Məhkəmə qərarları › İş №e-2(036)-1444/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1444/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1444/2024 15.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vaz 21074” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 481 (dörd yüz səksən bir) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 oğlunun mülkiyyətində olan və Rzayev Əlihüseyn İlqar oğlu tərəfindən idarə olunan “YAMAHA SZ-RR V-2 Motosikl” markalı 99B248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz 21074” markalı ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Rzayev Əlihüseyn İlqar oğlunun idarə etdiyi “YAMAHA SZ-RR V-2 Motosikl” markalı 99B248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Vaz 21074” markalı ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 481 manat (dörd yüz səksən bir manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 32354 nömrəli ödəniş tapşırığına əsasən 481 manat dröd) yüz səksən bir manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmişlər ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rzayev Əlihüseyn İlqar oğlu və Cavabdeh2 oğluna qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, AP ******* saylı protokola və MN № ******* saylı qərara əsasən Rzayev Əlihüseyn İlqar oğlu İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinmiş, AP ******* saylı protokola və MN № ******* saylı qərara əsasən Cavabdeh2 İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Bu səbəbdən 481 manat dröd) yüz səksən bir manat) pul hər iki şəxsdən, yəni Rzayev Əlihüseyn İlqar oğlundan və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan: - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 oğlunun mülkiyyətində olan və Rzayev Əlihüseyn İlqar oğlu tərəfindən idarə olunan “YAMAHA SZ-RR V-2 Motosikl” markalı 99B248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz 21074” markalı ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. - 076239 nömrəli xx.xx.2019-cu il tarixli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, Rzayev Əlihüseyn İlqar oğlunun idarə etdiyi “YAMAHA SZ-RR V-2 Motosikl” markalı 99B248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da sığortalanmışdır. - Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabata əsasən, “Vaz 21074” markalı ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 481 manat (dörd yüz səksən bir manat) məbləğində zərər dəymişdir. - 32354 nömrəli ödəniş tapşırığından və ona əlavədən görünür ki, əsasən İddiaçı Sığorta 481 manat dröd) yüz səksən bir manat) sığorta ödənişi X1 xeyrinə həyata keçirmişdir. - Qaradağ Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş AP ******* saylı inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rzayev Əlihüseyn İlqar oğlu İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. - Qaradağ Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş AP ******* saylı inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən Cavabdeh2 oğlunun mülkiyyətində olan “YAMAHA SZ-RR V-2 Motosikl” markalı, 99B248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 hərəkət zamanı manevr etmə qaydasını pozmasını, onun mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı İddiaçı Sığorta şirkəti ASC tərəfindən faydalanan şəxs X2 481 manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 481 (dörd yüz səksən bir) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 511 (beş yüz on bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta şirkəti ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Vaz 21074” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 481 (dörd yüz səksən bir) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 511 (beş yüz on bir) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Sığorta şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar