Məhkəmə qərarları › İş №e-2(035)-777/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-777/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-777/2025 23.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxaraq, müəyyənetdim: İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2100 manat borc və dövlət rüsumuna görə ödənilmiş 41 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını iddia ərizəsi ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən bir neçə qüsura yol verilmiş, iddia ərizəsinin forma və məzmun tələblərinə əməl olunmamışdır. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair məlumat müvafiq iddia ərizəsində öz əksini tapmamış, həmçinin, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə cavabdehə pretenziyanın ünvanlanmasına dair hər hansı təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, iddianın qanuni əsasını alqı-satqı münasibətləri təşkil etdiyi halda, gah deliktlərə, gah da borc müqaviləsinə istinad edilməklə iddia ərizəsində iddiaçıya məxsus olan dükandan bir ədəd paltaryuyan və bir ədəd soyuducunun hissəhissə ödəmək şərtilə cavabdehə satıldığı göstərilsə də, həmin məişət əşyalarının alqısatqısını təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə olunmamış, iddia ərizəsində hansı predmetin satışından nə qədər borcun qalması göstərilməyərək ümumi borc məbləği qeyd olunmaqla iddia tələbi mücərrəd formada ifadə olunmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar