Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-555/2025 28.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: sığorta ödənişinin tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Mercedes Benz E220” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1850 manat məbləğində sığorta sığorta ödənişinin, 38.50 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik məbləğində bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı “Mercedes Benz E220” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1850 manat məbləğində sığorta sığorta ödənişinin, 38.50 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik məbləğində bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E220” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E220” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz E220” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1850 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh təqsirli olması İmişli rayon Məhkəməsinin 3(036)-464/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
6. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İşin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində idarə etdiyi, iddiaçıda icbari sığorta növü üzrə sığortalanmış «VAZ 2106» markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, A.Şadlinski küçəsində hərəkətdə olan «MERCEDES BENZ E220» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «MERCEDES BENZ E220» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(036)-464/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat miqdarında cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən avtomobilə dəymiş zərərə görə 1850 manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir.
8. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.
9. Belə ki, «VAZ 2106» markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus «MERCEDES BENZ E220» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
10. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tələb edə bilər.
11. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. “Mercedes Benz E220” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1850 manat məbləğində sığorta sığorta ödənişi, 38.50 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev