Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-908/2024 29.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samayıl oğlundan cəmi 5011,89 AZN məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 AZN dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis (bundan sonra bank) ilə Cavabdeh Samayıl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********0944-075190 saylı kart hesabı açılmış və ona kart verilmişdir. Müştəri xx.xx.2022-ci tarixində Banka yaxınlaşaraq 5320 AZN vəsaiti kassadan kartına mədaxil edib. Sonradan həmin məbləği dəyişdirərək 5220 AZN mədaxil yazılmasını istəyib. Birinci mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştər hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulun bir qismini xx.xx.2022-ci il tarixində nağdlaşdırmışdır. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 4828,11 AZN overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh Samayıl oğlunın xx.xx.2024-cü il tarixinə 4828,11 AZN overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 183,87 AZN faiz borcu olmaqla cəmi 5011,89 AZN borcu vardır. Tərəfimizdən Cavabdeh Samayıl oğluna bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK- 4248 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin, buna baxmayaraq, Cavabdeh Samayıl oğlu bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh Samayıl oğlu bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 2010-cu ildə İddiaçı ASC-dən kreditə pul götürmüş və həmin borcunu tam ödəmişdir. 2022-ci ildə isə bank tərəfindən onun kart hesabına pul köçürülmüş və o, həmin pulu çıxarıb xərcləmişdir. Lakin, həmin vaxtdan sonra bank ondan heç bir pul tələb etməmişdir. Hazırda bank tərəfindən müddət ötürülmüşdür. Ona görə də, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş edir. Həmçinin, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsini və həmin əsasa görə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh Samayıl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqavilədən görünür ki, Cavabdeh adına **********0944-075190 saylı kart hesabı açılmış və ona kart verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən təqdim edilmiş 03 sentyabr 2024-cü il tarixli hesabdan çıxarışdan və arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən Cavabdeh kart hesabına artıq ödənilmiş pul vəsaitinin kartdan çıxarılması nəticəsində 4828,11 manat məbləğində texniki overdraft (müqavilədən kənar) borcu yaranmış və bank tərəfindən həmin pul vəsaitinin qaytarılmamasına və özündə saxlamasına görə 183.87 manat faiz borcu hesablanmışdır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə banka 4828.11 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 183.87 manat faiz borcu olmaqla cəmi 5011.89 manat borcunun olduğu bildirilməklə 3 iş günü müddətində həmin borcun ödənilməsi həmin şəxsdən tələb olunmuşdur. Beləliklə də, təsvir olunanlardan görünür ki, Cavabdeh pul öhdəliyinin müqavilə əsası mövcud deyil və İddiaçı ASC-nin həmin şəxsə qarşı yönəlmiş iddia tələbinin hüquqi əsasını müqavilədən kənar öhdəlik, yəni əsassız varlanma nəticəsində əmələ gələn öhdəlik təşkil edir. Başqa sözlə, bank tərəfindən cavabdehin adına açılmış kart hesabına razılaşmaya uyğun deyil, yanlışlıqla pul vəsaitinin köçürülməsi nəticəsində overdraft borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən məhkəmə İddiaçı ASC-nin hazırkı iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməli olub-olmaması məsələsini müzakirə etməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı 05 sentyabr 2024-cü il tarixdə Cavabdeh pul vəsaitinin yanlışlıqla karta köçürülməsi nəticəsində 4828.11 manat overdraft borcunun yarandığını aşkar etmiş, bu, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışla da müəyyən olunur. Bununla belə, bank tərəfindən həmin vaxtdan sonra iki il ərzində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və iki il müddət keçdikdən sonra, yəni 20 sentyabr 2024-cü il tarixdə cavabdehə həmin borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və iddia ərizəsi 04 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, bankın əsassız varlanma obyekti olan həmin pul vəsaitinin qeri qaytarılması hüququ qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasaən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə də, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı mövqeyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASC əsassız varlanma obyekti olan pul vəsaitini geri tələb etmə hüququ iddia müddəti olan iki il müddətin keçməsinə görə düvvədən düşdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyindən İddiaçı ASC-nin hazırkı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 71 manat məbləğində dövlət rüsumu, iddia tələbi rədd edildiyindən İddiaçı ASC-nin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı ASC tərəfindən iş üzrə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlı̇ k edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-908/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-908/2024
29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver