Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-90/2024 13.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: dəymiş zərərin ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “X7 PRADO” markalı, 99MR588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın - 31035 manat məbləğində pul, 9400 manat əldən çıxmış fayda və 212 manat dövlət rüsumu olmaqla, cəmi 40647 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı cavabdehin nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair 409 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü “X7 PRADO” markalı, 99MR588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın - 31035 manat məbləğində pul, 9400 manat əldən çıxmış fayda və 212 manat dövlət rüsumu olmaqla, cəmi 40647 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında İddiaçınə verilmiş, vətəndaş X4 məxsus 2013-cü il buraxılışlı, “X7 PRADO” markalı, 99MR588 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli, 409 saylı icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən İddiaçındən icarəyə götürülmüşdür. İcarə müqaviləsinin şərtlərinə görə, nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 90 (doxsan) manat təşkil etmişdir. İcarə müqaviləsinin əlavəsi olan 409 saylı xx.xx.2023-cü il tarixli “İcarəyə verilən avtomobilin texniki vəziyyəti və təhvil-təslim haqqında” akta əsasən avtomobil “İcarəyə götürən”ə təhvil veriləndə saz vəziyyətdə olmuş, heç bir texniki qüsuru olmamışdır. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə təxminən 18 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun İmişli rayonu ərazisində hərəkətdə olarkən sürət həddinə əməl etmədiyindən avtomobili yolun kənarına aşırmaqla qəza törətmişdir. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobil ciddi şəkildə əzildiyindən xeyli məbləğdə maddi ziyan çəkmişdir. İmişli RPŞ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında “X7 PRADO” markalı, 99MR588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Sözügedən qərarda həmçinin cavabdehin əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 328.1-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün müvafiq səlahiyyətli izibati orqana müraciət olunmasının zəruriliyi qeyd edilmişdir. “X8” şirkətinin xx.xx.2023-cü il tarixli qüsur aktında 2013-cü il buraxılışlı, “X7 PRADO” markalı, 99MR588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan zədələnmiş hissələrin təmiri və dəyişməsi, həmçinin işçilik pulu daxil olmaqla cəmi yekun olaraq 31035 (otuz bir min otuz beş) manat məbləğində qiymətləndirilmişdir. Cavabdehdən avtomobilə dəymiş ziyan məbləğinin İddiaçınə ödəməsinə dair müqavilə öhdəliyi olması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və onun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdehin qanunazidd əməlləri nəticəsində şirkət xeyli məbləğdə ziyana düşmüşdür. Belə ki, qəza nəticəsində zədələnmiş avtomobil istismar olunsaydı şirkət aradan keçmiş 2 aylıq müddətdə və avtomobilin tam təmir olunması üçün zəruri olan müddətdə 9400 manat gəlir (əldən çıxmış fayda) əldə edərdi. “İcarəyə götürən” özünün imzaladığı müqavilə öhdəliklərini pozaraq, icarəyə götürdüyü avtomobilə vurduğu ziyan məbləğinin şirkətə ödənilməsindən imtina etməsi səbəbindən qanunla qorunan hüquqlarının müdafiəsi məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Ona görə də hesab edir ki, pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməli, cavabdehdən 31035 manat məbləğində pulun və 9400 manat əldən çıxmış faydanın məhkəmə qaydasında tutularaq, şirkətin hesabına ödənilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.
3. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-2657/2023 saylı qərardadı ilə İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin icarə əsasında idarə etdiyi iddiaçıya məxsus olan “X7 PRADO” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Cavabdeh iddiaçıya vurduğu ziyanı ödəməmişdir.
11. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
12. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
13. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, avtomobilinə dəymiş ziyanın məhz cavabdehin təqsiri üzündən (yol nəqliyyat hadisəsi nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir.
14. Məhkəmə zərərin məbləği ilə bağlı aşağıdakıları qeyd edir:
15. İşdə olan “X8” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, iddiaçıya məxsus “X7 PRADO” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 31035 manat təşkil etmişdir.
16. Məhkəmə tərəfindən işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1789 saylı ekspert rəyi ilə, iş materiallarında olan "X8" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “X7 Prado" markalı, **-MR- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 30235,0 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 24385,0 manat, təmir-bərpa işlərinin qiyməti - 5850,0 manat, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 23832,0 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 17982,0 manat, təmir- bərpa işlərinin qiyməti - 5850,0 manat müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
20. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/1789 saylı ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.
21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia dəymiş zərər hissəsində əsaslı olduğundan ekspert rəyi ilə müəyyən edilmiş avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 23832,0 manat məbləğində dəymiş zərər iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməldir.
22. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
23. İddiaçı həmin əsasa görə cavabdehdən 9400 manat pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda hissəsində əsaslı olmadığından təmin oluna bilməz.
24. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
25. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 212 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli 87,05 manat məbləğ çıxılmaqla, qalan 124,95 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “X7 PRADO” markalı, 99MR588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan - 23832 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
27. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 29,47 manat məbləği cavabdehdən, qalan 20,53 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. “X7 PRADO” markalı, 99MR588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan - 23832 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 212 manat dövlət rüsumunun 124,95 manat məbləği Cavabdeh tutularaq iddiaçı X4 ödənilsin, qalan 87,05 manat məbləği iddiaçı X4 aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 29,47 manat məbləği Cavabdeh, qalan 20,53 manat məbləği iddiaçı X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev