Məhkəmə qərarları › İş №e-2(038)-351/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-351/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-351/2024 23.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, K1 katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 3965 manat sığorta ödənişinin və 59,65 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışa (forma 4) əsasən, xx.xx.2018-ci ildə Cavabdeh tərəfindən verilən, X6 tərəfindən idarə olunan «Hyundai Azera» markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. 093562 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (İSB) göründüyü kimi hadisə zamanı X2 idarə etdiyi «Hyundai Azera» markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞda avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara əsasən hadisə zamanı «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3965 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC görə dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 41740318 nömrəli ödəniş tapşırığına əsasən «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3.965 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan X4 idarə etməyə verdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, İXP ******* saylı protokoldan və TP ******* saylı qərardan görünür ki, Səmidov X5 Xətalar Məcəlləsinin 335.1-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. xx.xx.2018-ci cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisəni törədən X6 İXM-nin 327.2 və 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və 3(006)-1984/2018-ci il tarixli qərardadla barəsində məcburi gətirilməsi tədbiri müəyyən edilsə də yekun qərarın alınması mümkün olunmamışdır. Bu səbəbdən hesab edirik ki, 3.965 manat (üç min doqquz yüz altmış beş manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində bildirmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair “Subroqasiya qaydasında pul tələbi” üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan «Tofaş» markalı, ** OP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zəzərə görə ödənilmiş 3965 manat sıgorta ödənişinin və 59.65 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Acıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini tam şəkildə qəbul etmir və hesab edir ki, iddiaçı bu iş üzrə iddia müddətini buraxdığından iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin olunmaması barəsində qətnamə qəbul olunmalıdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. İddiaçı Sığorta Şirkəti Acıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi mövcud iddia tələbindən görünür ki, bu iş üzrə hadisənin qeydə alınma tarixi 2018-ci il tarixdə məlum olduğu halda iddiaçı bu tələb üzrə iddia müddətini buraxaraq 2024-cü il tarixdə məhkəməyə müraxiət etmişdir. Odur ki, bu iddia tələbi üzrə iddia müddətinin tətbiq olunması zəruriyyəti yaranmışdır. Odur ki, İddiaçı Sığorta Şirkəti Acıq Səhmdar Cəmiyyətinin ona qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair “Subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi üzrə iddia müddəti kecdiyindən iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin təmin olunmaması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh tərəfidən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz verərək bildirmişdir ki, mövcud ərizədə hadisənin 2018-ci il tarixində olması səbəbi ilə iddia müddətinin keçdiyi bu səbəblə iddianın təmin olunmaması bildirilib. Bununla əlaqədar bildiririk ki, AR Mülki Məcəlləsinin 373-cü məcəlləsində ümumi iddia müddətinin 10 il olduğu, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğu, daşınmaz əmlak üzrə iddia müddətinin 6 il olduğu göstərilib. "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi hər hansı bir müqavilənin pozulmasından və ya daşınmaz əmlak üzrə mülki hüquq pozuntudan irəli gəlmir. İddia tələbi deliktdən əmələ gəldiyi üçün 10 il ümumi iddia müddəti tətbiq edilir. Qeyd edək ki, Ali Məhkəmənin 2013-cü il tarixi 1 saylı bülletenində “Subroqasiya hüququna aid iddia müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə uyğun hesablanmalıdır” adlı yazısında, həmçinin Ali Məhkəmənin 2019-cu il tarixli 1 saylı bülletenində “Subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir” başlıqlı yazılarında da Subroqasiya hüququnda iddia müddətləri məsələsinə toxunulmuş və belə iddia tələblərinə münasibətdə 10 illik iddia müddətinin tətbiq edilməsi qeyd olunmuşdur. Bu səbəbdən Cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı iddia tələbinin təmin edilməməsi ərizəsinə etiraz edirək iddia müddətini ötürmədiyini bildirmişdir. İddia müddəti Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələblərinə uyğun olaraq tətbiq edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, hadisənin 6 il əvvəl baş verdyini, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir TƏQDİM EDİLMİŞ SÜBUTLAR: PAT********** saylı sığorta müqaviləsinin 056750 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 0,00 manat azadolma məbləği çıxmaqla 3.965(üç min doqquz yüzz altmış beş) manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfidən 3965 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. Nəsimi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 335.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nəsimi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilnmiş, 60 manat məbləğində cərimə edilmişdir. «“Autotrade» MMC-nin ilkin defekt aktından görünür ki, «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3.965 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli Qərardan görünür ki, X3 əməlində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində İXM-nin 327.2 və 332.4-cü maddələrinin və Cavabdeh əməlində isə İXM-nin 335.1-ci maddəsinin tərkibi olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı "xxxx" ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 59,65 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, xx.xx.2018-ci ildə Cavabdeh tərəfindən verilən, X6 tərəfindən idarə olunan və "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olan «Hyundai Azera» markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu nəqliyyat vasitəsinə 3.965(üç min doqquz yüzz altmış beş) manat maddi zərər dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 056750 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti tərəfindən 3965 manat sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan X4 idarə etməyə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında MM) 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair iddiaya qarşı etirazına münasibətdə aşağıdakıları qeyd edir: MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır Qeyd olunan Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1) o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; 2) iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; 3) iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə onu da qeyd edir ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməsi, yəni iddia tələblərinə münasibətdə 10 illik iddia müddətinin tətbiq edilməsi qeyd olunmuşdur. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da MM-nin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Hazırki işin faktiki hallarından müəyən edilir ki, hadisənin baş verməsindən 10 il müddət, yəni ümmi iddia müddəti keçməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müdəti tətbiq edilməklə iddianın rədd olunmasına dair cavabdehin vəsatəti əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 3.965 manat sığorta ödənişi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 59,65 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Tofaş» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 3.965(üç min doqquz yüzz altmış beş) manat sığorta ödənişi və ödənilmiş 59,65(əlli doqquz tam yüzdə altmış beş) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinetdə yerləşdirməklə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar