Məhkəmə qərarları › İş №e-2(040)-1097/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1097/2024

09.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1097/2024 09.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, avtoqəza nəticəsində mülkiyyətində olan və idarə etdiyi, buraxılış ili 2014-cü il, “Mazda” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8390 manat zərərin və hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 104 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 26 avqust 2024-cü il tarixində saat 15:00-da mülkiyyətində olan "MAZDA" markalı ** OJ *** qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, Hacıbəyli Çerkassi küçəsi kəsişməsində Cavabdeh idarə etdiyi "TOYOTO PRİUS" minik markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq onun idarə etdiyi "MAZDA" markalı ** OJ *** qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmin şəxs barəsində Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhər Yol Polis şöbəsinin Polis mayoru X2 tərəfindən “Yol hərəkət qaydaları, Yol hərəkəti Təhlükəsizliyinin təmin edilməsi və X1 Qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilmişdir. Avtoqəza nəticəsində avtomaşınına 13390 manat dəyərində ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən həmin zərərin 5000 manatı ödənilmişdir. Dəfələrlə cavabdehǝ dəymiş zərərin qalan hissəsinin yəni 8390 manat pulun ödənilməsini tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək həmin zərərin ödənilməsindən imtina etmişdir. Ona görə də dəymiş ziyanın cavabdehdən alınıb ona verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı 04 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, 09 dekabr 2024-cü il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyindən məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, avtoqəza ilə bağlı iddiaçının avtomobilə dəymiş 4500 (dörd min beş yüz) manat dəyərində olan ziyanı sığorta şirkəti ödəmişdir. Belə ki, sığorta şirkəti tərəfindən iddiaçıya 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. İddiaçı isə ondan əlavə olaraq 8390 manat pul tələb edir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Sumqayıt şəhər DYPŞ-nin 27 avqust 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh “Toyota Prius minik” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilməsi barədə inzibati tənbeh qərarı verilmişdir. İş materiallarında olan: "xxxx" MMC tərəfindən təsdiq edilmiş 02 sentyabr 2024-cü il tarixli “Qüsur aktı”nın surətindən görünür ki, İddiaçı məxsus ** OJ *** dövlət nömrə nişanlı “Mazda CX-5” markalı minik avtomobilində cəmi 13390 manat dəyərində işlər görülməli və təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 13390 (on üç min üç yüz doxsan) manat dəyərində ziyan dəydiyini bildirsə də, məhkəməyə ziyanın həmin məbləğdə dəyməsinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin iddiasının dəlillərini təsdiq edən sübut iş materiallarında aşkar olunmamışdır; cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar