Məhkəmə qərarları › İş №e-2(033)-337/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-337/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-337/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mitsubishi Pajero” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1050 manat pulun və ödənilmiş 30.90 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Corolla” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mitsubishi Pajero” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Mitsubishi Pajero” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1050 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirlər ki, 1050 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin ona qarşı "Subroqasiya qaydasında pul tələbinə dair" iddia ərizəsi əsassız və iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilməməsi və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə evlərinə yaxın ibadət yerində namazdan sonra oğlu Adilin səhhətində problem yarandığına görə ona məxsus **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən bir kilometr məsafədə yerləşən evlərinə tərəf idarə edərkən yol qəzası baş vermişdir. Onunla eyni istiqamətdə arxadan yüksək sürətlə hərəkət edən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Məcid sola dönmə lampasını yandırıb yolun kənarında yerləşən evlərinə tərəf dönərkən sürət üzündən idarəetməni itirib yolu keçdikdən sonra avtomobili ilə toqquşmuşdur. Əvvəllər sürücülük vəsiqəsi olsa da müddəti bitmiş, yeniləmək imkanı olmamışdır. Hadisədə yeganə nöqsanı sürücülük hüququ olmadan avtomobil idarə etməyi olmuş, qanunvericiliklə inzibati cəzası nədirsə onu da ödəniş etmişdir. Sığortaçının nümayəndəsi hadisə yerində olarkən qəza hadisəsinin onun tərəfindən törədilmədiyi sübut olunmuş və ona sığorta ödənişi olunmamalı idi. Onun arxadan 100 km/saat sürətlə gəlib onun avtomobilinə vurduğu zərəri hələ də aradan qaldıra bilməmiş və əslində o özü şikayətçidir. Bundan başqa, öz təqsiri üzündən **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 2 qapı əzilməsi olmuşdur ki, araşdırmalarına görə köhnə buraxılış həmin avtomobillərin qapısının mövcud bazar qiyməti 2 ədədi 300 manat təşkil edir. Belə çıxır ki, sığortaçının nümayəndəsi zərərvuranla əlaqəyə girib zərəri şişirdilmiş məbləğ göstərməklə bugün ondan əsassız tələb edir. Qanunlara görə sığorta ödənişini sığortaçı 7 iş günündən gec olmayaraq ödəməlidir. Hadisədən keçən 3 il 9 ay müddətində sığorta ödənişi və ya hər hansı başqa pul tələbi barədə bizdən tələb olmamışdır. Məcid isə yaşayış məntəqəsi mərkəzi asfalt yolda dönmə işarəsi yandıraraq sola evlərinə döndüyü vaxt eyni istiqamətdə arxadan yüksək sürətlə gəlib idarə etdiyi avtomobilə çırpılmış, avtomobilinə ciddi zərər vurmuşdur. Məhz buna görə yol hərəkəti qaydasını pozmaqla Məcid qəza şəraiti yaratdığına görə "sığortaçı" düzgün araşdıraraq sığorta ödənişi etməməli idi. O özü sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə inzibati tənbeh olunmuş və cəriməni də ödəmişdir. Bugünə qədər hadisədən keçən 3 il 9 ay müddətində də sığortaçı tərəfindən onlara qarşı heç bir tələb olmamışdır. O, maddi imkansızlıqdan öz avtomobilini də düzəltdirə bilməmişdir. Bundan başqa, sığortaçının da onlardan pul tələbi əsassızdır və iddia müddəti ötürüldüyünə görə iddia tələbi rədd edilməlidir. Qəza hadisəsində 7 gün müddətində sığorta ödənməli olduğunu nəzərə alsa və hadisədən 3 il 9 ay müddət keçdiyini nəzərə alsaq tam əmin oluruq ki, iddia müddəti ötmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbi üzrə iddia müddətinin tədbiq edilməli olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin halları 17 iyul 2019-cu il tarixli 069387 nömrəli Sığorta Aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında sığorta müqaviləsi bağlanmış “Toyota Carolla” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2018 – xx.xx.2019-cu il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “Toyota Carolla” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş xx.xx.2019-cu il tarixli zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq dəymiş zərər 1050 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq X3 hesablanan sığorta ödənişi 1050 manat miqdarında olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(033)-316/2019 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 14 iyun 2019-cu il tarixli AP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 31 may 2019-cu il tarixdə saat 14 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Toyoto Corolla” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu Muxax kənd yolu ilə hərəkət edərkən düz yolla gedən “Mitsubishi Pajero” markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 02 iyul 2019-cu il tarixli hesabatdan görünür ki, Toyota Carolla nömrəli ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1050 manat həcmində olması müəyyən edilmişdir. 18 iyul 2019-cu il tarixli 7171 nömrəli ödəniş tapşırığından görünür ki, 1050 manat vəsait Atəşgah Sığorta Şirkəti ASC tərəfindən X3 ödənmişdir. Atəşgah Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Atəşgah Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1050 manat sığorta ödənişi həcmində vəsaitin geri qaytarılmasını tələb etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “Toyota Carolla” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2018 – xx.xx.2019-cu il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 31 may 2019-cu il tarixdə saat 14 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Toyoto Corolla” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu Muxax kənd yolu ilə hərəkət edərkən düz yolla gedən “Mitsubishi Pajero” markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, xəta nəticəsində X2 mülkiyyətində olan «Mitsubishi Pajero» minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh Rəcəbov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(033)- 316/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmişdir. «Mitsubishi Pajero» markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Atəşgah Sığorta Şirkəti ASC tərəfindən 1050 manat həcmində qiymətləndirilmiş və həmin məbləğ 18 iyul 2019-cu il tarixli ödəniş tapşırığına əsasən nəqliyyat vasitəsinin sahibi X3 ödənilmişdir. İddiaçı hazırda xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X3 ödənmiş sığorta ödənişinin əvəzinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və iddia müddətinin tədbiq edilməklə iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə ilk öncə Cavabdeh iddia müddətinin tədbiq edilməsi ilə bağlı etiraz ərizəsinə münasibətdə qeyd edir ki, etiraz ərizəsindən də göründüyü kimi cavabdeh müqavilə tələbləri üzrə iddia müddəti kimi nəzərdə tutulmuş 3 il iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, konkret şəxsə məxsus hüquq pozulduqda qanunverici onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddəti şamil edir. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi iddia müddətləri. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir və ümumi iddia müddətinə münasibətdə onlar qısaldılmış müddətlərdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi üçün etiraz ərizəsi verərkən məhz xüsusi iddia müddəti olan müqavilə tələbləri üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, halbuki cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış sığorta müqaviləsinin tərəfi olmamış, həmçinin hazırki iddia tələbi müqavilə tələbləri üzrə deyil, vurmuş olduğu maddi zərərlə bağlı tələbdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə xüsusi iddia müddətləri deyil, ümumi iddia müddəti tətbiq edilməli olduğundan iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə iddia tələbinə münasibətdə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi zamanı Cavabdeh hadisənin baş verməsində təqsiri müəyyən edildiyindən, eyni zamanda icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etmək hüququ olmadığından, həmin sığorta hadisəsi nəticəsində «Mitsubishi Pajero» minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilə 1050 manat həcmində zərər dəydiyindən və həmin məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənildiyindən, yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə) görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənilən (sığorta məbləği) 1050 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1050 manat sığorta ödənişini «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1050 manat sığorta ödənişinin əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Cavabdeh 30,90 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 1050 (bir min əlli) manat sığorta ödənişi məbləği və 30,90 (otuz manat doxsan qəpik) manat dövlət rüsumu, cəmi 1080,90 (bir min səksən manat qoxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar