Məhkəmə qərarları › İş №e-2(037)-563/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-563/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-563/2025 30.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə 30 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 930 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,onlar Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzində” kişi geyimlərinin topdan satışı ilə məşğul olurlar. Cavabdeh onların mağazasından topdan satış üçün alış etdiyindən onu tanımışlar. Həmişə onlara məxsus mağazadan yarı nağd yarı nisyə alış veriş etdiyindən inanıb nisyə mal vermişlər. Cavabdeh Suraxanı rayonunda yerləşən mağazada alış-veriş etmişdir. Mağazanı tanıdıqlarından eyni zamanda alış-veriş etdiyindən etibar etmişlər. Belə ki, cavabdehin onlara məxsus mağazadan aldığı nisyə mallardan ümumilikdə 930 manat borcu qalmışdır. Həmin borcu imkanı olmadığından 2025-ci ilə qədər verəcəyini vəd versədə bu vaxta qədər vermədiyindən məhkəməyə müraciət etməli olmuşlar. Məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişlər. Ona görə də cavabdehdən 930 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq onlara verilməsini tələb edirlər və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasına gəlməmiş, məhkəmənin mail adresinə elektron qaydada ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, whatsapp yazılarından görünür ki, 930 manat məbləğində pulun verilməsi ilə bağlı tərəflər arasında müxtəlif məzmunlu yazışmalar olmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmək üçün ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh iddiaçılardan sonradan qaytarmaq şərti ilə ümumilikdə 930 manat məbləğində nisyə mal almışdır. Cavabdehin iddiaçılardan nisyə aldığı mala görə ümumilikdə 930 manat məbləğində borcu qalmasına dair aralarında olan whatsapp yazıları mövcudur. Cavabdeh iddiaçılardan nisyə aldığı mala görə ödənilməmiş qalmış ümumilikdə 930 manat məbləğində borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqları vardır. Dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh sonradan qaytarmaq şərti ilə nisyə mal vermişlər və sonuncunun aldığı nisyə mala görə iddiaçılara ödənilməmiş ümumilikdə 930 manat məbləğində borcu qalmışdır. Cavabdehin iddiaçılara sonradan qaytarmaq şərti ilə nisyə aldığı mala görə ödənilməmiş ümumilikdə 930 manat məbləğində borcu qalması və iddiaçılara olan borcunu qaytaracağını etiraf etməsi tərəflər arasında olan whatsapp yazıları ilə öz təsdiqini tapmışdır.Cavabdeh iddiaçılardan nisyə aldığı mala görə ödənilməmiş qalan ümumilikdə 930 manat məbləğində borcunu sonunculara qaytarmamışdır. Məhkəmə hesab edir ki,cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçılar ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin sonradan qaytarmaq şərti ilə iddiaçılardan nisyə aldığı mala görə ödənilməmiş qalan ümumilikdə 930 manat məbləğində borcu olması tərəflər arasında olan whatsapp yazıları ilə təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 930 manat məbləğində pul alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 930 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 960 manat məbləği tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar