Məhkəmə qərarları › İş №e-2(040)-110/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-110/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-110/2025 08.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, “Daewoo BS 090” markalı, ** XJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 750 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 10 fevral 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “VAZ 21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Daewoo BS 090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Daewoo BS 090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. ”Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Daewoo BS 090” markalı, ** XJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunur ki, 10 fevral 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya tələbi yaranıb. İş materiallarından göründüyü kimi Sabunçu Rayon Məhkəməsinin 3(008)-1222/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən X3 AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş AD№180107 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən də göründüyü kimi “VAZ 21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 olmuş və heç bir qanunu əsası olmadan Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 066212 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" ASC-də 27 fevral 2018-ci il tarixdən 27 fevral 2019-cu il tarixədək sığortalanmış “VAZ 21011” markalı 04BC729 dövlət qeydiyyat nişanlı avtomobilin “Daewoo BS 090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X1 750 (yeddi yüz əlli) manat sığorta ödənişinin köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan: 06 iyun 2019-cu il tarixli 5542 saylı Ödəniş tapşırığın surətindən görünür ki, “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 750 (yeddi yüz əlli) manat ödənilmişdir. İş materiallarında olan: Sabunçu Rayon Məhkəməsinin 3(008)-1222/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən X3 AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan: AD№180107 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “VAZ 21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. İş materiallarında olan: Sabunçu rayon DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, xx xxxxxxx 1963-cü ildə Bərdə rayonunun Qarağaçı kəndində doğulmuş Cavabdeh2 10 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində (bu Məcəllənin 335.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 180 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan: “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, “Daewoo BS 090” markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilinə ehtiyat hissəsinə 485 manat, görülən işlər 265 manat olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 10 fevral 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “VAZ 21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Daewoo BS 090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. AD№180107 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi “VAZ 21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 olmuş və heç bir qanunu əsası olmadan nəqliyyat vasitəsini Cavabdeh1 idarə etmişdir. Zərərçəkənə dəymiş 750 manat məbləğində ziyan iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-cimaddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanuvericilik normalarına əsasən hesab edirəm ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, 10 fevral 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “VAZ 21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Daewoo BS 090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı (sığorta edən) “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 750 manat məbləğində zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. İddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 750 (yeddi yüz əlli) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, həmçinin iddia təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının pul əvəzi cavabdehlərdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrinin müddəalarını rəhbər tutaraq, qətetdim: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 750 (yeddi yüz əlli) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının pul əvəzi birgə qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar