Məhkəmə qərarları › İş №e-2(033)-1525/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1525/2025

05.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1525/2025 05.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 2ci dərəcəli əlilliyinə görə ödənilmiş 1500 manat (bir min beş yüz manat) və iddianın qaldırılması üçün ödənilmiş 35 manat (otuz beş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21124” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi törətmiş və nəticədə X6 ağır dərəcəli bədən xəsarəti almaqla, barəsində 2-ci dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş İcbari sığorta bürosundan çıxarışdan və 080886 nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı “VAZ 21124” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Zaqatala Rayon Məhkəməsinin 1(033)-18/2017 saylı hökmünün surətindən aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törədərkən sərxoş vəziyyətdə olmuş, habelə hadisə nəticəsində zərərçəkən şəxsə lazımi tibbi dəstəyi göstərmədən hadisə yerindən qaçaraq, zərərçəkənin ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. İddiaçı "xxxx" ASC baş vermiş yol-nəqliyyat hadisəsini sığorta hadisəsi kimi tanımış və icbari sığorta qanunlarına habelə icbari sığorta müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmişdir. Belə ki, İcbari Sığorta Haqqında AR qanununun 14-cü maddəsinin tələblərinə əsasən, zərərçəkən X1 ağır dərəcəli bədən xəsarətinə görə 1500 manat (min beş yüz manat) sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Daha sonra isə, həmin məbləğ Subroqasiya qaydasında cavabdehdən Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçının xeyrinə tutulmuşdur. Daha sonra isə hadisə nəticəsində zərərçəkən X3 2-ci dərəcəli əlillik təyin edilmişdir. “İcbari Sığortalar Haqqında Qanunun” 14.2.3-cü maddəsinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta ödənişi sığorta məbləğinin (5000 AZN) orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz olaraq müəyyən edilir. Beləliklə, sığorta məbləği 5000 AZN olduğundan veriləcək sığorta ödənişi məbləğinin dəyəri 3000 AZN olmuşdur. İş materiallarında olan AR ƏƏSMN tərəfindən təqdim edilən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədə əsasən, zərərçəkmiş X1 2-ci dərəcəli əlil olması faktı xx.xx.2017-ci ildə, yəni sığorta hadisəsindən 1 il sonra müəyyən edilmişdir. Zərərçəkənə daha əvvəl artıq 1500 AZN ödənilmiş olduğu üçün,geri qalan 1500 AZN sığorta ödənişi də sonradan 1445 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə iş materiallarında olan 890061 nömrəli X6 tərəfindən verilmiş etibarnaməyə əsasən, X2 bank hesabına köçürülmüşdür. Bildirmək istəyirlər ki, sığorta hadisəsi zamanı Cavabdeh yuxarıda qeyd etdiyi kimi sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmiş və yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayındığı üçün də ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, ümumilikdə 1500 manat (min beş yüz manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 20 noyabr 2025ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. Zaqatala Rayon Məhkəməsinin 1(033)-18/2017 saylı, 22 fevral 2017-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olaraq, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan, məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs Cavabdeh qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 barəsində xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. 080886 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı "VAZ 21124” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah Sığorta Şirkəti” ASC-də icbari qaydada sığortalı olmuşdur. 1445 saylı 10 fevral 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "Atəşgah Sığorta Şirkəti” ASC X1 almış olduğu 2-ci dərəcəlik əlilliyə görə 1500 (bir min beş yüz) manat sığorta ödənişini xx.xx.2019-cu il tarixli etibarnamə əsasında X2 hesabına köçürülmüşdür. İddiaçı Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanan 07 mart 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh, zərər məbləğinin 10 iş günü ərzində ödənilmədiyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraiət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 35 (otuz beş) dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 883.1-ci maddəsində göstərilmişdir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsində qeyd olunmuşdur ki, sığorta münasibətləri sığortalı və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.4-cü maddəsinə əsasən sığorta hadisələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. 14.2.3.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz sığorta məbləği müəyyən edilmişdir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində gostərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə huququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna huququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş, Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 20.1.-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surəti olduqda sığorta ödənişi həyata keçirilir. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 21 sentyabr 2016-cı il tarixdə təxminən saat 05:42 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd yolunun Zaqatala şəhəri ərazisindən keçən 129-cu km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21124” markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri, 20 Yanvar dairəsi istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, avtomobili əks hərəkət zolağına çıxartmamalı və avtomobili qarşı sol hərəkət zolağına çıxmasına səbəb olan hərəkət təhlükəsizliyin təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, əks hərəkət zolağına çıxaraq, ehtiyatsızlıqdan yolun sol yan kənarında durmuş piyada X4 vurub «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə Qüdrət Şabanova açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcədə əzilməsi, kəllə əsası sümüklərinin sınığı, pnevmosefaliya, sol aşağı dərin süst monoparez, sol bud sümüyü boynunun yerdəyişməli qapalı sınığı, sol alın nahiyyəsində əzilmiş-cırılmış yara, sifətində, hər iki dizində və ətraflarında sıyrılmış yaralar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. Zaqatala Rayon Məhkəməsinin 1(033)-18/2017 saylı, 22 fevral 2017-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Qüdrət Şabanov sağlamlığa ağır zərər yetirən xəsarət almış, xx.xx.2017-ci il tarixdə isə barəsində ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Belə olan halda iddiaçının zərərvuran şəxs Cavabdeh X1 almış olduğu İİ dərəcə əlilliyə görə zərərçəkənə (etibarnamə üzrə nümayəndəsi X5) ödənilmiş 1500 manat məbləğində sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etmək hüququ vardır. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X1 almış olduğu 2-ci dərəcəli əlilliyinə görə zərərçəkmiş şəxsə ödənilmiş 1500 (bir min beş yüz) manat pul alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir İddia tələbi təmin edildiyindən Cavabdeh 35 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilsin. Cavabdeh X1 almış olduğu 2-ci dərəcəli əlilliyinə görə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar