Məhkəmə qərarları › İş №e-2(033)-1244/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1244/2025

03.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1244/2025 03.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X7 Əli qızının katibliyi Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbi və dəlilləri Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə X5 və xx.xx.2018-ci ildə X1 üçün xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, hər ay iki uşaq üçün 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin ödənilməsi üçün Maraqlı şəxs ilə aralarında mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X5 və xx.xx.2018-ci ildə X6 adlı övladları doğulmuşdur. Cavabdeh ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən onlar Zaqatala rayon Məhkəməsinin e- 2(033)-315/2025 nömrəli qərarı ilə 2025-ci ilin fevral ayının 11-də rəsmi qaydada ayrılmışlar. Azyaşlı övladları onun himayəsindədir. Cavabdeh ilə aralarında mediasiya prossesi keçirilmiş, uşağın saxlanması üçün alimentin məbləğinin təyin edilməsinə dair barışıq sazişi əldə olunmuşdur. Mediasiya Şurası tərəfindən az yaşlı övladları xx.xx.2016cı il tarixdə X5 və xx.xx.2018-ci ildə X6 adlı saxlanması üçün xx.xx.2024-cü il tarixindən hər ay bir uşaq üçün 200 (iki yüz) manat, hər ay iki uşaq üçün 400 (dörd yüz) manat sabit pul məbləğində aliment cavabdeh Maraqlı şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair qarşılıqlı anlaşma yolu ilə razılıq əldə olunmuşdur. Lakin hazırda Maraqlı şəxs alimenti ödəməkdən yayınır, belə başa düşür ki, alimenti bilərəkdən ödəmir. O, tək ana kimi övladlarının ehtiyaclarını təkbaşına ödəyə bilmir. Bu da onun uşaqlarına vacib olan ehtiyaclarını ödəyə bilməsinə maneçilik törədir. Mediasiya sessiyasına İMS 50 (əlli), TMS- 200 (iki yüz) manat məbləğ ikitərəfli qaydada ödənilmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2016-cı ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 üçün xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay bir uşaq üçün 200 manat, hər ay iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün Maraqlı şəxs ilə aralarında mediasiyada 15 oktyabr 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Lakin həmin vaxtdan sonra maraqlı şəxs bir neçə ay aliment ödəsə də sonradan bundan imtina etmişdir. Onun sağlamlığında problem yaranmışdır. Lakin maraqlı şəxs aliment ödəməzsə uşaqlarının maddi ehtiyaclarını necə ödəyər. Bu səbəbdən o məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs məhkəmə iclasında tələbi qəbul etməyərək bildirdi ki, mediasiya şurasında hər iki uşağının saxlanması üçün hər ay ondan 400 manat alimentin tutularaq ərizəçiyə verilməsi barədə 15 oktyabr 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. O, özü razılıq vermişdir ki, ərizəçiyə hər ay 400 manat aliment ödəsin. Lakin bir neçə ay ödəniş etdikdən sonra onun səhhətində problem yaranmış və hazırda əlil arabası ilə hərəkət edir. O, hazırkı vəziyyətinə görə heç bir yerdə işləyə bilmir. Səhhəti düzəldikdən sonra o, aliment borcunu ödəyəcəkdir. Əgər ərizəçi uşaqlara baxa bilmirsə bir uşağını onun himayəsinə versin. O, 2-ci qrup əlil kimi 250 manat pensiya alır və hazırda həmin pulla bir uşağına baxa bilər. Göstərilənlərin nəzər alınmasını xahiş etdi. Yazılı sübutlar Zaqatala rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(033)-315/2025 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 07 yanvar 2016-cı il tarixdə Zaqatala Rayon Çobankol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən bağlanmış, 01 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin mövcudluğu nəzərə alınmışdır. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. Zaqatala Rayon Çobankol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, “mediasiya zamanı tərəflər, mediasiya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqların ananın himayəsində qalması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2016-cı il təvəllüdlü X2 (ş/v AA3920693, FİN:8EAXWMN), xx.xx.2018-ci il təvəllüdlü və X4 (ş/v AA4717375 FİN:8ELQ60V) xx.xx.2024-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi, anası Ərizəçi himayəsində qalmasına razılığa gəldilər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü və X6 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Maraqlı şəxs, birgə nigahdan doğulmuş uşaqları, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü və X6 ilə maneəsiz olaraq ünsiyyətdə olmalarına razılığa gəldilər” məzmununda bəndlərin nəzərdə tutulduğu saziş bağlamışdırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs mediasiyada edilən alimentin tutulması tələbi ilə əlaqədar birgə nikahda olarkən anadan olmuş uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü və X6 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişlər və 15 oktyabr 2024-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək birgə nikahlarından xx.xx.2016-cı ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin ödəməsinə dair 15 oktyabr 2024cü il tarixində mediyasiya şurasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 15 oktyabr 2024-cü il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 15 oktyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “birgə nikahdan xx.xx.2016-cı ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün, 15 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəniləcəyinə” dair 15 oktyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 15 oktyabr 2024-cü il tarixli barışıq sazişinin “birgə nikahdan xx.xx.2016-cı ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün, 15 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəniləcəyinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar