Məhkəmə qərarları › İş №e-2(030)-600/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-600/2025

05.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-600/2025 05.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X5 Xidməti Daşkəsən Su X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X5 Xidməti Daşkəsən Su X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Azərbaycan Dövlət Su X1 X5 Xidməti Publik hüquqi şəxs Daşkəsən Su X2 İdarəsi tərəfindən işdən çıxarılması haqqında verilmiş 18 avqust 2025-ci il tarixli 214-K nömrəli əmrin ləğv edilərək işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə cavabdehin onun işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, idarənin rəhbərliyi heç bir əsaslı səbəb olmadan qərəzli olaraq 18 avqust 2025-ci il tarixli 214-K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu işdən azad etmişdir. İşlədiyi müddətdə əmək intizamını pozmamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmişdir. Bunlara görə xx.xx.2025-ci il tarixdə “Təşəkkürnamə” də almışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 12 oktyabr 2024-cü il tarixdə Daşkəsən Su X2 İdarəsinin abonent şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmişdir. 14 aqvust 2025-ci il tarixdə idarənin müdiri onu otağına çağıraraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin qəbuluna getməkdən imtina etməsini tələb etmişdir. Buna baxmayaraq o, 15 avqust 2025-ci il tarixdə qəbulda olmuş, 18 avqust 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənində əsasən işdən azad edilmişdir. İşlədiyi müddətdə pozuntulara yol verməmişdir. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiyi üçün 29 iyul 2025-ci il tarixdə təşəkkürnamə ilə təltif edilmişdir. Bundan əlavə ona pul mükafatları da verilmişdir. Barəsində tərtib edilmiş aktlar müdirin göstərişinə əsasən sonradan yazılmışdır. Onun işdən azad olunmasının səbəbi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin qəbuluna getməsi olmuşdur. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Azərbaycan Su X1 X5 Xidməti Daşkəsən Su X2 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 oktyabr 2024-cü il tarixli 33/k nömrəli əmrlə X6 Sistemlərinin İstismar İdarəsinin abonent xidmətləri şöbəsinə mühəndis vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Su X2 İdarəsinin 18 avqust 2025-ci il tarixli 214k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18 avqust 2025ci il tarixdən xitam verilmişdir. Əmrin verilmə əsası kimi Həmkarlar təşkilatının 4 saylı protokolu və müvafiq sənədlər göstərilmişdir. İşə əlavə edilmiş 23 yanvar 2025-ci il tarixli 06 nömrəli xəbərdarlığın surətindən görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq olunmuş, birdə bu cür hallara yol verilərsə haqqında ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş 23 yanvar 2025-ci il tarixli aktın surətindən görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə verilən xəbərdarlıqla tanış olmaqdan imtina etmişdir. İşə əlavə edilmiş 21 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı iş vaxtı idarədə səbəbsiz yerə problem yaratmış, işçiləri təhqir etmiş, nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, iş zamanı qəsdli şəkildə idarənin pilləkənlərində özünü yıxaraq idarənin rəhbərliyinə şər atacağını qışqıraraq ifadə etmiş, bu hərəkətləri dəfələrlə törətməyə cəhd etmişdir. İşə əlavə edilmiş 24 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, idarənin rəhbərliyini təhqir etmiş, işçilərin narazılığına səbəb olmuşdur. İşə əlavə edilmiş Daşkəsən Su X2 İdarəsinin 29 iyul 2025-ci il tarixli 21 nömrəli “Təşəkkürnamə”sinin surətindən görünür ki, abonent şöbəsinin mühəndisi İddiaçı vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiyinə görə təltif edilmişdir. İşə əlavə edilmiş 14 avqust 2025-ci il tarixli aktın surətindən görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı 14 avqust 2025-ci il tarixdə saat 12:15 və 14:50 radələrində heç bir əsaslı səbəb olmadan idarənin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, işçiləri nalayiq ifadələrlə təhqir etmiş, onların ünvanlarına söyüşlər söyərək idarənin iş rejimini və normal fəaliyyətini pozmuşdur. İşə əlavə edilmiş 14 avqust 2025-ci il tarixli aktın surətindən görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı nizam-intizam qaydalarını pozduğuna görə yazılı izahat verməkdən imtina etmişdir. İşə əlavə edilmiş 18 avqust 2025-ci il tarixli 53-2-16/3-31/2025 saylı təqdimatın surətindən görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı 14 avqust 2025-ci il tarixdə saat 12:15 və 14:50 radələrində heç bir əsaslı səbəb olmadan idarənin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna, işçiləri nalayiq ifadələrlə təhqir etdiyinə, onların ünvanlarına söyüşlər söyərək idarənin iş rejimini və normal fəaliyyətini pozduğuna görə barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilibedilməməsi, tətbiq edildiyi halda hansı tədbirlərin tətbiq edilməsi, o cümlədən işçinin işdə qalıb-qalmaması məsələsinə baxılması barədə Həmkarlar İttifaqı Komitəsinin müvafiq rəyinin idarəyə təqdim edilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Su X2 İdarəsinin Həmkarlar təşkilatının 18 avqust 2025-ci il tarixli 04 nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda təşkilatın 16 nəfər üzvü iştirak etmişdir. X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı törətdiyi əməllər kobud əmək intizamı pozuntusu hesab edildiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasında işə əlavə edilmiş CD diskdə olan səs yazısı dinlənilərkən işçi ilə idarənin müdiri arasında mübahisənin baş verməsi, işçinin Agentlik sədrinin qəbuluna yazıldığını əsas gətirilərək işdən getməsi tələb olunmuşdur. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasya sessiyasında iştirak edilməməsi barədə 02 sentyabr 2025-ci il tarixli MŞG/1/MT007/2025-01227 nömrəli arayışından görünür ki, müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf 02 sentyabr 2025-ci il tarixdə saat 14:00-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Daşkəsən Su X2 İdarəsinə 22 avqust 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından göründüyü kimi İddiaçı 15 oktyabr 2024-cü il tarixli 33/k nömrəli əmrlə X6 Sistemlərinin İstismar İdarəsinin abonent xidmətləri şöbəsinə mühəndis vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. Həmin müddət bitdikdən sonra müqavilənin müddəti qarşılıqlı şəkildə uzadılmışdır. İşçi əmək fəaliyyətini davam etdirmişdir. İdarənin 18 avqust 2025-ci il tarixli 214k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18 avqust 2025ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə ilk öncə qeyd edir ki, işçi ilə əmək müqaviləsinə xitam verilmə barədə 18 avqust 2025-ci il tarixli 214k nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilməmişdir. Yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. Əmrin məzmununda işçinin işdən çıxarılmasının konkret əsasları qeyd olunmamışdır. İşçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini və əmək vəzifələrini kobud şəkildə pozması hallarına yol vermişdirsə, bunlar əmək müqaviləsinə xitam vermə barədə əmrdə göstərilməli idi. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin maddəsi, hissəsi, bəndi əmrin məzmununda göstərilməlidir. 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda tələb olunan məlumatlar göstərilmədikdə əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə onu da qeyd edir ki, işin hallarından göründüyü kimi işçiyə 23 yanvar 2025ci il tarixdə xəbərdarlıq elan edilmişdir. Əmək Məcəlləsinin 186.4-cü maddəsinə sasən xəbərdarlıq intizam tənbehi sayılmır. Nümunəvi iş fəaliyyətinə görə xx.xx.2025-ci il tarixdə “Təşəkkürnamə” verilmişdir. Belə görünür ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbi işçinin əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi deyil, qeyri-etik davranışı olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrin məzmunundan görünməsə də, həmkarlar təşkilatına ünvanlanmış təqdimatdan və 14 avqust 2025-ci il tarixli aktdan belə görünür ki, X6 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı 14 avqust 2025-ci il tarixdə saat 12:15 və 14:50 radələrində heç bir əsas olmadan iş yerində etik davranış qaydalarına zidd hərəkətlərə yol vermişdir. Belə olan halda, əmək müqaviləsinin xitamının hüquqi əsası kimi Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar çıxış edə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin aşağıda qeyd olunan bəndlərinə görə: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Hazırkı iş üzrə iddiaçınının Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd olunan pozuntulardan hər hansı birinin, o cümlədən iş yerində inzibati xətanı törətmiş olması barədə sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsində göstərilir ki, hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində göstərilir ki, bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsi və məsuliyyətindədir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verildiyindən, ədalətlilik prinsiplərinə əməl edilmədiyindən, həmçinin əmr əmək məcəlləsində müəyyən edilmiş məzmuna malik olmadığından, və hüquqdan suiistifadə halları aşkar edildiyindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmə barədə Daşkəsən Su X2 İdarəsinin 18 avqust 2025-ci il tarixli 214K nömrəli əmri ləğv edilməli, İddiaçı Daşkəsən Su X2 İdarəsinin abonent xidmətləri şöbəsinə mühəndis işinə bərpa olunmalıdır. Həmçinin ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Daşkəsən Su X2 İdarəsinin 18 avqust 2025-ci il tarixli 214K nömrəli əmri ləğv edilsin. İddiaçı Daşkəsən Su X2 İdarəsinin abonent xidmətləri şöbəsinə mühəndis vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar