Məhkəmə qərarları › İş №e-2(039)-739/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-739/2023

28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-739/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “ASC “Xalq” Bankının Cavabdeh qarşı daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və qeyri yaşayış binasının boşaldılması haqqında mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ASC “Xalq” Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında iddiaçı ASC “Xalq” Bankına məxsus Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən 0.0070 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,62 kv.m olan, 1 mərtəbəli, 52 nömrəli qeyri-yaşayış sahəsinin 1 (bir) ay müddətində boşaldılması və cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Bankına təhvil verilməsi, habelə iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 18 (on səkkiz) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı (bundan sonra “Bank” və ya “iddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********76815 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 180 000 (bir yüz səksən min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı və Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən 0.0070 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 61,62 kv.m olan, 1 mərtəbəli, 52 nömrəli qeyri-yaşayış sahəsinin (bundan sonra “Qeyri yaşayış sahəsi” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********76815/ip2 №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Xocalı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 31 mart 2017ci il tarixli 2(070)-104/2017 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin olunaraq Qeyriyaşayış sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına Kredit müqaviləsi üzrə borcun ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-2731/2017 №-li qətnaməsi ilə qismən təmin edilərək, Xocalı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qismən ləğv edilmişdir. Qeyri-yaşayış sahəsinin açıq hərracda satılması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin Qeyri-yaşayış sahəsi satılmadığından onun alınması iddiaçıya təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Qeyri-yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı, Yevlax rayon icra və probasiya şöbəsi və iddiaçı Bank tərəfindən imzalanmış Hərracın yekunları barədə Y-330 №-li protokol və iddiaçı ilə Hərrac təşkilatçısı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Qeyri-yaşayış binasına iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarış verilmişdir. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Cavabdeh hak hazırda ünvan 1 ünvanında yaşamadığına görə məhkəmə bildirişini ona çatdırmaq mümkün olmamışdır. Nümayəndəlikdə olan məlumata əsasən vətəndaş ölkə xaricindədir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********19-06301 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən 0.0070 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,62 kv.m olan, 1 mərtəbəli, 52 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında ASC “Xalq” Bankının adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh məxsus olan Yevlax şəhəri K.Sabitov küçəsində yerləşən 0.0070 ha torpaq sahəsi üzərindəki 192.8 kv.m olan 1 mərtəbəli, qeyri yaşayış binası 52 nömrəli evin 24225 manata ASC “Xalq” Bankı tərəfindən alınmışdır. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, ASC “Xalq” Bankı hesabına 100 manat pul ödəmişdir. xx.xx.2022-ci il tarixli hesabından görünür ki, notariat hərəkətləri ilə əlaqədar xidmət haqqı hesabına18 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvafiq olaraq "mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər". Həmin məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “ASC “Xalq” Bankının mülkiyyətində olan Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən 0.0070 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,62 kv.m olan, 1 mərtəbəli, 52 nömrəli qeyri-yaşayış sahəsi 1 ay müddətinə boşaltmalı və həmin əmlak cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 18 manat məbləğində çəkilmiş xərclər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “ASC “Xalq” Bankının mülkiyyətində olan Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən 0.0070 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,62 kv.m olan, 1 mərtəbəli, 52 nömrəli qeyri-yaşayış sahəsi 1 ay müddətinə boşaldılsın və Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 18 manat məbləğində çəkilmiş xərclər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh “ASC “Xalq” Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar