Məhkəmə qərarları › İş №e-2(031)-552/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-552/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-552/2024 14.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı ziyan tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2015-ci ildə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21070” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 və X2 ağır xəsarət almışdır. Hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 21070” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ağır xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-i təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan X3 və X1 ağır xəsarətə görə hər ikisinə 1500 manat sığorta ödənişi, ümumilikdə 3000 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən qaçdığı üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Şabran rayon məhkəməsinin 1(031)-56/2015 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Hadisə ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-115/16 saylı qərarına əsasən Cavabdeh barəsində Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə məhkum olunmasına dair Şabran rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən Cavabdeh 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(031)-56/2015 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1. və 264-cü maddələri ilə təqsirli bilinərək 03 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1. və 264-cü maddələri ilə məhkum olunmasına dair Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - 036924 və 042579 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan (İSB) görünür ki, hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 21070” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. - 6133 saylı və 1518 saylı sığorta ödəniş tapşırığından görünür ki, X3 və X1 ağır xəsarətə görə hər ikisinə ayrı ayrılıqda 1500 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat sığorta ödənişi və 50 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində sığorta ödənişi və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar