Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2455/2024 06.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: sığorta ödənişinin tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 1815 manat sığorta ödənişin və ödənilmiş 38.15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 1815 manat sığorta ödənişin və ödənilmiş 38.15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2019-cu ildə cavabdeh tərəfindən idarə olunan “NAZ LF7162C” markalı ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı ** RE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 081109 nömrəli nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı cavabdehin idarə etdiyi “NAZ LF7162C” markalı ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıda avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “VAZ 21074” markalı ** RE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1815 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərçəkən X2 “VAZ 21074” markalı ** RE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə iş materiallarına əlavə edilmiş 1357 nömrəli ödəniş tapşırığına əsasən 1815 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli rayon Polis Şöbəsinin AP0124090 saylı protokolu, TP ******* saylı qərarı və İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(036)-644/2019 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə təqsirli bilinmişdir. 1815 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
6. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İşin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 22:30 radələrində idarə etdiyi, iddiaçıda icbari sığorta növü üzrə sığortalanmış «NAZ LF7162C» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli-Biləsuvar yolunda hərəkətdə olan X1 idarə etdiyi «VAZ 21074» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «VAZ 21074» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(036)- 644/2019 saylı qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin spirtli içki qəbul etməklə avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən avtomobilə dəymiş zərərə görə 1815 manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir.
8. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.
9. Belə ki, «NAZ LF7162C» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus «VAZ 21074» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
10. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tələb edə bilər.
11. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1815 manat sığorta ödəniş və ödənilmiş 38.15 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev