Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-194/2025 27.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi barədə” kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə müraciət edərək, Cavabdeh ödənilmiş sığorta ödənişindən qalan 4564.92 (dörd min beş yüz altmış dörd manat doxsan iki qəpik) manat sığorta ödənişinin və ödənilmiş 65.64 ( altmış beş manat altmış dörd qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yol vərəqəsi ilə idarə olunan “MERCEDES BENZ ” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********2 nömrəli sığorta şəhadətnaməsinin və 12812 və 120167 nömrəli sığorta aktlarından çıxarışından görünür ki, “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş “505 Rent a Car” tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 21 nömrəli yol vərəqəsinin surətindən görünür ki, hadisə zamanı Cavabdeh “MERCEDES BENZ ” markalı, ** HS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2022-ci il tarixə qədər etibarnaməsi olmuşdur. Beləliklə o nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir . İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Qüsur aktına” əsasən, “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9649 AZN (doqquz min altı yüz qırx doqquz manat) məbləğində zərər dəymişdir. 4. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 9069 tapşırıqdan və xx.xx.2023-cü il tarixli bank qəbzinin surətindən görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Kia Forte” markalı, ** KY ***” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkmiş şəxs X4 1250 ( min iki yüz əlli) manat azadolma məbləği (franşiza) çıxılmaqla 8399 (səkkiz min üç yüz doxsan doqquz manat) manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın və İXP ******* seriyalı saylı protokolun surətindən görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 82412 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 8399 (səkkiz min üç yüz doxsan doqquz) manat məbləğin 3834.08 (üç min səkkiz yüz otuz dörd manat səkkiz qəpik) manat hissəsi “MERCEDES BENZ” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 4564.92 (dörd min beş yüz altmış dörd manat doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. Ödənilmiş sığorta ödənişindən qalan 4564.92 (dörd min beş yüz altmış dörd manat doxsan iki qəpik) manat sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə tutulmalıdır. Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli e-2(033)-1345/2024 nömrəli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, “505 Rent a Car” tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 21 nömrəli yol vərəqəsi ilə idarə etdiyi “MERCEDES BENZ” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi onun təqsiri üzündən baş vermişdir. “505 Rent a Car”ın rəhbəri Zəfər bəydir. Onun idarə etdiyi avtomobil kasko sığorta olunmuş və avtomobilə dəymiş zərər 6000-7000 manat təşkil etmişdir. İddiaçı tərəfindən ona qarşı iddia qaldırmamışdan əvvəl məktublar ünvanlanmış və o, iddiaçının fəaliyyət göstərdiyi ofislərinə gedərək onların nümayəndəsi ilə görüşmüşdür. O, çek və ya qiymətləndirmə aktı istəmiş, lakin nümayəndə rəhbərliyin icazəsi olmadan sənəd verə bilməyəcəyini bildirmişdir. Nümayəndə ona onun 4500 manat borcu olsa da 3000 manat pulu verərsə borcu bağlayacağını bildirmişdir. O, nümayəndəyə nəyə görə sənədi rəhbərin icazəsi olmadan verilməsi mümkün olmadığı halda borcun az məbləğdə bağlamaq mümkün olduğunu soruşmuşdur. O, düşünür ki, bu qurma işdir. Bu iş qurma olmasa idi ilk öncə ondan pul tələb olunardı, Zəfər bəydən yox. Onun avtomobilinin sığortası olmuşdur və sığorta şirkəti tərəfindən pul ödənilmişdir. O, Zəfər bəyə 1500 manat pul ödəmişdir. Onun idarə etdiyi avtomobil vurulsa da digər avtomobilə vurulmuş zərər çox hesablanmışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsindən görünür ki, X6 məxsus “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Bakı şəhəri DPPİ-in polis kapitanı X7 21 noyabr 2022-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın və İXP ******* seriyalı saylı protokolun surətindən görünür ki, Cavabdeh İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 22 noyabr 2022-ci il tarixli “Qüsur aktı”ndan görünür ki, “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9649 (doqquz min altı yüz qırx doqquz) manat məbləğində zərər dəymişdir. 24 noyabr 2022-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yol vərəqəsi ilə idarə olunan “MERCEDES BENZ ” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. 13 yanvar 2023-cü il tarixli, 120167 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən KİA FORTE markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərlə bağlı Zəfər Əliliyə 7399 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 31 yanvar 2023-cü il tarixli, 120812 saylı sığorta aktından görünür ki, sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zəfər Əliliyə məxsus əmlaka 9649 manat zərər dəymişdir. Yaranmış zərərlə bağlı X6 1000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 01 fevral 2023-cü il tarixli, 9069 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkmiş şəxs X4 1250 (bir min iki yüz əlli) manat azadolma məbləği (franşiza) çıxılmaqla 8399 (səkkiz min üç yüz doxsan doqquz manat) manat sığorta ödənişini ödəmişdir. 17 may 2024-cü il tarixli 82412 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 8399 (səkkiz min üç yüz doxsan doqquz) manat məbləğin 3834.08 (üç min səkkiz yüz otuz dörd manat səkkiz qəpik) manat hissəsi “MERCEDES BENZ” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. İddiaçı Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanan 21 may 2024-cü il tarixli 1121 saylı pretenziya məktubundan görünür ki, cavabdeh, zərər məbləğinin 10 gün ərzində ödənilmədiyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 65,64 (altmış beş manat altmış dörd qəpik) dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 21 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrındə Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti Xəqani Rüstəmov kəsişməsi ərazidə Cavabdeh yol vərəqəsi ilə “MERCEDES BENZ B 200 MİNİK” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq **********92 nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığorta təminatı verilmiş “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və sonuncu avtomobilinə maddi zərər dəymişdir. Bakı şəhəri DPPİ-in polis kapitanı X7 21 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Eminov X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər qüsur aktına əsasən 9649 manat müəyyən edilmiş, sığorta aktı tərtib edilmiş və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən “Kia Forte” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X5 hesabına 8399 manat köçürülmüşdür. xx.xx.2024-cü il tarixli 82412 nömrəli ödəniş tapşırığına əsasən 8399 manat məbləğin 3834.08 manat hissəsi “MERCEDES BENZ” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmiş, qalan məbləğ, yəni 4564.92 manat məbləğində pul Cavabdeh tərəfindən hal-hazırda ödənilməmiş qalmışdır. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh ödənilmiş sığorta ödənişindən qalan 4564.92 (dörd min beş yüz altmış dörd manat doxsan iki qəpik) manat sığorta ödənişinin tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi təmin edildiyindən Cavabdeh 65,64 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişindən qalan 4564.92 (dörd min beş yüz altmış dörd manat doxsan iki qəpik) manat sığorta ödənişi və 65,64 (almış beş manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-194/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-194/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver