Məhkəmə qərarları › İş №e-2(033)-685/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-685/2025

07.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-685/2025 07.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində anadan olmuş X1 xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01296 saylı mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, maraqlı şəxs X5 ilə birgə nigahlarından xx.xx.2023-cü il tarixdə X6 adlı övladı anadan olmuşdur. Maraqlı şəxsin ailələrinə yaraşmayan hərəkətlər etməsi və əxlaqa zidd rəftarına görə onların aralarında böyük problem yarandığından ayrılmaq qərarına gəlmişdir. Lakin cavabdehin and aman eləməsi, ona yalvararaq bu problemini cəmiyyət içinə çıxartmamağını xahiş edərək, az yaşlı qızının gələcəyini zədələməmək xatirinə o ilkin məhkəmədə bu problemi işıqlandırmamışdır, yalnız xarakter uyğunsuzluğu adı ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə boşanmaq üçün ərizə vermişdir. Zaqatala rayon Məhkəməsinin e-2(033)-152/2025 saylı qərarı ilə xx.xx.2025-ci ildə rəsmi qaydada ayrılmışlar. Qarşılıqlı razılaşma yolu ilə azyaşlı övlad xx.xx.2023-cü il təvəllüdlü X7 anası X2 himayəsinə verilməsi barədə Barışıq Sazişi imzalamışlar. Bundan başqa, xx.xx.2024-cü il tarixində Mediasiya Təşkilatında imzalanan MŞŞ/MT018/2024- 01296 nömrəli Barışıq Sazişindən də göründüyü kimi X5 ilə rəsmi qaydada məhkəmə yolu ilə ayrılmalarına, az yaşlı övladının anasının himayəsində saxlanılmasına, qızı ilə ünsiyyətdə olmağı üçün hər ayın 1-dən 15-nə kimi bir yerdə olmağına və hər ayın yarı günü cavabdehdə, yarı günü onda olması səbəbindən və qarşı tərəfin uşağın hər ayın 15 günü ona olması səbəbindən aliment tələb etməyəcəyinə dair razılığa gələrək Barışıq Sazişi imzalamışlar. Onu da xüsusi ilə bildirir ki, cavabdeh şəxsən özü ondan onun əməlləri barədə Məhkəmədə heç bir məlumat verməməyini, sadəcə xasiyyət uyğunsuzluğundan boşanmaq niyyətində olmağımı bildirməyini xahiş etdi. O da az yaşlı övladının gələcəyi naminə maraqlı şəxsin xahişini nəzərə almışdır. Bundan başqa X5 onun evindən getdikdən sonra Biləsuvar rayonuna gedərək orada yaşayır, valideynləri isə Zaqatala şəhərində yaşayırlar. Şəbnəm Səbirli guya iş adıynan Biləsuvara getdiyini bildirir, lakin hörmətli Məhkəmədən xahiş edir ki, elektron hökumət portalı vasitəsi ilə Şəbnəm Səbirlinin işçi kimi aktiv əmək müqaviləsinin olub olmamasına da aydınlıq gətirilməsinə təşəbbüs göstərilməsini xahiş edir. Xüsusi ilə bildirir ki, cavabdehin heç ali və orta ixtisas təhsili yoxdur. Biləsuvar rayonunda kirayə qalmaq, işə gedib gəlmək az yaşlı uşağınıın ehtiyaclarını ödəmək kimi yüksək məbləğli hansı müəssisədə çalışmağına aydınlıq gətirilməsi uşağının mənafeyinə uyğundur. Onun işə getdiyi zaman bağça yaşına da çatmayan övladını başsız qoyub getməsi və ya getmədən hansı yollarla pul qazanaraq dolanması ona maraqlı olmasada bir ata kimi övladının qız uşağı olması səbəbindən onu narahat edir. X9 rayonunda olduğu zaman dəfələrlə kirayə qaldığı evdən onunla görüntülü danışmış və bu zaman az yaşlı övladının qarşısında evdə yad kişinin olmasının şahidi olmuşdur. Hətta bu şəxsin kim olmasını sual etdikdə ona müdiri olduğunu arada bunlara gəlib qalmasını, qaldığı zaman stol ətrafında az yaşlı qızının gözü qarşısında alt paltarında olmasının da şahidi olmuşdur. Hətta bir dəfə qızını gətirmək üçün oraya getdiyi zaman həmin müdirim dediyi şəxs içkili vəziyyətdə bunun evində qalmasının şəxsən şahidi olduğu və Şəbnəmə bunun hansı əxlaqa uyğun olmasını sual etdikdə ona müdirinin içdiyi zaman ailəsinin yanına evə getmədiyini həmişə onlara gəlib qalmasını bildirdi. Ən çoxda onu narahat edən Şəbnəm Səbirlinin tanımadığı rayonda ayrı ayrı şəxslərlə iltifatda olması və hər dəfə müxtəlif şəxslərə ona yığdıraraq hədə qorxu gəlməsi ilə əlaqədardır. Belə ki, ********** mobil telefon istifadəçisi özünü Anar adlı Şəbnəmin vəkili kimi təqdim edən şəxs dəfələrlə onunla telefon əlaqəsi yaradaraq, hədə-qorxu gəlmiş, təhdid və təhqirlərlə Şəbnəmin arxasında olduğunu, onu məhkəmələrdə süründürəcəyini bildirmişdir. Hazırda isə həmin şəxslə telefon əlaqəsi yaratdıqda özünü məsələyə qatmamağını xahiş etdi. O bir ata kimi qızının uzaq bir rayonda qalmasından narazıdır. Ailəsi burda olan Şəbnəm onun az yaşlı övladını aparıb orda hansı şəraitdə saxlamasından çox narahatdır. Mediasiya Təşkilatında hər ayın 15 günü uşağının onda qalmasına razı olsa da cavabdeh zaman-zaman razılığı pozur, onu incidir və günlərlə uşağını ondan uzaq tutur. Maraqlı şəxs olan Şəbnəm Səbirli heç vaxt əlaqəsi olmadığı Biləsuvar rayonuna getməkdə məqsədi ondan uzaq düşmək və onun onun əxlaqa zidd hərəkətlərini ifşa edərək məhkəməyə bəyan etməyinə maneçilik yaratmaqdan ibarətdir. Çünki ayrı-ayrı şəxslərin onu yığaraq uşağı ilə bağlı ona təhdidlər etməsi arzuolunan hal deyil. Heç bir orderi, vəkalətnamə və etibarnaməsi olmayan şəxslərin onun vəkili kimi çıxış etməsi qanuna ziddir. Çox xahiş edir ki, dediklərinin təsdiqi tələb olunduğu halda onun qeyd etdiyi nömrələrin çıxarışının çıxarılmasını təmin edilsin. O, uşağını yanında saxladığı zaman onun bütün ehtiyaclarını qarşılayır. Qidalanmasına, səhhətinə və digər ehtiyaclarını bir ata kimi məsuliyyətlə yerinə yetirir. Şəxsi evi,avtomobili, qızı ilə ünsiyyətdə olmaq üçün bütün şəraiti qənaətbəxşdir. Məhkəmə tərəfindən ona sual oluna bilər ki, o uşağna necə baxır. Bildirir ki, onun evində anası var və qadına aid bütün ehtiyaclarını anası qarşılayır və onlar qızı ilə çox gözəl zaman keçirirlər. Mediasiya sessiyasına İMS 50 manat, TMS 70 AZN məbləğ təktərəfli qaydada tərəflərindən ödənilmişdir. Mediasiya haqqında qanunun 31.2-ci bəndinə əsasən Tərəflər qarşılıqlı razılıq əsasında mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığa gələ bilərlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və xx.xx.2024-cü il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün sazişin ərizədə qeyd edilən və icra edilməyən hissəsinin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs çıxış edərək ərizəçi ilə aralarında barışığın olmadığını. Hazırda başqa rayonda yaşadığını və ancaq 200-250 manat aliment alarsa Zaqatalada yaşaya biləcəyini və uşaqla ərizəçinin görüşünü mütəmadi təmin edə biləcəyini bildirmişdir. Uşaqla ünsiyyətə dair barışıq sazişinin orda qeyd edilən şərtlərlə təmin edilməsini başqa halda qəbul edə bilməz. İşin halları Ərizəçi ilə Maraqlı şəxs arasında 25 iyul 2024-cü il tarixli MŞŞ/MT018/2024-01296 saylı Barışıq sazişindən görünür ki, mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilməmişdirlər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəlmişdirlər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşağın himayəyə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2023-cü il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, anası Maraqlı şəxs Mamıq qızının yanında qalmaqla, onun himayəsinə verilməsinə razılığa gəlmişdirlər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2023-cü il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, Maraqlı şəxs Ərizəçi aliment tələb etməyəcəyinə razılığa gəlmişdirlər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqla atanın ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2023-cü iİ təvəllüdlü X8 ilə atası Ərizəçi hər ayın 1-dən 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəlmişdirlər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-152/2025 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 01 iyun 2022-ci il tarixdə Qax RİHB-nın Zəyəm kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi bağlanmış, 04 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 18-ci maddəsinə əsasən valideynlərin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarı 1-ci bəndinə əsasən, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Malinin Rusiyaya qarşı” iş üzrə 12 dekabr 2017-ci il tarixli qərarı. Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideynlərə uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququ verilmir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişi təsdiq edilməməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2023-cü iİ təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə Ərizəçi aralarında olan nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-152/2025 nömrəli qətnaməsi ilə pozulmuşdur. Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2024-cü il tarixdə nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın himayədə saxlanması, aliment, uşaqla ünsiyyətə dair mediasiya prosesi keçirilmiş nəticədə “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqla atanın ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2023-cü iİ təvəllüdlü X8 ilə atası Ərizəçi hər ayın 1-dən 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəlmişdirlər.” məzmunda 4-cü bəndində yer aldığı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 4-cü hissəsinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmadığından Ərizəçi barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizədə göstərilən tələblə bağlı dəyərləndirmə apararaq bu qənaətə gəlir ki, mülki iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş barışıq sazişinin 4-cü bəndi yetkinlik yaşına çatmayan xx.xx.2023-cü iİ təvəllüdlü X3 yaşı və üstün mənafeyi nəzərə alınmadan bağlandığından və belə olan halda saziş qanuna zidd olduğundan barışıq sazişinin həmin hissəsinin təsdiqindən imtina edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqla atanın ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2023-cü iİ təvəllüdlü X8 ilə atası Ərizəçi hər ayın 1-dən 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəlmişdirlər.” hissəsinin təsdiq edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqla atanın ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2023-cü iİ təvəllüdlü X8 ilə atası Ərizəçi hər ayın 1-dəm 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəlmişdirlər.” hissəsinin təsdiq edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar