Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-146/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 473.88 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********6944-386900 saylı kart hesabı açılmış və ona kart verilmişdir. xx.xx.2022 tarixində sistemdə baş verən xəta nəticəsində, xx.xx.2022-xx.xx.2022 dövrdə müştəri kartına mədaxil olunan vəsaitlər ikiqat oturub. Belə ki, müştərinin kartında 455.00 manat artıq vəsait əks olunub. Həmin vəsaitin kartdan silinməsini gözləmədən xx.xx.2022 tarixində mobil proqram vasitəsi ilə müştəri 455.00 manat məbləği digər kartına göndərib. xx.xx.2022 tarixində silinmə daxil olan zaman, müştəri banka məxsus olan vəsaiti xərclədiyinə görə 455.00 manat overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 454.95 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 18.93 manat faiz borcu olmaqla ,cəmi 473.88 manat borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-4564 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 8.5-ci maddəsinə əsasən müştəri kart hesabı üzrə yaranan overdraft borcunu banka ödəməyi öz öhdəsinə götürür. Müştəri bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 % (iki) faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-1239/2024 nömrəli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini, mülki iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ünvanına məhkəmə bildirişləri rəsmi qaydada göndərilmiş, lakin Zaqatala RİHB-nın Əliabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-82-13/2-75/2024 saylı rəsmi şəkildə vermiş olduğu məlumatına görə Cavabdeh Nəzir qızı hal-hazırda qəsəbədə yoxdur. Bakı şəhərində yaşayır. Ona göndərilmiş məhkəmə bildirişini onun doğma dayısı X1 təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KMP-00386900- 072614/21 saylı “Kartmane” xidməti üzrə müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti bank tərəfindən müştəriyə “Kartmane” xisməti üzrə cari hesabın açılması, həmin hesabda müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesaba bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. Kartın növü MC World təşkil edir. “Kartmane” hesabı AZN valyutasında 60 (altmış) ay müddətinə açılır. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 8.1-ci maddəsindən görünür ki, müştəri bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsasların Bank qarşısında bu Müqavilə üzrə yaranmış istənilən borcu Banka ödəməlidir. X3 valyutasına müvafiq olaraq qəbul edilir. Borcların Bankda odənilməsi zamanı Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. X5 Texniki Overdraft yaranacağı təqdirdə Kartın bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün borc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür. 8.2-ci bəndinə əsasən bank X2 əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və ya digər Texniki Overdraft məbləğini, həmçinin bu Müqavilədə nəzərdə tutulmayan hallarda səhvən Kart Hesabına köçürülmüş Müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, Müştərinin sərəncamı olmadan Bankdakı istənilən hesabından akseptsiz qaydada silir. 8.3-cü bəndinə əsasən Müştəri Bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti Banka bu Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə Bankın həmin məbləği Muştərinin Bankda olan istənilən hesabından (cari, depozit və s.) akseptsiz qaydada silmək hüququ yaranır və bu Müqaviləni imzalamaqla zalamaqla Müştəri buna öz razılığını bildirir. 8.4-cü bəndinə əsasən müştəri, Kart hesabı üzrə yaranan Overdraft borcunu, bu haqda Bankdan məlumat alan tarixdən etibarən 30 təqvim günü müddətində Banka odəməyi öz öhdəsinə götürür. 8.5-ci maddəsinə əsasən Kart hesabı üzrə Overdraft yarandığı təqdirdə, bu haqda Muştəriyə telefon, e-mail və ya SMS vasitəsilə məlumat verilir. Muştəri Overdraft üzrə yaranan borcu Banka Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda, Bankın Overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 (iki) faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu Banka ödəməyi öz öhdəsinə götürür. 8.6-cı bəndinə əsasən Müştəri kredit kartı üzrə yaranmış borcu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəməlidir; 8.7-ci bəndinə əsasən müştəri kredit kartı üzrə yaranmış borcu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəməlidir. İddiaçı ASC tərəfindən təqdim edilən arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci tarixli, **********6944-386900 müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə 454.95 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 18.93 manat faiz borcu olmaqla, cəmi 473.88 manat borcu vardır. İddiaçı ASC tərəfindən borcluya ünvanlanan xx.xx.2024-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcunu 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KMP-00386900-072614/21 saylı “Kartmane” xidməti üzrə müqaviləsinə əsasən sonuncuya AZN valyutasında MC World kartı verilmişdir. xx.xx.2022ci il tarixdə Cavabdeh 455 manat məbləğində banka məxsus pul vəsaitini istifadə etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə kart hesabının qalığından artıq məbləğlərdə əməliyyat aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında bank tərəfindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Ona görə də, iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Hazırda İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş 24 sentyabr 2024-cü il tarixə tərtib edilmiş arayışdan da görünür ki, overdraft nəticəsində yaranan borc 454.95 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh iddiaçı ilə arasında bağlanmış kart xidməti müqaviləsi üzrə ona verilən karta texniki overdrafta görə artıq vəsait yüklənmiş, cavabdeh isə həmin vəsaiti banka qaytarmamaqla əsassız varlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında da cavabdehin tələb edilən məbləğə münasibətdə əsassız olaraq varlanması öz təsdiqini tapır. Bu səbəbdən də məhrum olanın əsassız varlanmış şəxsə qarşı əldə etdiklərini qaytarma tələbi əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbini 18.93 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, əsassız varlanmadan əmələ gələn mübahisə qanundan irəli gəlir və bu qəbildən irəli gələn mübahislər üzrə tərəflər arasında faizin ödənilməsi ilə bağlı razılaşma mövcud olmadığından faiz hesablana bilməz. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İstinad olunan maddə və onun şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarına əsasən qeyd olunan maddə üzrə tərəfdən pulun tələb edilməsi özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması nəticəsində ondan faydalanmanı ehtiva edir ki, belə faydalanmanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə araşdırmaları zamanı belə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi 18.93 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 454.95 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 454.95 (dörd yüz əlli dörd manat doxsan beş qəpik) manat məbləğində əsas məbləğ üzrə borc və 30 (otuz) manat dövlət rüsum tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-146/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-146/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver