Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1893/2024 14.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş ziyana görə ödənilməmiş 1166.74 manatın və 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət" haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixində cavabdeh adminstrator vəzifəsinə keçirilmiş və xx.xx.2024-cü il tarixli əmrlə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində, bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 2195.98 manat müəyyən olmuşdur. Yoxlamadan keçən dövrdə qalıq borc 1166.74 (bir min bir yüz altmış altı manat yetmiş dörd qəpik) manat təşkil edir. Tələb edilməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə satıcı-kassir vəzifəsində işə qəbul olunmuşdur; İşçi Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanmış “tam maddi məsuliyyət haqqında” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, maddi məsul şəxs (işçi) işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir; İşdə olan xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiyanın nəticələrinə dair yekun aktdan görünür ki, “Oba-Nerimanov 9” filialında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün 2195.98 manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur; İşdə olan 20 may 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil təslim işlərinin nəticəsi olaraq 2195.98 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəşt tətbiq edilərək ziyan 1166.74 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək satıcı-kassir və administrator vəzifələrində işləmiş və xx.xx.2021-ci il tarixdən maddi məsul şəxs olmuşdur. Maddi məsul şəxs olduğu dövrdə işlədiyi “Oba- Nərimanov 9” filialında xx.xx.2023-cü il tarixdə inventarizasiya yoxlaması aparılmış və 2195.98 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Həmin məbləğdən güzəşt edilərək vurulmuş ziyan 1166.74 manat müəyyən edilmişdir.Cavabdeh keçirilmiş inventarizasıyanın nəticələri ilə razılaşaraq yekun aktı imzalamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 1166.74 (bir min bir yüz altmış altı manat yetmiş dörd qəpik) manat və 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 31.67 (otuz bir manat altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-1893/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1893/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver