Məhkəmə qərarları › İş №e-2(033)-213/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-213/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-213/2023 14.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2534 manat pulun və ödənilmiş 45.74 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mazda Tribute” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törədilmişdiir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2534 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. 2534 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrülü olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan Zaqatala rayon məhkəməsinin 07 may 2019-cu il tarixli 1(033)-20/2019 saylı hökmün surətindən görünür ki, Cavabdeh 28 noyabr 2018-ci il tarixdə saat 20:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mazda tribute” markalı, 10 ZL-626 dövlət qeydiyyat nişanlı avtomobillə yaşayış məntəqəsi hesab olunan Zaqatala şəhəri Anar Həmidov küçəsi ilə Zaqatala şəhəri Sevil Qazıyeva küçəsi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində, həmçinin həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş yol hərəkətinin iştirakşıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və sürücülük hüququ olmadan yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olan sürətlə hərəkət edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən maddələrin tələblərini pozmaqla, həmin istiqamətdə Zaqatala şəhəri Sevil Qazıyeva küçəsinə sol tərəfə dönmək üçün dayanmış X3 idarə etdiyi “Opel Astra” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən vurduqdan sonra “Mazda tribute” markalı, 10 ZL-626 dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında yerləşən X8 məxsus evin həyətində olan qarajın giriş qapısına, “Opel Astra” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin evin həyətinin hasarına və hasarın qorunması üçün yol kənarında çəkilmiş dəmir borulara çırpılmış, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “Mazda tribute” markalı, 10 ZL-626 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 bazu sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuş, həmçinin “Opel Astra” markalı ** BL *** dövlət nömrə nişanlı avtomobilin sahibi X5 3789 (üç min yeddi yüz səksən doqquz) manat, “Mazda tribute” markalı, ** ZL *** dövlət nömrə nişanlı avtomobilin sahibi X6 7472 (yeddi min dörd yüz yetmiş iki) manat və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X8 isə 215.5 (iki yün on beş manat əlli qəpik) manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin - 2534 manat həcmində olması müəyyən edilmişdir. İş materiallarında olan 02 oktyabr 2019-cu il tarixli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X5 2534 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli, 10532 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 hesabına ödənişin təyinatı “02 oktyabr 2019-cu il tarixli 073164 saylı sığorta aktına əsasən sığorta ödənişi” göstərilməklə 2534 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan İddiaçı Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanan 18 noyabr 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh, zərər məbləğinin 7 iş günü ərzində ödənilmədiyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraiət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 45,34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 28 noyabr 2018-ci il tarixdə saat 20:30 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mazda tribute” markalı, 10 ZL-626 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri Anar Həmidov küçəsi ilə Zaqatala şəhəri Sevil Qazıyeva küçəsi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini pozaraq Zaqatala şəhəri Sevil Qazıyeva küçəsinə sol tərəfə dönmək üçün dayanmış X3 idarə etdiyi “Opel Astra” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən vurduqdan sonra “Mazda tribute” markalı, 10 ZL-626 dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında yerləşən X8 məxsus evin həyətində olan qarajın giriş qapısına, “Opel Astra” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin evin həyətinin hasarına və hasarın qorunması üçün yol kənarında çəkilmiş dəmir borulara çırpmışdır. Zaqatala rayon məhkəməsinin 07 may 2019-cu il tarixli 1(033)-20/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2534 manat məbləğində ziyan dəymiş, həmin ziyanın əvəzi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs X5 ödənilmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi 2534 manat məbləğində sığorta ödənişinin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi təmin edildiyindən Cavabdeh 45,74 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2534 ( iki min beş yüz otuz dörd) manat məbləğində pul vəsaiti və 45,74 (qırx beş manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar