələb edib götürərdi. Lakin, həmin şəxsin belə bir tələbi olmamışdır. Çünki, qeyd etdiyi kimi mənzili kondisionerlərlə birlikdə ona satmışdır. İddiaçı mənzildən çıxdıqdan sonra uzun müddət ona qarşı hər hansı tələb irəli sürməmiş, aralarında kondisonerlər barədə hər hansı mübahisə olmamışdır. Onun sonradan ona qarşı belə bir iddia qaldırmasının heç bir hüquqi əsası yoxdur. Alqı-satqı müqaviləsinin bütün şərtləri onun tərəfindən icra olunmuş, üzərində icra edilməyən hər hansı öhdəlik qalmamışdır. İddia əsassız olduğundan, eyni zamanda iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübut mövcud olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasmı məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı, iddia ərizəsində göstərdiklərini müdafiə etmişdir. "İrşad Electronics” MMC-ilə onun arasında bağlanan müqavilə sübut edir ki, həmin kondisionerlər ona məxsusdur. İddia ərizəsində göstərdikləri halları təsdiq edən başqa sübutu olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə etdiyini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli 449 (2) saylı "xxxx" MMC tərəfinən İddiaçı verilmiş arayışın surətindən görünür ki, İddiaçı "xxxx" MMC-ilə ********* saylı, 05 iyun 2019-cu il tarixli (nisyə) alqı-satqı müqaviləsi 18 ay müddətinə bağlanaraq 2 (iki) ədəd AUX 9000 BTU”(21170 imei) və “ AUX 9000 BTU”(21171 imei) markalı kondisionerləri ümumilikdə 1518 manat dəyərində satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İddia tələbində qeyd olunmuş, iddiaçının iddia ərizəsində göstərdiyi halları təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı, məhkəmə iclasında izahatında bildirmişdir ki, "İrşad Electronics” MMC-ilə onun arasında bağlanan müqavilə sübut edir ki, həmin kondisionerlər ona məxsusdur. İddiaçı tərəfindən, iddia ərizəsində göstərilən hallarla bağlı cavabdehlə onun arasında öhdəlik götürməsini təsdiq edən mötəbər sübutlarla məhkəməyə təqdim olunsa idi, iddiaçının iddia tələbi uğurlu ola bilərdi, həmin hallar isə təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı onun maddi və mənəvi zərərə məruz qaldığını bildirir. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddiçının, iddia ərizəsində göstərdiyi cavabdehin evində olan 2 ədəd “AUX 9000 BTU” markalı kondisionerlərin geri alınaraq ona verilməsi, bu mümkün olmadığı təqdirdə onların ümumi dəyəri olan 1 518.00 (bir min beş yüz on səkkiz manat) manat pulun ona verilməsi ilə bağlı tələblə bağlı halları sübuta yetirilə bilmədiyindən, həmin halları təsdiq edən sübut təqdim edilmədiyindən iddia tələbi rədd edilməli, həmçinin iddia tələbində göstərilmiş iddia ərizəsinin verilməsi üçün ödədiyi 36.00 manat dövlət rüsumun və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin verilməsi üçün ödədiyi 10.00 manat dövlət rüsumu ödənilməsi hissəsində də rədd edilməlidir. Bundan başqa, cavabdehin hərəkətləri nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri sübut olunmalıdır. İddiaçı tərəf iddia ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında da ümumi qaydada fikir ifadə etməklə iddiasının təmin olunmasını xahiş etmişdir. İddia tələbi rədd edildiyindən, iddiaçının mənəvi zərərə görə 150.00 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar