Məhkəmə qərarları › İş №e-2(037)-860/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-860/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-860/2025 28.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,o, 2023-cü ilin sonlarında cavabdehlə eyni müəssisədə çalışdığı zaman onun müəyyən iş görmək üçün maddi imkanlarını birləşdirmək təklifini qəbul edib quracağı fəaliyyət növü ilə pul qazanaraq ona və digər bu işə qoşulanlara həm ilkin mayalarını, əlavə olaraq müəyyən qədər gəlir hissəsini də verəcəyi təklifini qəbul edib cavabdehə ailəsinin büdcəsindən 10000 manat pul vermişdir. Cavabdehin vəd etdiyi müddət keçsə də, ona hər hansı bir gəlir barədə etdiyi vədini yerinə yetirməmiş və uzun müddət israrlı tələbindən sonra ona vermiş olduğu 10000 manatın 5000 manatını ondan ala bilmiş, qalan 5000 manatı isə işlərini nizama salıb qaytaracağına söz versə də, aradan uzun müddət ötməsinə baxmayaraq, öz vədinə əməl etməmiş, nəticədə etibarından sui-istifadə edərək ona məxsus olan 5000 manat pul vəsaitini mənimsəmişdir. Dəfələrlə cavabdehə ona borclu olduğu pulu qaytarması barədə etdiyi söhbətlər nəticəsiz qalmış və hər dəfə “hazırda pulu yoxdur, get hara istəyirsən şikayət et” - deyə öz xoşu ilə ona verməli olan 5000 manat pulu verməkdən yayınır. Cavabdehin borclu olduğu pulun verilməsi barədə onunla aralarında olan telefon danışıqları və whatsapp yazıları sübut kimi qəbul edilməlidir. Hazırda cavabdehin ona 5000 manat borcu qalmışdır. Cavabdeh borclu olduğu 5000 manat pulu ona qaytarmadığından məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir. Ona görə də cavabdehdən 5000 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır. Əvvəllər iddiaçı ilə bir şirkətdə işləmişlər. Birlikdə işlədikləri vaxt öz işini quraraq gəlir əldə etmək üçün iddiaçıdan 10000 manat pul almışdır. Qurduğu iş alınmadığından gəlir əldə edə bilməmişdir. O, iddiaçıdan aldığı 10000 manat pulun 5000 manatını qaytarmış, qalan 5000 manatını isə maddi imkanı olmadığından qaytara bilməmişdir. Sonradan iddiaçıya müraciət edərək qalan 5000 manat pulu hissə-hissə ödəyə bilməsini təklif etmiş, ancaq iddiaçı onun təklifi ilə razılaşmayaraq 5000 manat pulu ondan bütöv tələb etmişdir. Maddi imkanı olmadığından iddiaçıya qaytarmalı olduğu 5000 manat pulu bütöv qaytara bilməmişdir. O, iddiaçıya olan 5000 manat borcunu hissə-hissə ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatı və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən qəbul edildiyindən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Whatsapp yazılarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 10000 manat pul verilməsi, həmin pulun 5000 manatının cavabdeh tərəfindən iddiaçıya qaytarılması,qalan 5000 manat pulun isə qaytarılmaması ilə bağlı tərəflər arasında müxtəlif məzmunlu yazışmalar olmuşdur. xx.xx.2025-ci il tarixli, **********95 nömrəli “asan ödəniş” sistemi vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmək üçün **********95 nömrəli mədaxil qəbzi ilə 142211 büdcə təsnifat koduna 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan sonradan qaytarmaq şərti ilə 10000 manat məbləğində pul almış, aldığı pulun 5000 manatını qaytarmış, qalan 5000 manatını isə sonuncuya qaytarmamışdır. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçıdan 10000 manat pul aldığını, aldığı pulun 5000 manatını qaytardığını, qalan 5000 manatını isə hissə-hissə qaytaracağını iddiaçıya təklif etdiyini, sonuncunun onun təklifi ilə razılaşmadığını, qalan 5000 manat pulu ondan bütöv tələb etdiyindən həmin pulu iddiaçıya qaytarmadığını bildirmişdir. Cavabdehin iddiaçıdan 10000 manat pul alması, aldığı pulun 5000 manatını qaytarması, qalan 5000 manatını isə qaytarmaması cavabdehin özünün izahatı və tərəflər arasında olan whatsapp yazıları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqları vardır. Dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı sonradan qaytarmaq şərti ilə cavabdehə 10000 manat pul vermiş, həmin pulun 5000 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılsa da, qalan 5000 manatı sonuncuya qaytarılmamışdır. Cavabdehin iddiaçıya 5000 manat məbləğində borcu qalması əvvəlki məhkəmə iclasında özü tərəfindən verilmiş izahatı və aralarında olan whatsapp yazıları ilə təsdiq edilmişdir. Cavabdeh iddiaçıya ödənilməmiş qalan 5000 manat məbləğində borcunu sonuncuya qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin iddiaçıdan sonradan qaytarmaq şərti ilə 10000 manat məbləğində pul alması, aldığı pulun 5000 manatını qaytarması,qalan 5000 manatını isə qaytarmaması cavabdehin özü tərəfindən əvvəlki məhkəmə iclasında verdiyi izahatı və aralarında olan whatsapp yazıları ilə təsdiq edildiyindən cavabdehdən 5000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar