Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-77/2023 29.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi , İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 24 avqust 2022-ci il tarixdə tərtib edilmiş A seriyalı 814412 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 1.9699 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən onun istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, 5000 (beş min) manat maddi ziyanın, iddianın irəli sürülməsi üçün ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən regional “ASAN xidmət” mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş 03 avqust 2022-ci il tarixli, 4Ə-963 nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Məsimov X3 rayonu Bəhmətli kəndində yerləşən 1.9699 ha kənd təsərrüfatlı torpaq sahəsini satın almış, torpaq sahəsi ona naturada tanıdılmış, hüquqları dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsində ümumilikdə 200 ədəd fındıq topası mövcuddur. Torpaq sahəsini satın aldıqdan sonra iddiaçı yaşadığı Bakı şəhərinə getmiş, daha sonra yenidən 11 avqust 2022-ci il tarixdə Zaqatala şəhərinə qayıtmışdır. Mübahisəli torpaq sahəsinə daxil olan zaman Cavabdeh mübahisəli torpaq sahəsinin ona aid olması əsası ilə iddiaçını həmin əraziyə buraxmamış, tərəflər arasında mübahisə yaranmışdır. Mübahisənin qarşısının alınması məqsədilə iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edilmiş, Zaqatala RPŞ tərəfindən mübahisənin mülki xarakterli olması, məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyyə edilmişdir. Həmin müddətdə cavabdeh iddiaçıya məxsus fındıq bağında yerləşən fındıq topalarını yığmış, nəticədə iddiaçıya 5000 manat maddi ziyan dəymişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə təkrar müraciət edilmiş, iddiaçıya məxsus torpaq sahəsindən çıxması və ona dəymiş maddi ziyanın ödənilməsi təklif olunmuş, buna baxmayaraq cavabdeh bundan imtina etmiş, nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququna dair DƏDRX çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda istifadəsində olan Zaqatala rayon Bəhmətli kəndində yerləşən 1,9699 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş ********** qeydiyyat nömrəli 24 avqust 2022-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Zaqatala rayon məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(033)-938/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və həmin qərardaddan şikayət verilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ban oğlunun nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 06 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Zaqatala rayon Bəhmətli Bələdiyyəsinin 10 oktyabr 2022-ci il tarixli 78 saylı arayışından görünür ki, həqiqətən X2 məxsus olan 1,97 ha torpaq sahəsi 2005-ci il tarixdə Cavabdeh satılmışdır. Mülki işin materiallarında olan Zaqatala rayon Bəhmətli Bələdiyyəsinin 15 avqust 2022-ci il tarixli 66 saylı arayışından görünür ki, həqiqətən Cavabdeh 2006-cı ildən X1 1,97 ha torpaq vergi borclarını ödəyir. Mülki işin materiallarında olan 10 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,97 ha torpaq sahəsi 2005-ci ildə Cavabdeh satılmış və sonuncunun mülkiyyətindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, 2021-ci ildə ölkə üzrə fındığın (qabıqlı) orta məhsuldarlığı 13,7 sent/ha, orta pərakəndə satış qiyməti 5,86 manat, 2022-ci ilin yanvar-avqust aylarında isə 5,83 manat təşkil etmişdir. Fındığın məhsuldarlığına dair statistik məlumatlar illik dövriliklə əldə olunduğundan 2022-ci il üzrə məlumatlar 2023-cü ilin yanvar ayında hazır olacaqdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X6 Mərkəzinin Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən torpaq sahəsinə keçirilməsinə dair 20 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndində 1,9699 ha kənd təsərrüfatı torpaq sahəsində yerləşən 186 topa fındıq ağacı vardır. Bundan 184 topa tam məhsula düşmüş 23 illik bağdır. Qalan 2 topa isə sonradan salınan yeni məhsula düşən topalardır. 2022-ci ildə 184 topa fındıq ağaclarının hər birindən 8,5-10 kq məhsul götürülə bilərdi. Beləliklə, 184 topa fındıq ağaclarından 1564-1840 kq məhsul götürüldüyü ehtimal olunur. Mülki işin materiallarında olan Azerstar MMC-in 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 2021-ci il tarixinə 1 kq qabıqlı fındığın bazar dəyəri 3,50-3,70 manat, 2022-ci il tarixinə isə 3,00- 3,20 manat olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Ona məxsus 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçının tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş qarşılıqlı iddia ərizəsinin məzmunundan da görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadə etdiyini etiraf edir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5000 manat maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsində yerləşən fındıq ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən, cavabdeh tərəfindən zəbt edilməklə bəhər götürülməsi iddiaçının mülkiyyətinə qəsd etməklə cavabdehin qanunsuz gəlir əldə etməsi kimi qiymətləndirilir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-in 29 avqust 2023-cü il tarixli arayışından görünür ki, 2021-ci il tarixinə 1 kq qabıqlı fındığın bazar dəyəri 3,50-3,70 manat, 2022-ci il tarixinə isə 3,00 - 3,20 manat olmuş və 20 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə görə Zaqatala rayonunun Bəhmətli kəndində 1,9699 ha kənd təsərrüfatı torpaq sahəsində yerləşən 186 topa fındıq ağaclarından 1564-1840 kq məhsul götürüldüyü ehtimal olunur. Məhkəmə hesab edir ki, Cavabdeh 186 topa fındıq kolundan bir il ərzində yığılmış fındıq məhsulunun ümumi çəkisi 1564 kq olmaqla hər kiloqramı 3 manatdan hesablanaraq ümumi dəyəri 4692 manat alınıb İddiaçı verilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 avqust 2022-ci il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalı, iddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmalı və cavabdehdən 4692 manat alınaraq iddiaçıya ödənilməli, iddia ərizəsi qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 170 manat dövlət rüsumunun 3,08 manatı iddiaçıya aid edilməli, 166,92 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 avqust 2022-ci il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılsın və iddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulsun. Cavabdeh 4692 (dörd min altı yüz doxsan iki) manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun 3,08 (üç manat səkkiz qəpik) manatı iddiaçıya aid edilsin, 166,92 (bir yüz altmış altı manat doxsan iki qəpik) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-77/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-77/2023
29.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver